"O uşağın diz yarası Haqq dirənişi boydadı..." - Şeirlər - Şükür ƏLİ

 

Şükür Əli (Əliyev) 1998-ci il oktyabrın 10-da Bakıda anadan olub. Əslən Cəbrayılın Balyand kəndindəndir. 2016-cı ildə Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbini bitirib, elə həmin il Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olub. 2020-ci ildə isə magistratura pilləsi üzrə Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Turizmin iqtisadiyyatı ixtisasına qəbul olub. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

 

 

Paralel sevgi

 

Sənin öz dünyan var,

Öz zamanın.

Sən heç vaxt bu dünyada doğulmadın ki,

Heç vaxt zamanın bu tayında olmadın ki.

Görmədim heç vaxt səni,

Eşitmədim səsini,

Düşünə bilmədim düşündüklərini.

Varlığın hələ də isbat olunmayıb,

Adın yoxdu.

Hələ də fərziyyəsən,

Riyazi tənliksən, fizikasan, fəlsəfəsən

Hər nəsən

İsə

Sübut eləmək istəyirəm səni,

Sonra özümü.

 

 

***

Səhər-səhər adamlar

            küçəyə çıxmamışdan qabaq

Ağaclar dünəndən yağan yağışın

            yaratdığı gölməçələrə baxaraq

Sığal çəkir yarpaqlarına.

Həm də bu gün hava günəşlidi.

 

 

***

Nə yalandan başını qatım,

Boş-boş sevgi şeirləri ilə,

Bəzəkli sözlərlə?!

Sən də ki, bir dəfə oxuyub keçəsən.

Elə-belə yazmaq lazımdı,

Dağınıq filan.

Heç bilmirəm nə etmək lazımdı,

İlin-günün bu ayında.

Adam 22 yaşında nə etməlidi ki,

Allaha da, bəndəyə də xoş getsin?!

İlk dəfədi ki, 22 yaşım var,

Bəlkə də təcrübəsizəm,

Kimdən soruşuramsa, heç nə demir.

 

Yoxsa həqiqətən də bu yaş dövrü

Beləcə boş keçir?!

Əslində, elə də faciə deyil

İlin-günün bu ayında boş yaşamaq,

Mənim üçün hava xoşdu.

Amma ki, Allahdan ayıbdı, bəndədən ayıbdı.

 

 

***

Sular boğuldu, nəfəsi kəsildi havanın,

Keçən günlərin birində itirdim,

Ən yaxın dostumu, ən yaxın adamı.

Anasının ağ saçlarına büküldü cəsədi,

Uşaqlıqda qırdığımız budaqlardan

                        düzəltdik tabutunu.

Sağ olsun, yuvasını dağıtdığımız

                        qarışqalar gəldi köməyə.

Ən axırıncı şəkildə

                         necə də gülürdük ürəkdən,

İnsan nə ət parçasıymış, nə də torpaq,

İnsan kağız parçasıymış, əslində.

 

 

***

Tarix kitablarını vərəqlədim ötən gün,

Saç tellərini tapdım

Soyuq müharibənin dövrləri arasında.

 

 

***

Mənim ibtidai sevgilim!

Sənin daş ürəyində hələ də

                        ocaq kəşf olunmayıb,

Hələ də buz dövrüdü baxışlarında.

 

 

***

Bir gün dünya da

            qabığını qırıb harasa gedəcək,

Bəlkə də içindən bir kəpənək çıxacaq

Bütün adamları qanadına yığıb harasa gedəcək,

Bəlkə də xoşbəxtliyə...

 

 

***

Göy üzündə bulud topası üzür,

Göyərtəsi ümid dolu.

Ulduzlara çatmaq üçün

Şimşəkləri avar kimi

İrəli-geri çəkir.

 

***

Mağaraya düşən işıq kimi,

Sükutuma düşdü səsin.

Yığdım bütün demədiklərimi,

Hördüm zəncir kimi,

Qalxıram qulaqlarına.

 

 

Balıq və balıqçı

 

Ömrümün hansısa günü itib elə bil,

Düşüb... düşüb yaddaşımdan haradasa.

Bəlkə də başım səni sevməyə qarışmışdı onda,

Ya da Bayıl üçün darıxanda

Bəlkə də avtobusda, metroda

Hara isə tələsəndə,

Çayxanaların birində,

Çəkiblər düşüncəmdən..

Bəlkə də dostlarımın biri,

Oğurlayıb gizlincə.

 

İtib hansısa gün... bilirəm

Yoxluğunu hiss edirəm həmin günün,

Nə oldusa ondan sonra oldu

Yoxsa bu qədər qaranlıq deyildi göy üzü

Və bir o qədər buludlu.

Mən də tək deyildim bu qədər.

Çox da olmasam bir azca ümidli,

Azca dərdli idim.

Hələ düşüncəmdə qara dəliklər

doğulmamışdı,

Gözlərim boşluğa bənzəmirdi.

 

Ömrümün hansısa günü,

Bəlkə də dəniz sahilində

Qumların içinə,

Ulduzlara baxanda,

Düşüb yaddaşımdan.

 

Bilmirəm ki,

Çoxdan onu küləklər qapıb,

Dalğalar dənizin altına çırpıb,

Bir balıq udub onu,

Sonra yad bir sahildə

Bir balıqçı tapıb o balığı,

Bircə gün uzun yaşamaq üçün,

Arzu tutub.

Sonra yaşayıb və unudub.

Dondurma şeiri

 

Bir az sən var idin

Zamanın tərkibində,

Bir az da mən.

Bir az sevgi,

Bir az da ayrılıq.

Ona görə dadı damağımda qalıb,

Uşaqlıqda yediyim dondurma kimidi,

- İndi ələ düşmür əvvəlki zamanın dadı.

 

 

***

Böyüdük boyumuz keçdi,

Atamızın boyunu.

Qırışdı əllərimiz,

Anamızın əli kimi.

 

Tapşırdıq uşaqlığımızı,

Qonşuluqdakı xalaya.

Çıxıb getdik

həkimə getmək adıyla.

Uzaqlara...

 

Böyüdük, böyüdük,

Ulduzlardan

Qara dəliklərə döndük.

 

 

***

İtirəm, yoxa çıxıram,

Yığan yoxdu sapa məni.

İtirəm, yoxa çıxıram,

Kim özündə tapar məni?

 

Dərd də, sevinc də eynidi,

Hər nə varsa tərəzidi.

Mənim alın yazılarım,

Tanrının barmaq izidi.

 

Ən qorxaq adam da mənəm,

Qaçıram, səndən qaçıram.

Ovcumu yerə buraxıb,

Mən öz əlimdən qaçıram.

 

Susuram daş-divar kimi,

Sarmaşıqların dil açır.

Əslində, yoxam, var kimi,

Bu sualları kim açır?

 

 

***

O uşağın arzusu,

Elə süd dişi boydadı,

Sevinci gündəlikdəki

Aldığı beşi boydadı.

 

Hələ bu vaxtın harası,

Qabaqdadır dərd sırası,

O uşağın diz yarası

Haqq dirənişi boydadı.

 

Yaşamaq öyrənir hələ

Sevincdir gözlərindəki,

Hə... hə bir də ki, bir də ki,

Sənin verdiyin o ümid

Onun günəşi boydadı.

 

Qırma uşağın ümidin,

Ağrısı hər şeydən iti,

Elə batar ürəyinə

Allahın işi boydadı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!