Lerikdə dünyaya gəldiyi gün anasının sevinci bir övlad sevgisi qədər artdı. Atası Mükafat müəllimin ocağı bir nəfəs də isindi.
O gün Zuvand dağlarında ulu Tanrı bir alın yazısına imza atdı.
Həmin gün dağlardan pərvazlanıb, göy üzünün aydınlığında yarpaqladı doğmalığa bələnmiş sözlər.
Ona "Ömrün mübarəkdi, övladım" - dedi Vətən. Və onun dünyanı salamlayan ilk körpə çığırtısına and içdi Vətən.
Tale yolu vaxtın köynəyindən keçdi. Ömür ağacı göycə-göycə yarpaqladı. Qəlbində bir and yeri çağırdı onu.
O, qan yaddaşının dan yerində and içdi, ona güvənən vətənin müqəddəsliyinə.
"Andın mübarəkdi, övladım" - dedi Vətən.
Bu ulu andın And məqamı gəldi...
Vətən torpağına müxənnət kölgəsi düşdü. Qarı düşmənin ayaq səsindən ulu yurd yerləri oba-oba, oymaq-oymaq, ocaq-ocaq üşüdü.
Ulu andın səcdəsinə durdu karvan-karvan ömürlər. Qaya-qaya səbrlər qəlpələndi. Babaların qeyrət yolu silkələndi. Və içində vətən sevgisi çağlayan ürəklər "Cəngi" havasına kökləndi...
Hərbçi həyatı yaşayan, ulu vətən andına sadiq olan baş leytenant Əliqismət Yaqubov damarlarında axan qanın harayından diksindi.
Beşiyi başında oxunan laylaların qürbət qoxulu intizarı, zirvəsi buludlara sancılmış dağların əzəmətinə düşən yağı kölgəsi, muğamata köklənmiş ayna bulaqların səssiz hıçqırığı, yurd yerlərində qaralmış ocaqların ağrısı ruhunu göynətdi...
Qan yaddaşında bir haray qopdu. Ulu babaların dağları, daşları titrədən nərəsini eşitdi:
"Vətən dardadır, oğlum!"
Bu səsin, bu harayın içindən bir yol uzanırdı; bu yol - qeyrət yoluydu.
Qanındakı qeyrət yoluyla getdi Əliqismət. Sinəsi mərmilərlə parçalanmış, barıt tüstüsündə boğulan vətən torpağının harayına yetdi Əliqismət.
Qarabağ uğrunda döyüşlərə atıldı. Qəvi düşmənə öz zərb-dəstini tanıtdı.
Şanlı Milli Ordumuzun Xüsusi Təyinatlı cəsur komandirlərindən biri kimi, Qarabağın azadlığı uğrunda rəşadətlə vuruşdu. Şuşa yaxınlığında Daşaltıda müqəddəs şəhidlik zirvəsinə ucaldı. Qartal zirvədə uçar. Bu gün vətənimizin böyük Zəfər salnaməsində baş leytenant Əliqismət Yaqubovun da hünərvərlik imzası vardır.
Vətən sənə oğul deyir, Əliqismət!
***
Şəhid atasına məktub
Bu payız Qarabağ çiçəkləyibdir,
Şəhid ətri gəlir Şuşa sözündən.
Döyüşçü dostları Əliqismətin, -
Səni salamlayır "Cıdır düzü"ndən.
Torpaq məhəbbəti, yurd məhəbbəti,
Misraya sığmayan ulu duyğudur.
Şəhid oğulların döyüş yolları,
Vətənin boynunda gözmuncuğudur!
Tarix güzgü tutub şəhid yoluna,
Yaddaşı dil açıb qərinələrin.
İman ətri hopub ömrünə, qardaş,
Vətəni vətənə döndərənlərin.
"Təsəlli" sözünün taqəti yoxdur,
Ananın önündə bir addım ata.
Oğul itkisini alıb çiyninə,
Şəhid hünərinə söykənib Ata.
Heyrət heykəlisən, Şəhid atası,
Səndəki dözümə, taqətə qurban.
Vətən ətirlidir hər bir kəlamın,
Yaralı qəlbində qeyrətə qurban!
Balayar Sadiq
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!