Durum, bir intihar
məktubu yazım
Özümü qoymağa yer tapammıram,
Qara xanalarmı, ağ xanalarmı?!
Görəsən, birinci kim "şah" deyəcək,
Toplarmı, fillərmi, piyadalarmı?!
Vurğu altındadı bütün gedişlər,
Hara qaçmaq olar, bu səddi yarıb?!
İlahi bir-birin elə qoruyur,
Topların, fillərin, piyadaların.
Baxıram, hamsına yazığım gəlir,
İlahi, gör neynir bu nadanların.
Topların insafsız, fillərin namərd,
Sevgidən kasıbdı piyadaların.
Səslər eşidirəm, tükürpədici,
Bir az da qısıllam daş divarlara.
Durum, bir intihar məktubu yazım,
Toplara, fillərə, piyadalara...
***
Ruhumdakı körpə qız,
Kiri, bəsdi ağladın.
Heç kim soruşmayacaq,
Nədi səni ağladan?!
Gülümsə adamlara,
Çox şadam de, çox şadam.
Sonra dön mənə sarı,
Bərbadam de, bərbadam.
Mən də aldatdım səni,
Mən də vaxtla barışdım.
Uşaqları incidən
Böyüklərə qarışdım...
***
Həyatımda kim var, düşsün,
Sonuncu dayanacaqdı.
O arxayın mürgüləyən adamı da oyadın,
Deyin, çatdıq.
Bilirəm, kiçik çillədi,
Hərdən-birdən qar atır,
Yavaş-yavaş axşam düşür,
Vaxtın səbri daralır,
Bir yandan da xəzri əsir,
Dəli edir havanı.
İndi quş da tərk eləməz
İsitdiyi yuvanı.
Deyin, məni bağışlasın,
Oyadın o adamı.
Burdan o yana getmirəm,
Düşün gedin, bir zəhmət,
Üzümə bir "əclaf" deyin,
Küsün, gedin, bir zəhmət,
Gedin üzü xoşbəxtliyə,
Gecdi...
Mən də qayıdım.
Amma nolar, sərxoş-sərxoş yuxulayan
o adamı yavaş-yavaş oyadın...
***
Günahkardı sağlığına içdiyimiz adamlar,
Bütün şərab çeşidləri, bütün məzə növləri.
Cavablarından xəbərsiz o bicbala suallar,
Səbəbləri bilinməyən o ruh düşkünlükləri.
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox...
Günahkardı bu dünyanın bütün çıxış yolları,
Ən böyük supermarketlər
və ən tünd şokoladlar.
Şair sayıqlamaları, filosof yalanları,
Tolstoylar, Şekspirlər, Platonlar və Kantlar.
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox...
Günahkardı unudulan, unutduran hər nə var,
Bütün gözəl indilərə xəyanətdi sonralar.
Təsadüflər günahkardı, zərurətlə örtülü,
Sevənlər də günahkardı, sevgilərin qatili,
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox...
Səbəbkardı bu çirkabın içindəki o saflar,
Varlıqları bu həyatın puçluğuna ithaflar,
Və intihar səhnəsində bir cümləlik monoloq,
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!