"Qələm başdaşım olsun..." - İsmayıl Mərcanlı İMANZADƏ

 

Desin

 

Kim alın yazısını

Oxuya bilib, - desin.

Bir vaxt öz arzusuyla

Dünyaya gəlib, - desin.

 

Həyat nə vaxt dözüb ki,

Hər yetənin nazına?

Kim ərk edibsə gedib

Bir səhvin güdazına...

 

Yollar eniş-yoxuşlu,

Daş-kəsəkli, köndələn.

Bəzən mənzil başına

Hamıdan tez çatıbdır

Yolla şaytıyıb gələn.

 

Yazan belə yazıbdır,

Öz səmti var qismətin.

Dilini kim bilib ki,

Uğursuz məhəbbətin?..

 

İşıq gələn tərəfə

Tutanda üzümüzü,

Kimsə deməyib orda

Divlər gözləyir bizi.

 

Yürüyürük hər şeyin

Dalınca yorta-yorta.              

Yoruluruq hardasa

Bir ömrün dağdan ağır

Yükünü darta-darta...

 

Sonda anlayırıq ki,

İnsan öz taleyiylə

Hər an baş-başa imiş.

Dünya qosqoca səhnə,

Ömür sonu ölümlə

Bitən tamaşa imiş...

 

 

Ana vətən sənindir

 

Ulu Tanrıdan cəmi şəhidlərimizə

qəni-qəni rəhmət diləyirəm!

 

Şəhidim, əhsən sənə,

Vətənə bəxş etdiyin

Zəfərin nə gözəlmiş!

Yurd amalınla birgə

Şəhid ucalığından

Tanrının dərgahına

Səfərin nə gözəlmiş!

 

Könlümüzü oxşadı

Yenilməz hünərindən

Soraq verən hər anın.

Gəzdi dildə-ağızda

Torpağın sinəsinə

Al qanınla yazdığın

Qəhrəmanlıq dastanın...

 

Bu müqəddəs savaşda

Düşmən bağrı çatladan

Cəsarətinə alqış!

Nəsillərə nümunə -

Ülvi Vətən eşqinə,

Saf niyyətinə alqış!

 

Şəhidim, ölümünlə

Dönüb ölümsüz oldun,

Qazandığın bu halal

Şöhrət, ad-san sənindir!

 

Haqqın var zaman-zaman

Əbədi yaşamağa,

İndi hamıdan qabaq

Uğrunda can verdiyin

Qarabağ, Ana Vətən -

Azərbaycan sənindir!

 

 

Gəldim

 

Dünyanın hər üzünə

Olmadım halı, gəldim.

Nə atlı, nə dəvəli,

Nə barxanalı gəldim.

 

Şaxtalı qışı gördüm,

Qarı-yağışı gördüm.

Eniş-yoxuşu gördüm,

Dolandım yalı, gəldim.

 

Təzə arzu-həvəsdim,

Yaşamağa tələsdim.

Zülmət qarşımı kəsdi,

Azmadım yolu, gəldim.

 

Üstümə yağanda daş,

Bildim nədir cəng-savaş.

Dünyaya əlləri boş,

Ürəyi dolu gəldim.

 

 

Üşüsən, yerini de

 

Kim sənə səmt düşə bilər,

Kəsmişəm bəndi-bərəni.

Bu gecə yaman soyuqdur,

Açıq qoyma pəncərəni.

 

Quruca nəfəsim qalıb,

Nəyim var ki, verim sənə?

Üşüsən bildir yerini,

Qəlbimi göndərim sənə.

 

 

Bilmirəm nə deyim...

 

Qəribə taleyim var imiş demə,

Etdiyim yaxşılıq tez yaddan çıxır.

Deyən yox, mən boyda "ağıldan kəmə",

Niyə hər kəlməndən axı, qan çıxır?

 

Elə əzəl gündən halal sözdəyəm,

Dilini tapmışam lalın, korun da.

Paxırım yoxdu haa... örtüb gizləyəm,

Tarpına dözmüşəm bir nankorun da.

 

Neyləyim, yamanlıq gəlmir əlimdən,

Niyə çevrilim ki qarğış yerinə?

Hər vaxt qismətimə sığınmışam mən,

Min şükür Allahın verdiklərinə...

 

Boyumdan uzundur dilim-dilçəyim,

Yaxşıya  sirdaşam, yamana yadam.

Üzümün nurudur saçım-birçəyim,

Qəlbimi "oxuya" bilməz hər adam.

 

Yurd həsrətim ki var... bir közərən şam,

Gözümlə görmüşəm çoxu, azı da.

Layiq olmasa da, bağışlamışam,

Yaxşılıq bilməyən anlamazı da...

 

Kiminsə könlünə niyə dəyim ki,

Boylanan deyiləm hər gələn səsə.

Allah rəhm eləsin, taa... nə deyim ki,

Haqqımı-sayımı tapdayan kəsə...

 

 

Qələm başdaşım olsun

 

Çiçək açsın hər yanım,

Baxım durulsun qanım.

Teştim, təhnəm, xırmanım -

Sünbülüm, dənim olsun.

 

Nə selə dönüb axım,

Nə şimşək kimi çaxım.

Dumanlı-çənli dağım -

Şehli çəmənim olsun.

 

Dərə keçim, yal aşım,

Düşmənlə hey savaşım.

Ölsəm, qələm başdaşım,

Kağız kəfənim olsun!

 

 

Heç nə demirsən, demə

 

Qəlbin şah qapısıdır,

Sənin nə ağrın-acın?

Könül sarayındakı

Eşqindir taxtın-tacın.

 

Ülvi məhəbbətinə

Uzalıdır əllərim.

Tikanlı gül kimisən,

De, səni necə dərim?..

 

Heç nə demirsən demə,

Sənlə niyə savaşım?

Baxışlarım elçidir,

Gözlərim elçi daşım...

 

 

İnandım

 

İnandım hər sözünə,

Yaman ləngitdin məni.

Nə sevən kimi sevdin,

Nə atıb getdin məni.

 

Qəlbindən keçənləri

Gözlərin niyə dandı?

Vüsal soraqlı yollar

Uzandıqca uzandı...

 

Nə yaman tez unutdun,

Bəlkə yalanmış andın?

Ülvi məhəbbətimi

De, oyuncaqmı sandın?

 

Çıxıb getdin... qəfildən                  

Üstümü zülmət aldı.

Bir eşqin külü sənə,                 

Tüstüsü mənə qaldı...

 

 

Qələmim

 

Ustad Aşıq Dirili Qurbaniyə

 

Nə uçuq daxmam var, nə zülmət kaham,

Bir ürək dolusu nisgiləm-aham.

Sənət gülşənində şah oğlu şaham -

Taxtımdı-tacımdı qələmim, Dədə.

 

Hər şirin avazda, səsdə-ündəyəm,

Bir yurdsuz dərvişəm, - yaman gündəyəm.

Təhnəyəm, ərsinəm, teştəm, kündəyəm -

Təndirim-sacımdı qələmim, Dədə.

 

Demirəm bəxtimin zülmət küncüdü,

Sinəm "söz tarlası" - o, əkinçidi.

Bağrıma basdığım ləldi-incidi -

Ağrımdı-acımdı qələmim, Dədə.

 

Hər misram nur saçan yamyaşıl talam,

Enişli-yoxuşlu cığıram-yolam.

Qoymayıb heç zaman ac-susuz qalam -

Çörək ağacımdı qələmim, Dədə.

 

Mingəçevir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!