QARABAĞ SİLSİLƏSİ - Şeirlər - Rəsul RZA

 

Sənin adın

 

Sənə Qarabağ dedilər,

Bəlkə “qara bax!” dedilər,

dağlarında
yaylayan qarına görə

Bəlkə “Qara bağ” dedilər,

kölgəli bulaqlarına görə.

Bəlkə
dodaqları susuzluqdan

cadar-cadar yolçu,

ətəyində duman sürünən,

ağ zirvəsi arandan görünən

Kirsə baxıb,

həsrətlə, ümidlə

dedi: – Qara bax!

Qara bax!

O gündən adın qaldı

Qarabağ.
Adın qədimdir,

xalqımın mübarizə tarixi kimi.

Nəğmələrin
qürurla doldurur qəlbimi.

Ömrün yollarında arzuları yağır olmuş,

möhnətdən, dözümdən

qarabağır olmuş,

alnı açıq, üzü ağ yaşayan,

Səksəkəli ürəyində

arzusunu, ümidini daşıyan

insanlar dedilər:

“Silinsin tarixdən

nəsillərin qara baxtı!”

Gözəllər gözəli,

Qarabağım mənim!

Nənəmin köçəri yolları,

babamın çirməkli qolları,

elin neçə igid oğlu, qızı

səndə olub,

yenə neçə qəhrəmanı səndədir.

Neçə şirin nəğmənin dadı, duzu,

göy ulduzu, yer ulduzu

sinəndədir
Qranitə dönmüş qoşası da,

Tək-tək qızılı da,

Tanıyır adam

qanadlı şahini də,

adı nəğməyə dönmüş

qızını da.

Qəlbimdəsən, gözümdəsən

hara gedim, hara baxım,

Mənim doğma Qarabağım!

Qarabağım!

 

 

Şuşam mənim


Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Azərbaycan torpağının
nur parçası.
İncə mahnılar yuvası,
Pənahların yadigarı,
Alagözlü,
qarasaçlılar diyarı
Səndə Cabbarın, Seyidin,
Nəvvabın, Üzeyirin, Bülbülün,
neçə-neçə nəğməkarın,
qoç igidin
nəğməsi var,
nərəsi var.
Könüllərdə
neçə-neçə mahnıların
zümzüməsi,
sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü qalıb.
Vətən adlı doğma yurddan
püşk olarmı?!
Pay olarmı?!
Yüz bir şəhər adı çəkim,
Gözəllikdə,
biri sənə tay olarmı?!
hər qarışın şair qızın
Natəvandan xəbər verir
Sən nəğmələr beşiyisən,
sən muğamlar keşiyisən.
Bəd əməllərin kükrətdiyi
alovlardan diri çıxdın.
Ey Səməndər - Həyat quşu!
Tarixindən səhifədir
hər enişin,
hər yoxuşun!
Torpağın da,
ləçək-ləçək çiçəyin də,
pıçıl-pıçıl yarpağın da
xəbər verir
ibrət dərsi bu olmuşu.
Tarixdə baş əyməmisən
bir fatehə, müxənnətə
Bir qonşunun, bir qonağın
könlünə də dəyməmisən.
Alqış sənə!
Bu qüdrətə!
Doğma yurdum,
gözəl Şuşam.
Fəsil-fəsil görüb səni,
Doyum-doyum gəzib
dağı, göy çəməni
yenə səndən doymamışam.
Haqqım vardır
şer, əmək diyarına
bəstə-bəstə mahnı qoşam.
Tarix sənin
torpağında, daşındadır,
hər yan-yörən,
hər dolayın,
hər cığırın
Azərbaycan - Vətən dadır.
Dost gözüylə sənə baxan
hər kəs əziz qonağındır.
Sənə əyri baxanları
qəzəbinlə külə döndər,
yaxıb-yandır.
Dünənində
Qəhrəmanlıq zirvəsi var,
Bu günündə
dostluq, ülfət havası var.
Bu gün aləm səndən alır
Vaqiflərin sorağını.
Sən yandırdın neçə-neçə
milli sənət çırağını.
Cıdır düzü
şəfəqlərə boyananda
səhər-səhər,
Qoynundakı
hündür qatlı binalarda
çiçəklənir pəncərələr.
Öyünürəm
tarixinlə,
bu gününlə
Vətənimin şəfa yurdu,
məni dinlə!
Səni bircə dəfə görən,
bir könüldən, min könülə
sənə aşiq, bənd olmuşdur,
Qarabağın yaraşığı!
Sənə saysız nəğmə qoşub
neçə-neçə el ozanı,
el aşığı.
Yüz bir tərif desəm, azdır
bu gününə;
qoynundakı toy-düyünə.
Nəğmələrin qanad çalır
Bakıya da, Şirvana da,
qədim əziz Gəncəyə də.
"Nankor" dedim
bu gününə xor baxana,
səndən küsüb inciyənə.
Üz tuturam sizə sarı
Vətənimin allı-güllü
əlvan-əlvan çiçək xallı,
göy dağları!
Kirsin sərin mehi gəlir,
sığallanır Cıdır düzü.
Dan yerindən qalxan günəş
xəbər verir,
zəfər dolu bir gündüzü.
Danış-danış Cıdır düzü,
Nə zamandan qalıb səndə,
sərt qayalı daş sinəndə,
ağ köpüklü köhlənlərin
qaynar, iti
nal imzası!
İgidlərin
cığır izi.
Sən mətanət, mərd dostluğun
səngəri, həm qalasısan.
Kim nə deyir, desin,
Sən beləsən,
bu adla da qalasısan
Köhlənlərin su içdimi
şair qızın bulağından?
Maral, cüyür ürküşdümü
tərlanların qıy vuranda
sürülərin oylağından?
Tarixinlə öyünürəm.
Bu gününlə sevinirəm.
Fərəhinlə fərəhliyəm.
Yorulmaram,
gəlhagəlli,
incə telli
büsatından yüz gün deyəm.
Şuşam mənim!
Mətanətlə, dəyanətlə
səxavətlə qoşam mənim!

 

 

Nəsildən nəslə

 

Anam Qaradolaq obasındandı,
Kürün sağ sahilindən.
Yaşayırdıq Göyçayın
çinarlı bir küçəsində.
Hələ uşaq idim mən.
Hərdən yaz başı
aranın yumşaq gecəsində,
babam gözlərini yumar,
xəyala dalardı.
Bir müddət belə qalardı.
Sonra dəyərdi:
-İgid oğlum!
Atlar içində
döl seçməli olsan,
o yerlərə get!
Göllər içində
göl seçməli olsan,
o yerlərə get!
Bağları-bağlar bağı,
Dağları-dağlar dağı.
Qalasının hər divar daşı
düşmən gülləsinə qalxan olub.
Gümüş-gümüş ulduzları
dan sökəndə axan olub.
Dərələrin dərini
ordadır.
Bulaqların sərini
ordadır.
Ovlaqları geniş-geniş,
İstəsən ovla, quşla,
istəsən çaylağa en.
Yolun eniş.
İstəsən buludlara qalx
ilan-cığır yoxuşuyla
Üç ay sürüləri başıyuxarı gedir,
İki ay başıaşağı,
Yamacları əlvan xalı!
Şırranları - nənə qurşağı
Çörəyi az olsun, ya çox,
süfrəsi dost üzünə açıq olur.
Orda ürəklər
mərd sözünə açıq olur.
Nəğmələr nəğməsi
ordadır.
Cabbarın, Seyidin səsi
ordadır.
Çox vurğundu baba yurduna
babam, nənəm.
İndi nəvəmin babası
mənəm.

 

Daş üstü

 

Bir yanı uçurum qaya,

bir yanı çəmənlik - saya.
Gündüzlər günəşə tamaşa,
gecələr - aya.
Qaya daşlarında
dırnaq yeri
köhlən atların,
Dərələrində sərin mehi
yelkən budaqlı
bağ-bağatların.
Daş divarlarında
igid nərəsindən qopan
qəlpələrin yeri,
Kölgələrində
Üzeyirin nəğməsi
Vaqifin, Natəvanın şeri.
Kim sənin bir çimdik torpağına,
bir üskük suyuna,
bir ovuciçi yarpağına qıyar,
Doğma diyar!

 

 

Bulaq suyu

 


"Varımdı sinədə
dərdi-qəmi-nəhan,
ölürəm".
Həzin bir qadın səsi
məclisi heyran qoydu.
Bir qəm tişəsi
ürəkləri oydu, oydu.
Məclis qalxdı ayağa
qocalı, cavanlı.
Sinəsi ürək döyüntülü,
sükutu həyəcanlı.
Pəncərə qabağında
fəvvarə su dağılır
çıldır-çıldır.
Hələ Muğan düzündə
yanır torpaq.
Mil düzü quraqlıqdır.
"Fəda olum sənə,
gəl, eylə imtəhan, ölürəm".
Axır gəlir adamlar
Xan qızının bulağına.
Axır gəlir ürəklər
Natəvan şerinin sorağına.
Artıq olmaz bu gün də desək:
-Ürəklər, qızının!
Sözlərinin hərarətində Xan qızının.




 

Nəğmələr doğulanda

 

Nə "Koroğlu" vardı,
Nə "Arşın mal alan",
ahəngə düzülmüş
quşların nəğməsi,
bulaqların səsi vardı.
Bir qara gözlü uşaq,
söykənib qaya daşına,
dinləyirdi tütək səsini
və ara-sıra gələn
qırıq kəlmələri tək-tək:
"Kərə, tayın gördüm,
Kürə, tayın görmək gərək".
Bir "Kəsmə şikəstə"
"Yandım" - deyib,
enirdi yamaclara
Üzeyir adlı
Bir qara gözlü uşaq
heyran-heyran baxırdı
quş nəğməli ağaclara
Beşik başından
axırdı ana laylaları
axşam-səhər,
Bir qara gözlü uşaq
dinləyirdi, dodağında
körpə zümzümələr.
Hələ nə "Koroğlu" vardı,
nə "Arşın mal alan".
Bir qara gözlü uşaq vardı.
Bir könlü nəğməli insan
Bir gün gəldi
"Arşın mal alan"da var oldu,
"Koroğlu"da, "Sənsiz"də
Bir də acı bir duyğu,
yanıqlı bir həsrət
qəlbimizdə.


 

Tonqal yerində çiçək

 

"Kabab yanar köz üstdə!"
Burda torpaq yanmışdı
qapqara.
Tonqal tüstüsü yayılmışdı
yaxınlara, uzaqlara.
Havadan asılmışdı
yanmış ət qoxusu.
Gözlərdə közərmişdi
qurbanlıq olmaq qorxusu.
Torpaq dözdü
atəşin ağrısına,
inciyinə.
Yanıq qalıqları
qalmışdı ikinci günə.
Üçüncü gün yağış yağdı.
dənəvər, gurşad
Yudu tonqalın külünü.
Nə ah qaldı, nə fəryad.
Keçdi bir neçə gün,
Tonqal yerində çiçək əkdilər.
Ancaq deyən olmadı, burda
qırmızı qərənfillər
tonqaldan qabaq gərəkdilər,
yanıq ət qoxusundan qabaq,
qurbanlıq qoxusundan qabaq.
Soruşan olmadı,
tonqalı kimlər qaladı,
çiçəkləri kimlər əkdi?
Bu işin yaxşı tərəfi nə,
pis tərəfi nədir.
Yoxsa bu qan rəngli qərənfillər
sallaqların şərəfinədir?

1968

*(Bu şer Stepanakertdə "məhkəmədən" sonra
vəhşicəsinə diri-diri yandırılmış
üç nəfər azərbaycanlıya həsr olunmuşdur)

 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!