***
İlahi, özümü xatırladıram,
Əzəli ünvanım:
Adəmlə Həvvanı qovduğun məkan,
Kiçik bir kənddi,
Bir yanı təpələr, bir yanı bağlar.
Təpələr çılpaqdı,
Bağlarda isə iri yarpaqlı hündür ağaclar
Xışıldaşırlar külək əsəndə.
***
Orada bizim
Birmərtəbəli evimiz vardı.
Evin kələ-kötür divarlarında
Bala çıxarardı sərçələr hər il.
Tavanındasa cıvıldaşardı
Ətcəbalaları qaranquşların.
***
Quşlardan aşağı biz yaşayardıq,
Biz - altı bala.
Atam axşamlar işdən dönəndə
Qapımızı qoruyan itin suyunu
Dəyişməmiş evə girməzdi.
***
Atam çox işıqlı adamdı çünki...
Şam yeməyində çay əvəzinə
Günəşi içərdi,
Yay aylarında
Üzüm gilələrinə hopan günəşi.
***
Bizimlə yaşayan qaranquşlarla
Bəhsə girmişdi elə bil anam -
Yuxarıda quşlar, aşağıdasa
Anam bəsləyirdi balalarını...
Suvaqsız divardakı sərçəcikləri
Demirəm hələ.
***
Bizi təmənnasız sevirdi anam,
Atam da sevirdi,
Bunu oxuyurdum,
Onun qabar-qabar ovuclarından.
***
O zaman bəndəni Sən də sevirdin.
Onda bizə olan məhəbbətinlə
Bildirirdin, Tanrım, öz varlığını.
***
Mənə yönəltdiyin sevgi-məhəbbət
Elə ülvi idi, elə çox idi,
Ondan pay çıxırdım hələ gözləri
Tamam açılmamış it küçüyünə,
Pişik mavrısına, sinif yoldaşıma, -
Aşağı sinifdə gözəl bir qıza...
***
Özün bəxş etdiyin hədsiz eşq ilə
Mən Səni hamıdan artıq sevirdim,
Amma zərrə qədər qorxmurdum səndən.
Çünki divardakı və tavandakı
Ətcəbalalartək sığınmışdım mən
Sənin sevginə.
Əndişə hissinin nə olduğunu
Bilmirdim hələ...
***
Mən indi qorxuram, yaman qorxuram,
Elə bil, sevginin damı sökülüb,
Yerə tökülüb ətcəbalalar,
Qorxuram adamlar ayaqlayarlar.
Elə bil, axşamdan soyuyub, Allah,
Yer-göy arasındakı o ilıq hava...
***
Onda arzularla doluydu mənim,
Belimə asdığım məktəb çantası.
İndi o arzular hanı bilmirəm,
Arzu çantasını harda boşaltdım
Və harda doldurdum əndişələrlə!?
***
Məktəbə gedəndə qış aylarında
İki iz düşərdi qarın üstünə,
Biri mənim, biri Sənin izindi...
İndi izin biri yoxdu, İlahi!
Bəlkə daha məni tək buraxmısan,
Bəlkə bu iz sənin izindi, Tanrım?
Mən artıq yorğunam, gedə bilmirəm,
Məni qucağında aparırsan, bəlkə, İlahi!?.
Bilmirəm nə olub, nə dəyişibdi,
Getdiyim yollara qoşa iz düşmür,
İz təklənibdir.
***
Mən bu şübhələri, bu xofu atıb
Yenidən sevginə sığınmaq üçün
Allahım, özümü xatırladıram,
İmir Məmmədliyəm,
Bir yanı təpələr, bir yanı bağlar
Olan məkanda
Gözümü açanda, hər bir tərəfdən
İçimə gur axan o ilk işıqda
Səni görmüşəm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!