Bilirəm, bir az təmtəraqlı səslənəcək, amma dünyada gedən ictimai-siyasi proseslərə göz gəzdirsək, bu qənaətə gələ bilərik ki, Azərbaycan ədəbiyyatında da (daha çox poeziyada) müşahidə olunan, özünü qabarıq göstərən bir mənzərədir. Düzünü deyim ki, ədəbiyyat yayını, görsəl və internet saytlarınadək onsuz da bununla o qədər bağlı deyil. Əsas odur ki, var olanı görmək. Bunun ədəbi məsuliyyətilə deyərəm ki, mənim "Facebook" dostluğumdakı (bunu cinsəl ayrıcalığa bölmək istəmirəm) qadın yazarlar potensialı və ortaya qoyduqları ədəbi məhsullar çox-çox irəlidədir. Sadəcə, kor gözlər, özreklamçılar görmədən gəlir. Onların adlarını sıralamaqda çətinlik çəkirəm. Nədəni - onların poeziyasında elə nümunələr var ki, müasir ədəbiyyatımızı çiyinlərində daşıyar deyə bilərəm. Sizə təqdim olunan bu şeirlər də bəhs etdiyim nümunələrdən biridir. Aida Adıgözəl imzası Azərbaycan ədəbiyyatının poeziya mənzərəsində az görünsə də, araşdırılmağa, təhlil olunmağa layiqdir.
Aida xanımı mən sözü ilə tanıdım. Onun şeirləri min illik qaynaqlardan bəhrələnir. Hər bir sözü, sanki ədəbiyyatımızın klassiklərinin "məktəb"indən süzülüb gəlib. O, ədəbiyyatımızın daşıyıcısı olmaqla bərabər akademik biliyə sahib olan əsl şairədir.
Məncə, bu şeirlərlə oxucularımız təkcə Aida Adıgözəli yox, bütövlükdə poeziyada qadın hərəkatının nəyə qadir olduğunu görəcəklər.
Kəramət
Aida ADIGÖZƏL
Unudulmayan qadın
Burax əllərimi, çəkil yolumdan!
Bilirəm nə yerdə, nə də göydəsən.
İnan ki, mənimçün bircə gecəlik,
səhər unudulan boş xatirəsən...
İstər sil nömrəmi, istər adımı,
istər o gecədən qalan dadımı,
çətin unudarsan sən bu qadını,
yaranı aldatma... hələ təzəsən.
Adı "Sarıdimdik" olan nağılın,
yadına çox düşər... onda bilərsən.
Sol tərəfin sancar, çıxar ağılın
yaman gec sağalan ağır xəstəsən.
Burax əllərimi, çəkil yolumdan,
sənin göz yaşların məni saxlamaz.
Səni sevməyirsə əgər bir qadın,
unutma, zor ilə gözəllik olmaz.
Xatırla
Məni belə xatırla -
son ada xatirəsi,
bir naşı qayıqçının
yarım qalan həvəsi.
Məni belə xatırla -
qara, dəli qız kimi.
yavanlıq çörəyinə
son səpilən duz kimi.
Məni belə xatırla -
Ruhunun son günahı,
qoca, kor balıqçının
dənizlə vida ahı...
Məni belə xatırla -
tez-tez küsən, inciyən,
hər baxışa qısqanıb
kimsəylə bölüşməyən.
Məni belə xatırla -
gözünə çək şəklimi,
elə o cür də saxla,
bu qədər bəsindimi?
Gedənlərin göynəyən yeri
Soruşma halımı indi necəyəm,
sən vurub qıralı...
sayını unutdum, indi neçəyəm.
Bəlkə də axtarsan viranə qalmış,
dağılmış şəhərdə
yazıq, kimsəsiz
uçulmuş xaraba, yetim küçəyəm.
Bir az ağrıyıram üstünə sağlıq,
sayəndə ürəyim sözümə baxmır.
Hətta əllərim də inciyib məndən
özümə etdiyim yanlışlarımı
üzümə vurmağa əlləri qalxmır.
Hər şey əvvəlkitək, qoyduğun kimi...
pişik xumarlanır soba böyründə,
hamı sappasağdır durur yerində.
Təkcə mənəm ölən balası üstə,
yas tutub ağlayan yazıq anatək.
Təkcə mənəm ölən ayağı üstə...
Necə gözləyirəm gecə tez düşə.
Qaçım xatirəmin qoynuna girim,
yenə əllərimdə qara corabın
savaşa-boğuşa sənə geydirim.
Üstünü axtarım... bəlkə tük olar,
yenə didişməyə bəhanəm olar.
Yenə yaxınlaşır bayram günləri...
yanımda nə qədər adam da olsa
işimdə tənhayam,
yetim uşaqtək
boynumu bükmüşəm
üzü şəhərə.
Boylanıb baxıram
işığı sönmüş,
indi başqaları gülüb gəzişən,
sonuncu satdığın evimiz olan
mənsiz qəribsəyən həmin küçəyə.
Deyingən olmuşam qoca qarıtək,
hər şeyə söylənib söz eyləyirəm.
Bütün gün oturub soba başında
gözümü qapıya köz eyləyirəm.
Dayanıb düşünüb hey söylənirəm -
bütün sevdiklərim məni tərk etdi,
bütün gedənlərim sevərək getdi!
Tanış hekayələr
Sənlə rastlaşanda payız gəlmişdi,
sənin saçlarına nə qədər qırov,
mənim gözlərimə sazaq düşmüşdü.
Biz üşüyürdük!
İkimiz ağ saçlı, gözü eynəkli,
soyuqlar düşəndə canı ağrıyan,
Ümidsiz sevgidən qəlbi göynəkli...
Biz tanış idik!
Bəlkə şeir idi bizi bağlayan,
bəlkə misraların tilsimindəydik.
bəlkə sözlər idi bərk əfsunlayan?
Biz sözə aşiqdik!
İndi qarşımızda bir fincan tünd çay,
Gözümüz yumulu barmaqlar qatdaq,
görüş günümüzü hesabla say, say...
Biz darıxırdıq!
Qarışmış bu ara bir az duyğular,
pərdə arxasında qara kölgələr,
ortalıq qarışıq, artıb qayğılar
Biz uzaqlaşırdıq...
Özündən qaçış
Bir gün yıxılarsan ürəyin üstə,
acı etirafdan - "sevmirəm səni"...
o gündən taparsan dərdi, kədəri,
canından çıxmayan qəmi qüssəni.
Və
Anlarsan -
Sevmək də dəhşətmiş, sevilməmək də!
Sınıb dağılarsan qaranlıqlara,
hər qırıq bağrında min yara açar.
İnamın yıxılar, güvənin itər,
daha şübhələrin min yerə qaçar.
Və
Anlarsan -
Unudulmaq dəhşətmiş, unutmamaq da!
Özünü aldadıb inandırmağa
tapıb yapışarsan saman çöpündən,
ömrün uzadarsan xəyallarının,
çıxmaq istəməzsən, yalan gölündən.
Və
Anlarsan -
Getmək də dəhşətmiş, gedəmməmək də!
Uduzmaq ağırmış, həzm etmək çətin,
ölmək istəyərsən dəyərin üçün,
bir gün inanarsan, demə, dəyməzmiş,
səni düşünməyən birisi üçün.
Və
Anlarsan -
Ölmək də dəhşətmiş, öləmməmək də!
Unudulmuş tənha ruhlar...
Hərdən soruş məni bağlı qapıdan,
qaranquş yuvalı tozlu eyvandan
dəstəyə keçrilib, yazısı itmiş
haçandansa qalmış köhnə qəbzdən,
pərdəsi qaralmış hörümçək torlu,
dəmir barmaqlıqlı pəncərələrdən...
Hərdən otağa gir, evə də baş çək,
göz gəzdir ətrafa, zəngli saata
gör saat səkkizdə yenə vururmu?
Dolabları dağıt, eşib səpələ
gör o çox sevdiyim yaşıl pijama
həmin siyirmədə hələ dururmu?
Hərdən soruş məni boş çərçivədən,
Masanın küncünə niyə atılmış,
Soruş içindəki şəkillər hanı?
Hərdən yadına sal, hərdən xatırla
nişan üzüyünün üstü pozulub
hansısa zərgərə niyə satılmış?
Hərdən soruş məni kirli yataqdan,
niyə səliqəsiz, niyə çirklidir?
Onu kim unudub yığışdırmayıb?
Çoxdandı üstündə yatmıram deyə
təmiz görünməyi güllü mələfə
inciyib özünə sığışdırmayıb?
Hərdən soruş məni... kimdən kimsədən
Hərdən soruş məni... heç çəkinmədən.
Yanğı
Qəfil gələn əcəl kimi
ayrılıq sarılaraq öpdü məni,
Heç bilmədim hansı zaman sevdi bizi...
Hələ yollar... hələ yollar bir tərəfə
çaydaşıtək tolazlayıb,
çay aşağı axıtmışdı özümüzü...
Özümüzə açammazkən sirrimizi
heç bilmədim, heç bilmədim ki, Tanrıya
kim satmışdı Tanrıdan da
gizli alan yerimizi.
Nə xoşbəxtdik, nə xoşbəxtdik
bir zamanlar -
Bir mən idim, bir sən idin, biz bir idik.
Əl-ələ, göz-gözə, diz-dizə,
Sevişərkən həyəcandan təngnəfəs
deyilməyən, yazılmayan şeir idik.
Ta ki, bir gün qəfil gələn xəyanətkar
bir ayrılıq öpdü məni,
öpdü məni,
öpdü məni...
Bal-maskarad tamaşası
Bir-bir yoxa çıxır can dediklərim,
gah gözümdən düşür, gah ürəyimdən.
Canım ağrıyanda dönüb baxıram
Bıçaq saplayıblar düz kürəyimdən.
Gah rollar dəyişir, gah da səhnələr,
çoxalır yanımda üzü saxtalar.
Bu nə bal-maskarad, bu nə tamaşa,
ərtafı bürümüş rəngli maskalar?!
Yaman pərt oluram... eynəyim də yox,
seçim hansı kimdi, nə yuva quşu?
Qaytarın bileti, istəmirəm mən
belə rejissoru, pis quruluşu!
Qaçıram kulisə, yazıqlaşıram,
tanıdıq şəkillər yerə səpilmiş...
Örtürəm qapını, gözləri dolmuş
demə sevdiklərim dünəndən ölmüş!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!