"Qoşulub yağışa sevinə əlim, Sənin damcı-damcı şəklini çəkək..." - Şeirlər - Kəmalə ABİYEVA

 

Yağmayacaq o yağış

 

Yenə də ulduzlar göydən baxacaq,

Günəş də doğacaq əvvəlki təki.

Külək də əsəcək, qar da yağacaq,

Bir də o yağışdan yağmayacaq ki...

 

Bir də o yağışdan yağmayacaq ki,

həsrətin yanğısı bir anda sönə.

Bir də o yağışdan yağmayacaq ki,

damcılar üzümdə sevincə dönə.

 

Qoşulub yağışa sevinə əlim

Sənin damcı-damcı şəklini çəkək.

Üzünə, gözünə toxuna bilim,

öpüm saçlarından yağışla birgə.

 

Bir də o yağışdan yağmayacaq ki,

dəyişib buludlar, göylər elə bil,

Nə sən əvvəlkisən, nə mən əvvəlki

Fəsil də başqadır, o fəsil deyil.

 

Hər fəslin özünün havası olur.

Buludu yağışı eyni olmaz ki.

Hər yağan yağışa sevinmək olmur.

Bir də o yağışdan yağmayacaq ki...

 

Günlər illər ilə yarışır sanki

Bir-birini qovur xatirələrə.

Bir də o yağışdan yağmayacaq ki,

O yağış yağacaq xatirələrə...

 

 

Yalan

 

Bilmirəm nə gecədir -

darıxan gecədirmi, ya darıxmağın gecəsi

bu gecədən yenə də gəlib keçdi gör nələr,

gəlib keçdi necələr,

gəlib keçdi neçəsi.

bir vaxt yanından ötüb

görməzdən gəldiklərim,

bir vaxtlarsa sadəcə, tapıb itirdiklərim

gəlib keçdi gecədən...

bu gecədə yenə də

bir vaxt doğru sandığım

neçə səhvim oyandı,

neçə-neçə günahım göz önündə dayandı.

Ağrılar günahların yenə üzünə durdu

Vicdanım ürəyimə yenə məhkəmə qurdu.

Kimsəsizlik içində kimsəsizəm içimdə.

çaşbaş qaldım özüm də.

kimnən üzür diləyim, kimə "bağışla" deyim?

Tanrıyamı üz tutum?

Yenə yalan söyləyim...

Ona böyük deməyçün "bağışlayansan" deyim?

ehlərə, ahlarıma, bütün günahlarıma

Tanrını şərik edim?

Bu yalançı sevgilər Tanrıya gərəkdimi?

əgər özüm özümü görməsəm, anlamasam,

necə "bağışla" deyim?

Tanrı bağışlayarmı özüm bağışlamasam?

Gecələr

 

Qoy gecələr mənim olsun ağrılarıyla,

Yalanıyla, doğrusuyla, nağıllarıyla.

Gecələrim səhərimə açılan qapı,

Gündüzlərin şirinliyi səhvi, günahı.

Gecələrim ürəyimə açılan qapı,

Sevincimin gülüşüdür, dərdimin ahı.

Gecələrim həm düşmənim,

                        həm həmdəmimdi,

Gecələrdə hər nə varsa yalnız mənimdi.

Mən gecələr özüm boyda dözüməm dözüm

Mən gecələr hər kiməmsə, özüməm özüm.

 

 

Sənə ana demişəm

 

Nə bir ovuc torpağın,

Nə daş-kəsəyin olum, demirəm sənə Vətən.

Nə bir yaşıl budağın,

Nə gül-çiçəyin olum, demirəm sənə Vətən.

Nə ayım-günəşimsən,

Nə odum-atəşimsən, demirəm sənə, Vətən.

Nə şöhrətim, şanımsan,

Nə ürəyim, canımsan, demirəm sənə, Vətən.

Səni Ana bilmişəm,

Sənə Ana demişəm, Ana demişəm, Vətən.

 

 

Cavab yaz, yaxşımı ?

 

Bilirəm, internet var, mobil telefon, sms var,

dəb deyil məktublar.

Amma sən mənə məktub yaz.

Bir vərəq gətir,

qələm götür, "əvvəla salam" yaz,

sonra yaz ki, necəsən.

bir az da yaz özündən, olub-bitəndən

Nə bilim, düz yan-yana necələri,

ürəyindən keçənləri

Necə açırsan səhəri,

            bir də gecələri yaz, gecələri...

 

Gözləyəcəm illər öncəki kimi.

Yadındamı bir-birimizə

            çoxlu məktub yazardıq...

Sonra anlamadım nə oldu,

çünki hər şey anlamsız oldu.

Amma mən

oxuyuram hərdən,

hərdən hər gün məktublarını,

Bir də cavab yazmadığım son məktubunu.

Bilirəm məktubun cavabsız qaldı

və bütün həyatım o məktuba

            yazmadığım cavab oldu.

Amma sən cavab yaz, yaxşımı?

hər sözdə görəcəm baxışını...

əllərini hiss edəcəm, bir az da kövrələcəm...

O məktubu yüz dəfə,

            min dəfə oxuyacam,

                        gözlərimə sıxacam...

O məktubu bilirsən necə əzizləyəcəm?

Cavab yaz, yaxşımı?

Mən gözləyəcəm.

Bir də...

Bir də yenə sonda yaz:

Cavab gözləyirəm....

 

 

Səssizlik

 

Səssizlik sığmaz əllərimə,

Gözlərimə sığmaz ki...

Səssizlik sığmaz ürəyimə...

İnamın yoxluğuna,

ümidin ölümünə sığar səssizlik...

 

 

Mənimlə doğulan qadın

 

Mənimlə bir qadın doğuldu,

mənimlə doğulan qadının

adını mən verdim - "ana" dedim.

Böyüdüm, çox adlar yaşadım,

bu addan gözəlin görmədim.

 

 

***

Böyüdüm... bu dünyaya sığmadım.

Dünya böyüməliydi, ya mən kiçilməliydim,

Heç birisi olmadı...

 

 

Səadət

 

Dedin ki, nə qədər çətin olsa da,

Unuda bilmirəm, bilmərəm səni.

Ayrılıq qorxutmur çətin olsa da,

Bircə unudulmaq qorxudur məni.

 

Unuda bilmirsən!

Xoşbəxtsən necə!

Kimsə həyan olub duyğularına.

Unuda bilmirsən, demək hər gecə

Kimsə sirdaş olur yuxularına.

 

Unuda bilmirsən! Səadətə bax,

Gör necə gücsüzmüş, acizmiş hicran.

Xoşdur uzaq olub unudulmamaq,

Yaxın ola-ola unudulmaqdan.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!