Səhər ƏHMƏD
Nyutonun başına alma düşməsəydi, fizika əsas qanunlarından birini tanımayacaqdı. Təbii ki, burda əsas amil alma deyil, Nyutondu, amma həm də almadı. Nyuton, alma və cazibə qanunu arasındakı əlaqələrdə çaşıb qalanda nəticə hər şeyi xilas edir. İndi nə Nyuton mövcuddu, nə həmin alma, amma Cazibə qanunu mövcuddu.
Bu dünyada təkcə alimlərin deyil, şairlərin də başının öz alması, yəni daşı var. Başıdaşlı, ürəyi sevdalı şairlərin ürək simini həyat dilləndirər yalnız. Füzuliyə "Şikayətnamə"ni yazdıran doqquz axça kimi, Kafkanın xəstəliyi kimi, Bukovskinin bərbad taleyi kimi. Burda da cavab eyni alınır, indi nə Kafka yaşayır, nə onun xəstəliyi, amma "Çevrilmə" sağdı. Və yaxud nə Füzuli var, nə onun ehtiyacı, amma "Şikayətnamə" var.
İndi haqqında söz açacağım Qismət Məsim də öz başına düşən almalardan sənətin cazibə qanununu yaradan şairlərdəndi.
- Salam... taksi şirkəti.
Məni durduğum yerdən anamın arzusuna neçəyə çatdırarsız?
- Necə? Başa düşmədim...
- Deyirəm, taksi göndər ömrümün ortasında, qocalığın yanında dərdimlə gözləyirəm...
bir az yüküm olacaq, - xatirələr, məktublar...
...taksini tez göndərin, məni qoy tez aparsın
Bu yerdən uzaqlara,
orda gözləyənim var...
- Hara, siz dəqiq deyin... hardadı o uzaqlar?
- Hara Arzumdan o yanadı... anamın cavanlığı,
atamın xoşbəxt günü,
burdan qara saçlara...
- Siz hara zəng vurmusuz?
- Deyirlər ki, çox ucuz
hər yerə çatdırırsız...
çatdırın məni, vallah, heç ucuz da demirəm,
qalan bütün günləri sizin üçün verirəm...
Çatdırın məni, nolar ilk görüşdüyüm bağa,
öpüşdüyüm dodağa...
Atamın tənbehinə...
Siqaret gizlətdiyim boz paltomun cibinə
çatdırın məni noolar, ömrün tən ortasından
nənəmin çörəyinə,
məni başa düşməyən dostların ürəyinə...
Qismət Məsimin şeirlərində soyadındakı bircə hərf fərqiylə bir məsumluq imzası var. O, həyatın şairlik halındadı, sadəcə. Texniki Universiteti bitirsə də, ədəbi terminləri sevməsə də, Yazıçılar Birliyinin üzvü olmasa belə, o, əsl şairdi, istənilən bəndindən yağan şairlik halına görə. Televiziyada keçirilən "Xalqın şairi" yarışmasında tanınmasaydı da, yenə də xalqın şairi olduğu bilinəcəkdi.
Səni unutmuşam, başım pozulub,
Aptekdən başıma kül soruşuram.
Hansımız ölmüşük, başa düşmürəm,
Kimin qəbri üçün gül soruşuram?!
Başını əllərin arasına alıb qulaqların uğuldayana qədər sıxırsan və lap dərindən düşünüb anlayırsan ki, haqsızlığa uğramaq haqqın taleyidi, iftira təmiz adamlar qədər heç kimə yaraşmır, əzab həssas ürəkləri çoxdan vətən seçib özünə. Hamının əvəzinə duymağın, hamının əvəzinə sevməyin, ağrımağın "hədiyyəsidi" şair yaşantıları. Ona görə də lənət oxumaq yox, səcdə qılmaq lazımdı bədəli ağır olan ömürlərə.
Düzgün oturun bu skamyada, xanım,
Nişanlından yaraşıqlı,
Atandan yaşlı
Adam yatır hər axşam burda.
Skamyada gecələyən yaraşıqlı və saç-saqqal basmış bir səfilin vəkili olmalıdı əsl şair. O səfilin ki, bütün qalstuklu nəzəriyyəçilər, bütün ədəbaz tənqidçilər, hoqqabaz cızma-qaraçılar ordan, "sənətin uzandığı" o skamyanın yanından biganə ötüb keçərlər. O üzdən sənətə "kabab üstdən sərin su pis olmaz" arzusuyla yanaşanlar heç vaxt sənətkar olmayacaqlar. Nə qədər nəzəriyyə əzbərləsələr də, nə qədər texnika öyrənsələr də, nə qədər döşlərinə döysələr də. Onların başına heç vaxt alma düşməyəcək, onlar heç vaxt "aptekdən başlarına kül soruşmayacaqlar", taksi şirkətindən uzaqlara aparan taksi istəməyəcəklər, ona görə də heç zaman yaradıcı olmayacaqlar, bütün iddialarına rəğmən.
Şair isə o skamyadakı səfilin yanında sənətin keşiyində dayanırmış kimi dayanıb gözləri önündən keçən izdihama baxacaq və məsum-məsum soruşacaq:
Tanrı, bu şərəfsiz, alçaq adamlar
Doğrudan çiynində mələk gəzdirir?!
Və sonra yoluna davam edib özünə öz sözüylə çarə tapacaq:
Gedim harda unudum, harda boğum bu eşqi,
keçməsin mələklərin
şeytanların əlinə,
düşməsin qarıların, gəlinlərin dilinə...
Bu sualın cavabı olaraq elə Qismətin öz şeirlərini təqdim edirik.
Qismət MƏSİM
***
Bir dəfə dəli olmuşdum,
Hamı məni sevirdi.
Hamı bir-bir pəncərədən
Evimi seyr edirdi.
Elə bil dünya idim
Hər kəs baxıb keçirdi.
İt də mənimlə
bir qabdan su içirdi.
Salam verməyən qadın,
Mənə yemək verirdi.
Məni bağışlayırdı
Ürək-dirək verirdi.
Allah da məni o vaxt
Ovcunda saxlamışdı.
Çiynimdə günah yazan
İşsiz, yuxulamışdı.
Adamlar niyə belə,
Allah niyə belədi,
Ən çox sevdiyim kəslər,
Məni sevsinlər deyə
Məni dəli elədi?!
***
Açıb çəmən üstə bu lal süfrəmi,
sənə bal süzərdim
susqunluğumla.
Saçına şeh kimi düşərdim ...heyif...
Pis vaxtda getdin.
Kəpənəyə dönüb dəli baxışım,
toxunardı şirin təbəssümünə,
nazını qoyardı gözünün üstə.
Öpüb o utancaq səssizliyini
qonardı açılmış dizinin üstə.
Ən şirin gecənə dönərdim ... heyif,
Pis vaxtda getdin.
Payızı seçmişdim səni sevməyə
Elə sevərdim ki, bahar olardın.
Xəzəl xışıltısı... unutqan cığır...
Axır ki, hər bir şey gözəl olardı...
Sonra, yanağının qəmzə yerində
Yıxılıb sakitcə ölərdim, heyif...
Pis vaxtda getdin...
***
Səni harda sevim mən,
bu dünyanın hər yeri
sevmək üçün balaca.
Ağacları balaca,
çicəkləri balaca...
yalanları dağ boyda
gerçəkləri balaca...
dodaqlarında bir az
Tanrısız yerlər qalıb.
səni harda öpüm mən,
o yerlər də çevrilib haqqa dua eləsin.
daha əlim çatan yer,
arzuma dar gələcək...
sənin o qış saçına sanma bahar gələcək.
gedim harda unudum, harda boğum bu eşqi?
keçməsin mələklərin
şeytanların əlinə...
düşməsin qarıların gəlinlərin dilinə...
gedim harda ölüm mən
çıxmasın ahım mənim.
harda ölüm, ilahi?!
gəlməsin qəbrim üstə bircə günahım mənim!
***
Sən nə qədər unudulmusan yerişindən bilirəm,
Nə qədər sevilmisən gülüşündən bilirəm.
Kişilər unutmağın yüz növünü bilirlər,
Qadınlar iki-üçün.
Sevgi qoxuyursan,
Səndən çox gediblər, bilirəm.
Saçların açıq, ayaqların bağlı,
Tərk ediblər, bilirəm.
Kişilər getməyin yüz növünü bilirlər,
Qadınlar iki-üçün.
Vəfasızlar gözəl olur,
Gözləri mavi, dodaqları ölüm,
Baxışları rahatlıq alır,
Xatirələri zülüm.
Kişilər yüz dəfə vəfalı olurlar, canım
Qadınlar iki-üç dəfə...
***
Ən sonda da hamı, hamı.
Bir ağacın kölgəsində
Yorğunluq kimi,
Atıb gedir adamı...
Belə niyə olur ki,
Əlini gülə uzadırsan, payız çıxır.
Çocuqluğun günaha böyüyür,
Çiçəklər günaha açır...
Bəzən,
tərəzidə 20 qəpiyə adamları çəkən,
dünyanın ən çəkici qarısı qız çıxır.
Bəzən də,
Əlini cibinə uzadırsan, qızının göz yaşı çıxır.
Acı olur oğluna ala bilmədiyin şirni.
Qarşına ömrün ən şirin aldanışı çıxır...
Hərə bir tərəfdən içir gedir,
xoşbəxtliyini, sevincini,
Çay yatağı kimi qalırsan bomboş...
Səssiz, ağrılı...
Gövdədən qopmuş budaq yarpaqlarıtək
can verən yaşıllığa bükülüb qalırsan.
Bəzən belə alınır, qardaşım,
Payız gəlməmiş avqustda tökülüb qalırsan...
Ən sonda da hamı, hamı...
Bir ağacın kölgəsində,
Yorğunluq kimi,
Atıb gedir adamı...
***
Günahdan qaçmaqdan taqətim itib,
Yenə sənə döndüm niyə, bilmirəm.
Səninçün darıxmaq tükənib, bitib,
Oyan, qapını aç, döyə bilmirəm...
Sənin ayrılıqdan uzun saçını
Yenidən yoluma biçib gəlirəm.
Bütün əyin-başım sevgi tozudu,
Yüz dənə ürəkdən keçib gəlirəm.
Fələyin gözündə nə divar, nə sən
O bilir ürəkdə hansı gedişdi.
Bu tavansız otaq, bu da ikimiz,
Qapını bağlamaq mənasız işdi.
Bəlkə unutmusan, yadından çıxıb,
Hər dəfə saçını hördüyün tərəf.
O qədər əlvida sözü çırpılıb
Qırılıb qəlbində sevdiyin tərəf.
Kimə hədiyyədi, kimə yuxudu,
Arzuya açılmır bazar dünyada.
Gedirsən, ya məni, ya dünyanı al,
Tanrı da mələksiz azar dünyada.
Həsrətdən şeytanın qulağınacan
Nə qədər daş görsəm, yığmışam, oyan!
Bu qədər dərdimlə, məhəbbətimlə
Sənin ürəyinə sığmışam, oyan.
Bəlkə şimşək kimi çaxdım ömrünə? -
Bulud da bu boyda eşqi saxlamaz.
Sən yağış damcısı yarpaq könlümə,
Damcılar yarpaqda yaşayır bir az!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!