***
Qaysaq bağlamayıb ki sinəmdəki yaralar,
Nə biləydim, payızda sevgilər də saralar?
Barıt qoxusu gəlir sözümdən bu aralar,
Məni sevgi şairi edən gəlin, bu, mənəm,
Deyəsən, tanımadın, gedən gəlin, bu, mənəm.
Faciədən çıxmışam, hər tərəf qan qoxusu,
Ərşə çıxıb şairin ilan vuran yuxusu.
İçimdə müharibə, ölüm-itim qorxusu,
Mənim dəli halıma gülən gəlin, bu, mənəm,
Bir zamanlar dərdimdən ölən gəlin, bu, mənəm.
Ölmüşəm, dirilmişəm, dirilmişəm, ölmüşəm,
Son gülüşüm səndədir, sonda sənlə gülmüşəm.
Görüşünə qərənfil dəstəsiylə gəlmişəm,
Ünvanı səhv salmışam, mənəm, gəlin, bu, mənəm,
Dərdəm başdan-ayağa, qəməm, gəlin, bu, mənəm.
Ağlamaq istəyəndə çəkilirəm xəlvətə,
Bürünmüşəm həsrətə, ayrılığa, dəhşətə.
Diri-diri kim gedər mənim kimi rəhmətə? -
Həyatımda ən şirin yalan gəlin, bu, mənəm,
Eşqin sonuna lövbər salan gəlin, bu, mənəm.
Bələnmişəm bu axşam yenə şəhid ətrinə,
Bağışla, dəyəmmirəm daha sənin xətrinə.
Səndən ötrü nə edim, edim səndən ötrü nə? -
Yağış gəlin, qar gəlin, tufan gəlin, bu, mənəm,
İçimdən haray kimi qopan gəlin, bu, mənəm.
Bu mənəm, məzlum Faiq, qəlpə-qəlpə olmuşam,
Şimşək kimi çaxmışam, bulud kimi dolmuşam.
Səndən sonra torpağa, bayrağa vurulmuşam,
Mənəm, sevgi şairin, vətən gəlin, bu, mənəm,
Günəş batan qürubda itən gəlin, bu, mənəm.
***
Bu məzar daşının dili var, Allah,
Adamla danışır bu məzar daşı.
Od qoyur sənətə, sözə, nəğməyə,
Bu ayrılıq daşı, intizar daşı.
Bir vətən uyuyur burda bu adda,
Gəlir ziyarətə doğma da, yad da.
Ayağı torpaqda, başı buludda,
Aşa bilməz qara ruzigar daşı.
Azadlıq sözünün abidəsidir,
Minillik tarixin sözü, səsidir.
Bir elin-obanın salnaməsidir,
Xatirə lövhəsi, dərd-qübar daşı.
Ölmədi heç zaman, ölməz, diridi,
Allahın mübarək rəsm əsəridi.
Müqəddəs ocaqdı, qürur yeridi,
Bu şəhid məzarı, iftixar daşı.
Durub yol üstündə gözləyir bizi,
Söz-söz, addım-addım izləyir bizi.
Haqqa, ədalətə səsləyir bizi,
Azadlıq uğrunda bir şüar daşı.
Bu məzar daşının dili var, Allah,
Adamla danışır bu məzar daşı.
***
Bir ağac yüyürür sənin dalınca,
Bir yarpaq göz yaşı tökür yollara.
Bir payız saralır vətən içində,
Bir həsrət rəsmini çəkir yollara.
Bir ana ağlayır, balam, vay, deyir,
Bir ata dəhşətə bürünüb burda.
Bir bacı köksündə naləyə döndün,
Bir şərəf gətirdin bu ana yurda.
İndi başdaşından boylanır bizə,
Nisgilli baxışın, cavan baxışın.
Haçan bu murada çatdın, şəhidim?
Ah... haçan böyüdü, haçan, baxışın?
Bir ağac üşüyür sənin dalınca,
Yarpağa bürünür, isinmir canı.
Mənim şəhid balam, qəhrəman balam,
Bu qədər incitməz insan insanı...
Tənha durna kimi uçdun yuvadan,
Xatirən qayıtdı, özün gəlmədin.
Açdım ürəyimi məzar daşına,
Köksüm qübar-qübar, kəlmə-kəlmədi.
Bir ağac əl açır sənin dalınca,
Getdiyin yollarda izindən öpür.
Küləklər səsinə oxşama deyir,
Torpaq səcdə edir, üzündən öpür.
Bir ağac yalvarır, qayıt geriyə,
Qayıt, davam elə qaldığın yerdən.
Zamanı dondurub gedən şəhidim,
Sən nura çevrildin olduğun yerdə...
***
Səmaların göz yaşıydı yağışlar,
Dayanmadan hey axırdı, axırdı...
Şəhid ruhu, bizi əfv et, bağışla,
Tanrı özü qan üstünə yağırdı.
İldırımlı gecələrin adısan,
Könüllərin atəşisən, odusan.
Şəhid ruhu, ucaltdın bu adı sən,
Hər xatirən şimşək kimi çaxırdı.
Qəm selidi, qarşısında kim durar?
Kim qol çəkər, möhürünü kim vurar?
Hər nə qədər qürurluyam, məğruram,
Bir o qədər sənsiz həyat ağırdı.
Şəhid ətrin küləklərlə oynadı,
Nakam ömrün fələklərə oynadı.
Arzularla, diləklərlə oynadı,
Göydə Tanrı... bardaş qurub baxırdı...
Ümid yeri and yerinə döndümü,
Çıxan günəş qürubuna endimi?
Kim bağladı kim, bərəni-bəndini? -
Həmin səsdi... o dünyadan çağırdı.
Xatirələr yada düşür... çətindir,
Bu ad sənin nakam səadətindir...
Məzar üstə çiçəklər də yetimdi,
Məzar üstə çiçəklər də sağırdı.
***
Aman Allah, qiyamətdi, nədir bu? -
Mələklərin göydən enən vaxtıdır.
Sıralanıb qatar-qatar ümidlər,
Arzuların daşa dönən vaxtıdır.
Bir atəşdi nur misalı görünən,
Ərşə çıxıb səmalarda sürünən.
Gecələrin qaranlığa bürünən,
Ulduzların axıb sönən vaxtıdır.
Çox çətindi bu dərd ilə, çox çətin...
Şəhidlikmiş bir adı da şöhrətin!
İntizarın, ayrılığın, həsrətin,
Sevincləri arxa yenən vaxtıdır.
Səsinə səs vermədəyəm daşların,
Ağlayıram qanad salan quşları.
Gülüşlərin, baxışların, "xoş"ların,
Tərs üzünə indi çönən vaxtıdır.
***
Qalmışam qanlı döyüşdə,
Dumanla, çənlə baş-başa.
Hər dəfə şəhid oluram,
Ölən-itənlə baş-başa.
Bir atəşdi... qan elədi,
Könlümü talan elədi...
Həsrətim cövlan elədi,
Kama yetənlə baş-başa.
Sirri deyən neyəm indi,
Asiyəm, gileyəm indi..
Dindi ağrılarım, dindi...
Vaxt vardı... sənlə baş-başa...
Sandım dünyadı sirdaşım,
Budur, öz əlim, öz başım.
Tərk eylədi yar-yoldaşım,
Qaldım vətənlə baş-başa.
***
Azın az dərdi var, çoxun çox qəmi,
Az da var, daşıyır çoxun yükünü.
Eşq adı altında çəkirəm, qəmi,
Köksümə sancılan oxun yükünü.
Elə bil, İlahi genlərə bölüb,
Təriqət-təriqət dinlərə bölüb.
İllərə, aylara, günlərə bölüb,
Öz uzaq yükünü, yaxın yükünü.
Göylərin yükünü quşlar saxlayır,
Ayağın yükünü başlar saxlayır...
Qayalar saxlayır, daşlar saxlayır,
Su kimi, sel kimi axın yükünü.
Musanın yükünü çəkər əsalar,
Çəkdikcə, Musanın yükü azalar.
Çarmıxlar anlayar kimdi İsalar,
İsalar anlayar mıxın yükünü.
Şair Faiq özü öz peyğəmbəri -
Şeirin Allahı, söz peyğəmbəri...
Yüz ildən o yana, min ildən bəri,
Cansız söz daşıyır, baxın, yükünü...
***
Qurbanı olduğum ay qara gözlüm,
Nəmər ver, tapmışam itən dərdini.
Könlümə əkmişəm, göyərər bu yaz,
Söz-söz, misra-misra bitən dərdini.
Ucaldın getdikcə dibə, dərinə,
Dəlilik dedilər qəm-kədərinə.
Yeyib bitirmisən ömür yerinə
Həsrətə, hicrana bu tən dərdini.
Qayadan, tufandan, dənizdən qoru,
Şirin dildən qoru, xoş sözdən qoru.
Qoru bəd nəzərdən, pis gözdən qoru,
Səni əl üstündə tutan dərdini.
Dağları-daşları mil eyləyincə,
Tikanı döndərib gül eyləyincə,
Yer üzün yandırıb kül eyləyincə
Bəzə göy üzünə tütən dərdini.
Uzaqdan uzağa əl sal özünə,
Sevən ürəklərdən yol sal özünə.
Şal eylə başına, tül sal üzünə
Bu tirmə, bu ipək, kətan dərdini.
Doldur eşq odunu boş könüllərə,
Heykəl ürəklərə, daş könüllərə.
Saxla miras kimi gələn illərə
Arzuya-murada yetən dərdini.
Durdu qənşərində bir inad kimi,
Hava, su misalı, torpaq, od kimi...
Sən orda kimsəsiz, burda yad kimi,
Necə daşıyırsan vətən dərdini?
***
Gecələri tapşırıram səhərə,
Dualarla, xitablarla baş-başa.
Şirin ömrü döndərmişəm zəhərə,
Sərxoş olan şərablarla baş-başa.
Sən gedəni ürəyimi qor almış,
Günəşimin rəngi bir az qaralmış...
Mən qalmışam varaqları saralmış,
Şeirlərlə, kitablarla baş-başa.
Tək qalanda Allah olur adam da,
Sükut ilə danışıram odamda...
Külək kimi üşüyürəm bu damda,
Divarlarla, otaqlarla baş-başa.
Göz yaşıyla ruhu yuyub getmisən,
Dərdin idim... dərdə doyub getmisən.
Sənsiz keçən ömrü qoyub getmisən,
Günahlarla, savablarla baş-başa.
Gəldi nəyin töhmətinə bu Faiq?
Düşdü eşqin möhnətinə bu Faiq.
Gülümsəyir həsrətinə bu Faiq,
Kədərlərlə, əzablarla baş-başa.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!