Hadrut fatehi - Poema - Elnur Uğur ABDİYEV

Vətən müharibəsi Qəhrəmanı Camal İsmayılovun əziz xatirəsinə sayğılarla!

 

 

Proloq

 

Uğrunda canından keçən oğullar

Səni Kəbələri bildilər, Vətən!

Məzarlar sinəndə qibləm oldular,

Səni məzar-məzar böldülər, Vətən!

 

Ruhları göyündə cəng edənlərin,

Canları səndədir xəzinə kimi.

Şəhid məzarına baxanda bildim

Varlığın yoxluqla isindiyini.

 

Xəyalən illərim geriyə dönür,

Nələr düşüncəmdə gör sıralanır?

Başımın üstündə bulud hönkürür,

Ayağım altında torpaq fırlanır.

 

Fırlanır başıma dünya burada,

Bu məzar daşına dönmək ibadət.

Burdadır heykəli azadlığımın,

Burdadır Qazilik, Qəza, Şəhadət.

 

Burda bir can yatır, cahan sevgili,

Qanıyla azadlıq göyərdən oğul.

Sənlə təqvimimin qara günləri

Silindi, yazıldı göy, ərdəm oğul!

 

Əkildi danışıq masalarından,

Düşmən öz qoyduğu ağır şərt ilə.

30 il Qarabağ yandı, alışdı,

Yaşadı köksündə ağır dərd ilə.

 

Daşdı, nəhayət ki, səbr kasası,

Çıxdı qeyrətinin qılıncı qından.

Daha ayaqları keçdi ərlərin

Bir vaxt könlü keçən Qarabağından.

 

Düşmən çox geyindi hiylə donunu,

Cəbhədə fitnəyə, şərə əl atdı.

Ali Baş Komandan "Vur" əmrin verdi,

Oğullar cəbhədə cəbhə yaratdı.

 

Düşmən gec anladı, çox gec anladı,

Tək sevgi soyudar türkün hirsini.

Dünəndən daşıdıq üzü sabaha

Biz bizə yadigar Vətən irsini.

 

Durmuşuq üz-üzə danışırıq biz,

Mən canlı ölüyəm, sən ölü diri.

Bağrıma basıram burda sevgiylə

Bu torpaq məzarı, Vətən qəbiri!

 

Qanı qüslü olan ey pak Şəhidim,

Kəfənin - Bayrağım xalqın varıdır.

Qanınla yazıldı şanlı Zəfərim,

Ölümün ölümün intiharıdır.

 

Fikir səyahəti

 

Yol alıb özümdən çıxmışam yola,

Şəhid Camalımın ziyarətinə.

Qəlbimdə adını an-an zikr edib,

Şükür oxuyuram Şəhadətinə.

 

Şükür, Vətənimdə aslan ürəkli,

Polad iradəli oğullarım var.

Onların hər damla axan qanından,

Torpaq bütövlənər, Vətən yoğrular.

 

Çıxmışam bir yola, solda Ana Kür,

Sağ ucsuz-bucaqsız yonca çölləri.

İlıq nəfəsini içirəm yazın,

Gözümdə sellənir yonca gülləri...

 

Neftçalanın qumlu, şoran torpağı

Oğullar yetirdi Oğul deyənə.

Həmin oğullar ki, candan keçərək,

Susadılar Vətən şirinliyinə.

 

"Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram,

Qolumdakı zəncirləri qıram gərək, qıram, qıram!"

Deyən şair,

Əyilməyən, sarsılmayan

Ruhunla sən.

Bircə anlıq qonaq gəlsən,

Azadlığın bar verdiyin

Camal kimi oğulların,

Bu Vətəni dikəltdiyin bircə görsən,

Yüz-yüz şeiri qurban kəsər,

Misrana eşq donu geyər,

Alqış deyərdin ruhlara...

Bu gün yoxsan,

Anan Təbriz, balan Təbriz

Qoşa dağla dözmədi ki, dəmir qəlbin.

Yox, ölmədin.

Gördün yerdə artır riya,

Çəkildin, getdin Tanrıya.

 

Bəli, Xəlil Rza, daha kimləri,

Yetirmiş üstündə gəzdiyim torpaq?

Tarix səhnəsində çox rol oynanır,

Tarixdə tarixi yazan qalacaq.

 

Biz qalib gəldik!

 

1984-cü il,

Cırhacır yay...

Açıldı qaranlığın qapısı taybatay,

Bir işıq doğdu,

Adına Camal dedilər.

O da camalı oldu

Həqiqətin, cəsarətin.

Labirint döngələr dolu yolu

Düz addımladı.

Uşaqlığından doğmalarından,

Düzün əyrini kəsdiyini eşitmişdi

Və bu deyimi qulağında sırğa eləmişdi.

Qorxmadı addımladı üzü küləklərə.

Arxasını çevirmədi,

Dik baxdı uşaqlığından qorxusuna.

Orta məktəb illərini gah Neftçalada,

Gah da uzaq Rusiyada

aldı.

Krasnoyarski Krayın soyuğu da

Vətənə sevgisini soyutmadı.

O, işıq düşüncəsinə

Bircə an da Vətənsiz yer buraxmadı.

Sevdi Vətənini,

Vətəndən uzaqda.

Anasına:

- Vətən haqda

Danış, - dedi.

Filara Ana

Vətən gözəlliklərini,

İlmə-ilmə toxudu oğlunun yaddaşına.

Vidadi ata

Neftçala təbiətinin rəsmini çəkdi dodaqlarıyla,

Camalın gözlərinə.

Vətən sevgisiylə böyüdü qürbətdə,

Hər gün arzuları vətənə hicrətdə

Belə böyüdü, belə!

Uşaqlığından Vətən yanğısı

                        yer elədi özünə canında,

Vətən sevdasına təşnəliyi daddı.

Dodaqları təpidi Vətən deyəndə.

10 yaşında döndü qibləsinə -

Neftçalanın Həsənabad qəsəbəsinə.

Neftçalada 1 nömrəli məktəbdə oxudu,

- Örnək oldu tanıyanlarına, -

Filara ana

Bunu yana-yana deyirdi.

Camal məktəb bitirdi,

Diş texnikliyinə qəbul oldu,

Oxumadı!

Onu qəlbindəki hiss çəkirdi,

Apardı.

Bu sevdanın canı Vətən,

Qanı məhəbbət!

Yollandı hərbi xidmətə,

Sevgiylə atdı o hərbi addımlarını,

Ümiddən doldurdu silahını,

Arzularını tuşladı Şuşaya.

Xüsusi Təyinatlı Qüvvələrə yazıldı evdən gizli

Türkiyədə keçdi ilk hərbi təlimi.

Döndü Vətənə çiynində ulduzlar

Göydəki ulduzlara göz dağı.

Azad eləməyə Qarabağı

Tələsdi...

Qaçdı hərdən özündən xəbərsiz o torpaqlara,

Açdı könlünü ömür-gün yoldaşına:

"- Fatimə,

Bir gün Şəhid olsam,Vətən yolunda,

Saçını yolma.

Qızlarım sənə, sən Vətənə əmanətim!

Ey sevdası "Quran" ayələrim,

Oğlum dünyaya gələcək,

Adını Alparslan qoyarsız.

O məndən sonra davamın davamı!

Mən olmayanda yoxluğumda,

Uşaqlarımdan alarsan havamı.

Nə qəm çəkərsiz, nə ağlayarsız.

Nə qara bağlayarsız.

Qoparmazsız Vətən yaralarını yaxınlarımın.

Sizin xoşbəxtliyinizə dirsəklənəcək ruhum.

Təsəllim,

Şəhid olmağım olacaq.

Vətən azadsa, biz xoşbəxtik ancaq.

Əsnadım, Əsmətim

Bir də üzünü görmədiyim bətnindəki gələcəyim

Sənə xatirələrimin canlı yaşantılarıdır.

Hər gün yaş keçdikcə

Kiçildikcə boyu ömrün,

Böyüt onları Vətən üçün!".

Hər gün həyat yoldaşına

Keçirdi bu təlimi.

Dammışdı ürəyinə

Bilirdi çox erkən gedib - dönməyəcəyini.

Qızı hərdən sual verərdi:

- Ata, təqaüdə nə vaxt çıxacaqsan, - deyə.

O bu an düşərdi sevgi adlı mühasirəyə.

- Qızım, hərbiçilərin təqaüd kağızı

Şəhadətidir.

Pensiya kartı,

Şəhidlik kağızıdır,

Bir də, qızım, Ölümlərin ən gözəlidir Şəhadət!

O bir ölüm ki,

Tavanı sədaqət,

Damı səadət!

Düşünürəm, Mələklərmi vəhy gətirmişdi?

Küləklərmi ürəyinə pıçıldamışdı?

Hardan bilirdi bunu?

Nə deyirdisə onu

Zaman gerçəkliyə yozurdu.

Filara ana yana-yana deyirdi bunları,

Mənsə o yanğının dərinliyində,

Çıtır-çıtır alovlanırdım.

Çıtırtımı duymurdu Ana,

Bəlkə, nöqtə qoyardı

    başlamamışdan yarımçıq cümləsinə.

Yox, danış, Ana!

Bu gün söz haqqı sənindir.

Sən Şəhid Anasısan.

Mən sənin qarşında

            dərsini bilməyən şagird kimi

Tək ayaq üstə dayanaram istəsən günlərlə.

Təki sən ürəyini boşalt

Dərdinin çəkisini yüngül elə.

Ağlama, nə olar, ana!

Sənin ağlamağına,

Tab etmək,

Ən sərt qasırğada gəmilərin tabından ağır.

Ağlama,

Gözlərindən axı

Vətən axır!!!

İçimdən gələn səsə söykənirəm,

Ruhum yıxılmasın deyə.

Baxıram Vidadi atanın gözlərində üzən kədərə

İlahi, bu gözlər

Ruhdan ruha pəncərə.

- Oğlum qürurumdur,

Vətən sağ olsun! - deyə bilir ata.

Bəli,

Vətən sağ olmasa,

Biz nəyik, kölə?

70 il müstəmləkə,

30 il işğal,

Bu qədər ləkə,

Alnımızdan Şəhidlərə görə təmizləndi, ata!

"Qüruruna qurban olum!"

- deyirəm içimdə.

Bu dəmdə

Filara ana dağılmış xatirələrin

                        altından nəsə xilas edir.

Hə, Şair!

Hər ad günümdə birinci

                 Camalım təbrik edərdi məni.

Bu dəfə də gözlədim,

Nə zəngi, nə özü gəldi.

Əvəzində Bayrağa bükülü

                 tabutunu hədiyyə etdi mənə.

O mənim Cənnətim idi,

Onsuz Cəhənnəm atəşidir hər dəqiqə.

Bilirəm, ana!

Dərdini dağlara desəm, dağlar çökər,

Şükür edirsən,

Bax bu şükründə şeytan diz çökər,

Tanrının Şəhid sevdası önündə.

Ad günündə,

Oğlun gör nə boyda hədiyyə edib sənə?

Vətəni gətirib qapına o gün!!

Ad gününü təbrik etmək üçün.

Vidadi ata dillənir bu an:

Mən hardasa xoşbəxt atayam.

Oğlum, diriliş rəmzidir bu torpaqlarda.

Qələmə aldığım bu şəhid misralarda,

Camalını görürəm Camalın!

Gülüş dolu Çöhrə

Bir səs yayılır üfüqlərə:

"Biz qalib gəldik!".

 

***

Dörd dildə mükəmməl təlim almışdı,

Hər dil köməyinə hər vaxt gəlirdi.

Dörd dildə ünsiyyət rahat qururdu,

Dörd dili dilçitək gözəl bilirdi.

 

Düşmənin radio stansiyasına,

Girərək erməni dilində dedi:

"Sizə əmr edirəm, geri çəkilin!"

Özün generaltək təqdim elədi.

 

Düşmən batalyonu geri çəkildi,

Bir güllə atmadan alındı ora.

Düşmən dərk edəndə aldandığını

Baxdı, baxışları çəkildi dara.

 

Camal tarix yazdı tarixdə o gün,

Üzünü oxşadı Qarabağ mehi.

Laçından səs gəldi, əhsən səsləri,

Yaşa,ey Qəhrəman, Hadrut fatehi!

 

***

Mənim Qəhrəmanım, sən bir ulusun

Yenilməz olduğun sübut elədin.

Düşmənə yurdumda yurd torpağını

Elə özü boyda tabut elədin.

 

Ağır yara aldın çətin döyüşdə,

Dörd gün yata bildin hospitalda sən.

Yatmağı ar bildin özünə özün,

Dedin: "dar gündədir, dar gündə Vətən!"

 

Laçın dəhlizinə nəzarət üçün,

Yüksəklik düşməndən alınmalıydı.

Laçına, oradan hər bir nöqtəyə,

Bütün yollarımız açılmalıydı.

 

Bu çətin tapşırıq, bu ağır sınaq,

Camalı zirvəyə çəkib aparır.

On altı nəfərlik dəstəsi ilə

Camal hücum edir, tufan qoparır.

 

Altı yüz düşmənə qarşı on altı,

Saya bax, nə qədər fərq var arada.

İnsan haqq üstündə savaşa qalxsa

Doğrudur, köməyi olur Yaradan!

 

Biz Vətən sevdalı, biz yurd sevgili,

Camal da yurdumun belə qeyrəti.

Döyüşü qorxulu filmlər kimi,

Ölümü yenilməz ruhun heyrəti.

 

Ağır sınaqlardan üzüağ çıxan,

Burda yarammadı mühasirəni.

Sonuncu gülləyə qədər döyüşdü,

Son nəfəsə kimi qoydu nöqtəni.

 

Laçın dəhlizini açan zirvədə,

On altı igidlə Şəhid oldu o.

Ucaldı haqqın son mərtəbəsinə,

Tarix yaddaşında belə qaldı O!

 

Qəhrəman doğulan, qəhrəman ölən,

Uca ruh, yurdunun xilaskarısan.

Mənim tariximdə Zəfər sözünün

Səhər müjdəsisən, etibarısan.

 

Laçın dəhlizinə gedən zirvədə,

Canını tapşırdı Vətənə, getdi.

O gündən Vətəndaş sevdasını o,

Hər sevən ürəkdə bir zirvə etdi.

 

21 oktyabr, Həsənabadda,

İnsan seli vardı şəhid dəfnində.

Bayrağa bükülü tabut gedirdi,

Öz nakam eşqinin çiyinlərində.

 

Məzarı Pir oldu Pirətəvanda,

Sevilmək ən böyük haqqı onun da.

Üzü ayrılığa getsə də mütləq,

Sevgidə birləşir hər yol sonunda.

 

  

Pirətəvan məzarlığı

 

İndi elə bir yerdəyəm,

Ağzımda quruyub dilim.

Neftçalada bir Pirdəyəm,

Duaya açılıb əlim.

 

Bir zamanlar Camal vardı,

Eşqi yönü qibləsiydi.

Qəlbində döyünən Vətən

Sığındığı Kəbəsiydi.

 

Apardı özü qoynuna,

Cismin qucaqladı Vətən.

İndi xəyalım keçəmmir

Camal keçdiyi yerlərdən.

 

Ölümü yazdı tarixi,

Qanı Zəfər mürəkkəbi.

Özü Şəhadət yolçusu,

Yolu bir Vətən məktəbi...

 

Sevdikləri onu gözlər

yuxusuna haram qatıb.

Pirətəvan məzarında

Vətənlə qol-boyun yatıb.

 

Neftçalanın bu Pirində

Bənövşə ömürlər yatır.

Burda Vətən sevdasının

Səsi Tanrıyadək çatır.

 

 

Alparslan

 

12 Fevral günü gəldin həyata,

Camal yadigarı Alparslan bala.

Sən Şəhid atanın əmanətisən

Müqəddəs Anamız Azərbaycana!

 

Adında iki kök ruhuma işlər,

Alp - cəsur, qəhrəman, alicənablıq.

Arslan qanı axır damarlarında,

Bütün ruhumuzla ona borcluyuq.

 

Alparslan, ey Türkün şanlı övladı!

Türkün kimliyinə bu ad Gün saçıb.

Malazgirt savaşı Türk tarixində

Kiçik Asiyaya qapılar açıb.

 

O Arslan Çağrı bəy övladı olmuş,

O Çağrı ki, onun Oğuz ordusu,

Bircə gün ərzində erməniləri,

Dizə gətirmişdir, Arslan yavrusu!

 

Bax sənin atan da bir dəqiqədə,

Hadrut qapısını gücüylə açdı.

Adı çəkiləndə mənfur düşmənlər,

Döyüş meydanını boş qoyub qaçdı.

 

Atan - Fateh Camal Çağrı torunu,

Adı ürəklərdə sevgi məbədi.

Məzarı toplumun fəxarət yeri,

Sevgisi Günəştək ölməz, əbədi!

 

Gəlişin mübarək, doğuluşunla

Canlandır soyunun dirilişini.

Alparslan, Alp Arslan soyudur soyun,

Kökünə söykənib gör hər işini.

 

Bu gün ulu Turan yolunda qəza,

Hər türkün qanında çağlamalıdır.

Türkə yan baxanın gözlərin daim

Türkün Türk sevgisi dağlamalıdır.

 

Bu ulu ulusun ey tər pöhrəsi,

Boy at, boyun boyu səsin boy atsın.

Xəzər dənizindən Çin dağlarına

Mavi göy qübbəsin səsin oynatsın.

 

Unutma, elə bir Şəhid oğlusan

Adı Fatehlərlə yanaşı gəlir.

Sənin doğumunla gələcəyimə

İçimdən: "Yüksəl, Türk" səsi yüksəlir.

 

Cahan Fatehiylə ruhun əkizdir,

Elə bu ruhla da yaşa dolasan.

Elə iş görəsən Türk tarixində

Elə Alp Arslanla xatırlanasan.

 

Epiloq

 

Azadlıq heykəli pak ömürlərin

Qanları can verdi Azərbaycana!

Bu uca ölümlə igid ərlərin

Adları dillərdə döndü dastana.

 

O vaxtsız kəsilən hər pöhrə ömrün

Sabah göyərəcək tumurcuqları.

Ölümü öldürən ölümsüzlərin,

Əbədi həyatdır dünyada varı.

 

Vətən sevgisinə bürünər hər gün

Adına içərlər andını ərlər.

Hər Şəhid məzarı ziyarətgahdır,

Önündə nə varsa səcdəyə gələr.

 

Tanrının nəzəri dikilən yerdi,

Mələklər qucarlar Şəhid qəbrini.

Qəlbimdə sabaha bir niyyət tutub

Burada kəsirəm qurban şerimi.

 

Şəhid məzarları varlığımızın

Canlı sübutudur torpağımızda.

Onların qanından güc al, hürlüyüm,

Dalğalan Üçrəngli Bayrağımızda.

 

Hər Şəhid məzarı üstündə Bayraq

Çətirtək açılıb qoruyur onu.

Hər Şəhid məzarı düşmənə bir dağ,

Göstərir xalqının kim olduğunu.

 

Şəhid Camalların nurlu camalı,

Zülmətdən qurtardı dünənimizi.

Onların ruhunun kölgəsindəcə

İşıqlı gələcək gözləyir bizi.

 

Bu gün bütün dünya bax, səninlədi,

Ey azad Vətənim, adın müzəffər.

Şəhidlər qanıyla təsdiq elədi

Haqqındır, haqqındır, haqqındır Zəfər!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!