"Biri vüsal dadır, o biri həsrət, Şəkil yaddaşında oyaqdı illər..." - Şeirlər - Şövkət Zərin HOROVLU

 

 

Ruhum sağdı

 

Yol getmir mənimlə bu ömür yaşım,

Ərkini çəkirəm bir uşaq kimi.

Bəzən duyğuları yorğun həvəssiz

Tökürəm masama oyuncaq kimi.

 

Könlümə ömürlük sirdaş sevdiyim,

Yadlaşıb, əlimə yovuşmur qələm.

Sözümə baxmayır barmaqlarım da,

Elə bil, həminki adam deyiləm.

 

Yoxuşa dirənib hamar yollarım,

Üzümə ağ olur ayağım, dizim.

Quş kimi çırpınır, darılır ürək,

Sanki yük olmuşam özümə özüm.

 

Karvandan üzülüb, köçdən qalmışan,

Nə canda hünər var, nə qolda təpər.

Yığıb yaxın-uzaq xatirələri

Hələ yaşayıram elə birtəhər.

 

Keçir gözlərimdən bütöv bir ömür,

Yenə təsəllidir köhnə şəkillər.

Biri vüsal dadır, o biri həsrət,

Şəkil yaddaşında oyaqdı illər.

 

Ömürdən borc allam indi hər ili,

İllər yel qanadlı, mən piyadayam.

Gendən əl eləyir ömrün sahili,

Nə qalıb sahilə çathaçatdayam.

 

Bir vaxt il sayardım qırxa, əlliyə,

Sanardım altmışım hələ öndədi.

Ağsaçlı Səksənim qapı döyəndə,

Anladım vaxt yetib, bu son pillədi.

 

Gözümü yumuram, dünyam qaralır,

Qaranlıq üstümdə elə bil dağdı.

Ümiddən ruhuma işıq çəkirəm,

Nə yaxşı ki, ruhum diridi, sağdı.

 

 

Ömür darıxanda

 

Ömür hərdən darıxır,

Dar gəlir əynimə,

Bədən də fağırlaşır, yetimləşib

Sığınır sinəmə.

Quşlar ağaclara,

Dalğalar sahillərə,

Gecə-gündüzə

Göz yaşı gözlərə,

Kədər ümidə sığınan kimi.

Mən də sığınıram üzgün, yorğun yaddaşıma.

Varla-yox arasında qalan

Ömür yaşıma.

Tapmıram ürəyi dolu xatirələrə

Gah o gəlir, gah mən gedirəm

Xatirəmgülə.

Səadət dolu aylarımı, günlərimə

Çatıram orda

Uşaq xəyallarıma, analı-nənəli

Dünyama bürünüb yatıram orda

Şirin bir nağıl olur

Xatirələr dinəndə,

Hərdən susuz bir səhraya,

Hərdən dərin bir dəryaya dönür,

Aya, günə, ilə, fəsilə

Bir saat, bir ana bölünür.

Bir saymazyana, tələsik yanımdan ötür,

Məni unut - deyir,

Biri yaddaş qanadır,

Məni gör, məni sev, mənə qayıt - deyir.

Özümü də özümdə itirirəm onda,

Tapıram onda,

Ömür darıxanda.

Mənsiz məni yaşamağa

 

Bir türkü oxuyuram sənə, həyat!

Mənimtək sənin də xəyalın

Quş olub uçar,

Gözlərin həsrət qalan,

Ayağın dəyməyən yerlərə qonar,

Bir bayatı çəkərəm,

Bu taydan, o taya,

Çayların, göllərin Umru gölü kimi

Zamana qəhr eləyib quruyar.

Sənin də yuxuların islanar

Mənim kimi,

Bir ürək ağrıyarsan,

Bir göz yağarsan.

Sən yol verdin, mən gəldim, həyat!

Haqlı-haqsız savaşları,

Tökülən qanları,

Əzilən cəsədləri, canları

Gözümlə gördüm,

Sinəmdə dərd əkdim, qəm becərdim,

Amma, sınmadım, əyilmədim, həyat!

Susuz səhrada su,

Yusifin gün işığı arzusu,

Leylinin vüsal sevdası kimi

Azadlığımı gözlədim.

Zaman-zaman ümidlərim

Alnından güllələndi,

Ölmədim, həyat, ölmədim,

Acı rüzigarımı türkülərimlə dindirdim,

Yanğımı şeirlərimlə söndürdüm

Sən istərdin, mən gəldim, həyat!

Hamı kimi bir vaxt

Çıxıb gedəcəm mən də,

Sevgimi qoyacam şeirlərimdə, türkülərimdə,

Günəşə,

Torpağa,

Dənizə

Doyunca baxmağa

Mənsiz, məni yaşamağa.

 

 

Payızla gələn qız

 

İkinci Cahan savaşı təzəcə

qurtarmışdı. Məktəbə getməyə nə təzə paltarım, nə də kitab-dəftərim vardı. Anam yeganə toyuğumuzu satıb mənə dəftər-qələm almışdı.

 

Bu payız xəyalım çaşdı elə bil,

Uzaq uşaqlığım qəfil kövrəldi.

Axı nə vaxt-vədə qırx yeddinci il,

Nə payız, mən görən payız deyildi.

 

O payız hərb dilli, dava hökmülü,

Dərddən, ehtiyacdan libas geymişdi.

Sevincsiz illərim boynu bükülü,

Payıza qoşulub necə gəlmişdi?

 

Köhnə nisgil mənə tanış gəlirdi,

Fikrim dumanlandı, qarışdı halım.

Doğma məktəb yolu qalxıb gedirdi

Mənim altı yaşlı kövrək xəyalım.

 

Onun ayağında isti çəkməsi,

Nə çiynində dəri çantası vardı.

Gözündə aclığın sarı kölgəsi,

İçində həvəssiz dünyası vardı.

 

Dizədək batmışdı suya, palçığa,

Əlində bir dəftər, kirpiyində nəm.

Baxmırdı canına dolan soyuğa,

İlk dəfə məktəbə qoyurdu qədəm.

 

Ana yüyürürdü əlində şalı -

Balası bir hovur isinsin deyə.

Gedirdi, elə bil, başı havalı,

Onun körpə qəlbi sevinsin deyə.

 

Gümanı gələni çəkib satmışdı -

Nişan üzüyünü, cehiz gəbəsin.

Qara dava gəlib sona çatmışdı,

Getsin o illəri, bir də gəlməsin.

 

Ömrün ahıl çağı, ürək də küsgün,

O nisgil içimdə bağlayıb qübar.

Niyə bilməmişəm payızla bir gün

Köhnə xatirənin qayıtmağı var?

 

Bu görüş qəlbimi sıxdı o ki var,

Üz-gözüm batmışdı çisəyə-çənə.

Gördüm ki, əynində bir nimdaş paltar,

Payızla gələn qız oxşayır mənə.

 

2018 sentyabr

 

 

Bu axşam

 

Bahar ad günümü təbrikə gəlib,

İçimdə borandı, qışdı bu axşam.

Qələmin ucunda həsrət kövrəlib

Səhəri mənimlə açdı bu axşam!

 

Qayğısız illərim üzümə durdu,

Gəlib yetim-yetim boynunu burdu.

Ruhumu o yerlər yenə uçurdu,

Odur, kirpiklərim yaşdı bu axşam.

 

Baş-başa vermişik bir şam, bir də mən,

Gah şam öləziyir, gah mən ölürəm.

Ayaq səsi gəlir, anam bilərəm.

Gümanım diksinib-çaşdı bu axşam!

 

Misrama hakimdi yenə qəm, kədər,

Gözlərimə sanki sağılır göylər.

Təbrikə yığışın, ay keçən illər,

Sizsiz könül evim boşdu bu axşam.

 

Çəkil, ey qarlı qış, yetiş ey yazım,

Güllü yaylaqlarda yorulum, azım.

Mən bahar qızıyam, bahardan yazım,

Baharın nəfəsi xoşdu, bu axşam.

 

 

Qayıdacam

 

Əmim nəvəsi, şəhid mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun xatirəsinə

 

Sevgilim, haqq yoldan məni saxlama,

Səbri, dözümü bas yenə bağrına.

İnanıram bizim son döyüşümüz,

Bir məlhəm olacaq torpaq ağrına.

 

Sinəmdə gül açsa odlu güllələr,

Hər biri torpağın ilk müjdəsidi.

Sənin xeyir-duan başımın üstə

Müqəddəs Allahu-Əkbər səsidi.

 

Qarşımda şəhidlik zirvəsi durur,

Qoy düşmən gözünü ağlar görməsin.

Haqqın dərgahına ucalacam ki,

Bayrağım göylərdən yerə enməsin.

 

Şəhidlər Allaha yaxın olurlar,

Şəhidlik Allahı sevmək deməkdi.

Cənnət mələyinin qanadlarında

Təzədən həyata dönmək deməkdi.

 

Sevgimizi qoru, saxla, əzizim,

Qayıtmasam, məni ilqarsız bilmə.

Doğmadı hər qarış vətən torpağı,

Göynəmə qovuşsan şəhid ömrünə.

 

Yollarda solmasın şux baxışların,

Qəm düşməsin əsmər yanaqlarına.

Qoşulub ağlibas mələklərə mən,

Hər gecə enəcəm yuxularına.

 

Qürur duy adıma şəhid desələr,

Torpağa qarışıb vətən olacam.

Dumanlı bir payız günündə getdim,

Sənə hər payızda mən qayıdacam.

 

 

Türk oğlu türk

 

Düşdüyün o torpaq məzar oldu sənə.

Amma böyüklüyünlə, aliliyinlə sığmadın

Torpaq qəbrinə.

Sığmazsan bütün yer üzünü

Versələr də yenə,

Azdır, nə qədər alqış desələr şəninə.

 

 

Şəhidim, sinə dağım!

Qanınla isindi yad nəfəsindən

Donan torpağım,

Baş daşın oldu üstünə qan çilənən

Yerə qılınctək sancılan bayrağım.

 

 

Şəhid balam!

 

Əllərimlə "Ana südü, dağ çiçəyi" sürtsəm

Yaralanmış, paralanmış bağrına,

Məlhəm olarmı ağrına?

Bələdəm türkün gücünə, dözümünə, ruhuna.

 

Göylərdən ayı, ulduzları alıb gətirsəm,

Günəşin bir anlıq atəşini söndürsən,

Buludların göz yaşlarını dayandırsam,

Küləklərin nəğməsini susdursam,

Yeddi rəng göy qurşağına əyil desəm,

Yenə az olar cürətinə, hünərinə,

Sən qeyrətinlə, nifrətinlə

Yol asdın Tanrı evinə,

Bürünüb bayrağına,

Ucaldın Tanrının dərgahına.

 

 

Öpüm Şəhidliyindən

 

Əmim nəvələri, İkinci Vətən müharibəsi şəhidləri, mayor Səyavuş Hümbət oğlu, Vaqif Vüqar oğlunun xətirəsinə

 

Acı xəbər eşidib

Ağlamağa gəlmişəm,

Hünərinə gül-çiçək

Bağlamağa gəlmişəm.

 

Torpağın qucağında

Nə gözəl yatışın var,

Ürəklərə od salan

Şimşəktək baxışın var.

 

Əldə üçrəngli bayraq

Keçdin alovdan, oddan,

Ürəyinə, qoluna

Təpər verdi yaradan.

 

Nifrəti silah edib

Qarabağa apardın,

Ata-baba yurdunu

Əsirlikdən qurtardın.

 

Ötdün "Suqovuşan"dan,

Xocavənddən, Ağdamdan,

Torpaq, vətən borcunu

Çıxarmadın yadından.

 

Salam, şəhidim, salam,

Qalx, qarşıla, bu mənəm!

Öpüm şəhidliyindən,

Yad deyiləm, nənənəm.

 

 

Eşitmir məni

 

Dalınca baxıram, ötən illərin,

Onların vəfası yoxuymuş, demə.

Saçımda xatirə izləri qoyan,

İllərdən gileydi, ömür, incimə.

 

Gedib, apardılar güllü yazımı,

Mənə qar-boralı qışı qoydular.

Gözümdə saraldıb şirin vüsalı,

Yerində ayrılıq yaşı qoydular.

 

Bilmirəm, onların hansında varam,

Yaşadıb səbrimi, dəyanətimi.

Sındırıb ayrılıq əzablarımı -

Hansında tapmışam səadətimi?

 

İllər vaxt əlində ələnib gedir,

Vaxtın fərmanından qurtarmaq çətin.

Ötən sevgilər də qayıdıb gəlmir,

Xatirəsi qalır ilk məhəbbətin.

 

İllərdən ta mənim umacağım yox,

Əcəl də xəlvəti gözümə dolur.

Aylarım, günlərim ağlı-qaralı,

Gözüm görə-görə edam olunur.

 

Qərib bir külək də neytək inləyir,

Öz evim, odam da isitmir məni.

Əllərim Tanrıdan sevgi diləyir,

Tanrı da deyəsən, eşitmir məni.

 

 

Qələbə müjdəsi

 

Uzun telefon səsinə

Yerdən qalxdım hövlənək,

Telefonun o başından

Nəsə deyirdi qızım,

Nəsə deyirdi nəvəm,

Qəhərli kövrək-kövrək.

Çoxdan belə təlaşlı,

Heç belə sevinc yaşlı,

Görməmişdim qızımı

- Ana, bir xəbər deyim.

Ürəyim sanki düşdü,

- Xeyirə dönsün, qızım,

Tez ol, söylə, nə işdi?

- Anacan, cəbhə boyu

Hücumdadı ordumuz,

Otuz illik qəflətdən

Oyanıb od yurdumuz.

Cəbrayıla çatıblar,

Düşmənin ovqatına

Acı zəhər qatıblar.

Tez ol, aç televizoru

Gör nələr edir ordu,

Bu Qucaq, o da Şəybəy,

Növbədə Horovludu.

Həsrətini çəkdiyin,

Yuxularda gördüyün,

Sənin ata yurdundu,

Ana, çəkdiyin qəmin,

İntizarın, qüssənin

Vaxtı çatıb sonudu,

Nur çiləndi üzümə,

İşıq gəldi gözümə,

Sanki başımın üstdən

Qara duman çəkildi,

Göz yaşlarım yaxama

Selə dönüb töküldü.

Kəsmirdi telefonda

Nəvəm təbrik səsini,

Yaddaşıma yazırdı

Qələbə müjdəsini.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!