Xuraman Hüseynzadə - ŞEİRLƏR

Yeni şeirlər

Yorğun külək

Külək səbirsiz - səbirsiz elə əsir...
İllərlə qürbətdə can çürüdən
qəribdi sanki
evinə çatmağa tələsir.
Hardasa bir ağacı ayırır
                        torpağın bətnindən,
çiçək-çiçək ümidləri
qırılır ağacın...
Bir-birinə calanmış, yamanmış
                        elektrik naqillərinin
qırılıb başına düşəcəyindən qorxur
sağ ayağını
indi düşmənin at oynatdığı yurda
                  əmanət edən Səməd kişi...
Düşmən gülləsindən qoruduğu canı
nazik bir telə qurban verəcək?
Bir ayağa qalıb ümidi
onu da
əsən yelə qurban verəcək?
Dərsini bilməyən uşaq kimi
tir-tir əsir külək...
Kimdən qorxur,
nədən qorxur?
Qorxduqca
daha da qorxulu olur...
Küləyin şiddəti artdıqca
artır həyəcanı, artır təşvişi,
qoltuq agacıyla asfaltı döyə-döyə
evinə tələsir Səməd kişi.


Kağız kəpənəklər


Həmin gün
qara-qara buludlarla naxışlanırdı
göy üzünün yaxası

külək
yağan qarı
duz kimi çevirirdi Bakının başına...
Metro qarşısında limon satan qadının
yırtıq ayaqqabılarından
                        ayağına dolurdu qar
açıq qapıdan evə girən oğru kimi...
Üzünün, əllərinin qırışlarına
                        toxunurdu əvvəlcə,
sonra ürəyinin sarı siminə.
Ayaqları donan qadının
ürəyi yanğın yeriydi.
Qar yağırdı həmin gün...
İşıqpulu, qazpulu borclarımızın
                        yazıldığı kağızları
külək
qapıya sancıldığı yerdən çıxarıb
uçurdurdu havada
kəpənək kimi...
"Kağız kəpənəklər"
qar dənələrinə qarışırdı...
Qəzada yaralanıb sarğı
                        otağından çıxmış
adamlara bənzəyirdi
gövdəsi, budaqları qarla
                        sarılmış çılpaq ağaclar...


Təkcə uşaqlar sevinirdi qışa,
soyuğu almadan veclərinə
çıxardırdılar qarın dadını.
Şaxtayla əlbəyaxa olmuş qadına
                        heyrətlə baxaraq...
İsti evlərinə tələsən adamların
xəbəri yox idi ancaq
soyuqdan betər
limonların işığı üşüdür
metro qarşısında
müştəri səsləyən qadını...

Bir ovuc arpa...

Anasının qoynuna sığınan körpə kimi

buludların arxasına sığınıb Ay...

Otağımda sükut var

sanki səssizliklə boyanıb divarlar

hərdənbir səslər qopur

                        gecənin bağrından,

Hardasa uzaqlardan gəlir gecəyə

                        keşik çəkən  itlərin səsi...

Göy üzünə dən kimi səpilib

ulduzlar.

 

Bir azdan gecənin bağrı yarılacaq

bir ovuc arpa kimi dağılacaq

yuxusu gecələrin...

 

Bəs sən necə sevirsən...

 

Sən məni

mən səni sevən kimi yox,

başqa cür sevdin...

Amma sevdin, bilirəm...

 

Elə ki, yadıma düşürsən

dərdlərimi unuduram

Harasa tələsəndə

açarı, telefonu evdə unutduğum kimi...

 

Adamlar gəzir şəhərdə

Tək-tək, iki-iki, üç-üç, bir az da çox...

Təklər bu zaman tənha olur,

sanki kimsəsiz olur...

Çoxlar dərya olur, dəniz olur.

İkilərin, üçlərin və daha çoxların arasında

gözlərim gəzir səni

Yerə dağılan mirvari

                       boyunbağının dənələrini

gəzən kimi...

Mən səni belə sevirəm,

bəs sən necə sevirsən?

 

Qağayılar gölə gəlməz,

dənizə gəlməz ördəklər...

Hərənin öz vətəni var,

mənim vətənim sənin gözlərindi -

özümü axtardığım, özümü

                        gəzdiyim gözlərin.

Baxıb-baxıb özümdən bezdiyim gözlərin...

Hər yerdə səni görmək istəyirəm

Qoy qərib desinlər,

            didərgin desinlər, eybi yox...

Mən səni belə sevirəm...

Bəs sən necə sevirsən?

 

Nə deyim ki, başqa...

Küçəmiz darıxdı

sənin ayaq izlərindən ötrü...

Otları uzanan küçəmizdə, mamırları

            çoxalan küçəmizdə

təkcə

bir cüt ayaq izi azaldı

sən gedəndən...

 

Qara it hürməyi tərgitdi

xallı pişik adamlara yovuşmağı

çiçəkləri darıxıb-darıxıb soldu

biz ayrılandan...

Telefonumu toz əsir alıb

küçəmizi alaq

ürəyimi tənhalıq

ruhumu sükut...

Nə deyim ki, başqa

Geriyə dönəsən?..

 

Ümidsizlik
 

Unut xəstə ananın,

Dünyadan səndən nigaran köçmüş atanın

bir zamanlar sənə verdiyi adı.

Unut

həyatın sənə verdiyi

"dilənçi qız"

adını bağrına bas

və heç vaxt unutma...

Hər gün insan adlı ümidin arxasınca

düşürsən

yanından etinasız ötən

simic,

kasıb,

çarəsiz insanlar

özləri boyda ümidsizlik...

Bütün gün ovucların

üzü Tanrıya açılmaqda...

ümidsizliklə rastlaşanda

evinə çörək

anana dərman aparmayanda

bükülmür ovucların, barmaqların,

yumruğa dönmür əllərin

göyə baxır,

Tanrıya baxır...

Bağışla,

dilənçi qız,

sənə pul versəm

evə piyada gedəm gərək,

Cibimdəki son ümidlə dayanacağa

tələsirəm

mənim də əsl adım

Ümidsizlikdir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!