Açığını deyim də… sosial şəbəkədən bir neçə ay əvvəl tanış olduğum bu cavan oğlanın şəxsi qutuma yazdığı mesajlara ciddi yanaşmırdım, amma təkidlə yazdığını görəndə diqqətimi çəkdi. İlk göndərdiyi şeirləri bəyənmədim və elə belə də yazdım. Sonra özü haqqında məlumat verdi və elə kəskin yazdığım üçün pərt oldum. İntiqam Canla virtual dostluğumuz davam etdi, məsləhətlərimi ciddi qəbul etdiyini, öz üzərində çalışdığını, göndərdiyim yazıları diqqətlə oxuyub mənimlə müzakirə etdiyini görəndə sevindim. Yazışmalarımızda müraciət formamız belə idi, mən ona hər dəfə İntiqam can yazırdım və beləcə təkilif etdim ki, ədəbi təxəllüsü də İntiqam Can olsun.
İntiqam Can (Hüseynov) Göygöldə yaşayır, 27 yaşı var və düz 20 ildir əlil arabasına məhkumdur. Başqa nə deyim… Başqa nə demək lazımdırsa, İntiqam Can bu şeirində özü deyib. Mənsə məmnuniyyətlə gənc və istedadlı dostumu “Ədəbiyyat qəzeti”nin dəyərli oxucularına təqdim edirəm. Dostum İntiqam Cana isə uğurlar və məhkum olunduğu həyatda səbr diləyirəm.
Əyyub Qiyas
***
93-dən 2001-ə
ayaqlarımı qoyub gəldim.
Yaddaşımdan çıxmayan bir gün,
Həkimlərə deyəcək
bir-iki söz,
vəssalam…
Başqa nəyim vardı ki,
gətirəm özümlə?!
Ürəyimin yarasına məlhəm,
Yazmaq istədiyim sətirlər,
Məclislərdə
əlimə ala bilmədiyim qədəhlər…
Ayaqlarımla bir yerdə
itirdiyim ümidlər…
Elə bu qədər.
Geri boylananda küçələri gördüm –
Ayaq izlərimin xatirəsini
yaşadan küçələri.
Yuxarı baxanda
Allahı gördüm…
Bir də Onun yadından çıxdığım gecələri.
Uşaqlıq şəkillərimi gördüm –
ayaqlarım üstə
dura bildiyim günlərin şahidləri…
Hər dəfə Allahla danışmaq istəyəndə
ayaqlarım kəsir qarşımı.
Əlimdə qara yazan qələmim,
Mənə baxıb
çarəsizliklə başını bulayan
həkimin qəmli gözləri,
və bir də…
Məni utuduğu gecələrdə
bir an unutmadğım Allahdan
göydəki ulduzun
işığı boyda balaca bir istək…
Nə olar, icazə ver alnımdakı yazını
öz qələmimlə yazım, Allahım.
Onuz da qara yazır sənin qəlmintək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!