"Edebiyyatqazeti.Az" Cahid Sıtkı Tarancının şeirlərini təqdim edir
İSTƏK
Bir məmləkət istəyirəm -
göyü masmavi,
ağacları yamyaşıl,
tarlaları sapsarı olsun,
quşların,
bir də çiçəklərin
diyarı olsun.
Bir məmləkət istəyirəm -
nə başda dərd,
nə könüldə həsrət olsun,
qardaş qırğınına
bir son, bir nəhayət olsun.
Bir məmləkət istəyirəm -
nə zəngini, nə fəqiri,
nə sən - mən qovğası olsun,
qış günü
hər kəsin
başını salmağa
bir koması olsun...
Bir məmləkət istəyirəm -
həyat
və sevgi kimi
könüldən olsun,
olarsa bir şikayət,
ölümdən olsun.
MƏN ÖLƏCƏK ADAM DEYİLƏM
Qapımı
belə inadla
döyüb durma, ölüm,
açmayacağam -
mən öləcək adam deyiləm.
İllərdi
üzüm-gözüm
öyrəşib göyüzünə,
İllərdi
yoldaşımdı buludlar...
Sıxılaram,
quşlar civildəməsə budaqlarımda,
Bilməliyəm,
günəşdi,
yoxsa yağışdı
pəncərəmi tıqqıldadan...
Dəniz görünməlidi
nə vaxt çıxsam eyvana,
Qış girər-girməz
dağlardan enməlidi qar
çörəyini yediyim tarlalara...
Mən öləcək adam deyiləm -
Qapımı
belə inadla
döyüb durma, ölüm,
açmayacağam.
Necə uzana bilərəm
qara torpaqda
qollarım yanıma düşmüş halda?
Əllərim nə deyər mənə?
Buz olmuş qəlbimə
nə cavab verərəm?
Utanmarammı ayaqlarımdan?
Yox, qalxmalıyam,
gəzməliyəm
küçələrdə, parklarda,
əl eləməliyəm
gedən qatarlara,
gəmilərə...
Bilməliyəm
kölgənin uzunluğundan
saatın neçə olduğunu,
Türkü oxumalıyam yolboyu,
fərqi yoxdur,
sevincdən, ya kədərdən.
Keçmiş günləri xatırlamalıyam,
Axar suya
gözümü zilləyə-zilləyə...
xəyallar qurmalıyam
gözəl günlərə dair...
Yanımdan keçənlər olmalıdı -
birinə salam verməliyəm,
birindən salam almalıyam,
Robinzonun -
qərib bir adada
tək-tənha qaldığını
düşünməliyəm
və şükür etməliyəm
insanlar arasında olmağıma...
Qapımı
belə inadla
döyüb durma, ölüm,
açmayacağam -
mən öləcək adam deyiləm...
TUTSAM ƏLLƏRİNDƏN
Tutsam əllərindən - ağlayacaqsan,
Bənək-bənək böyüyəcək qaranlığım.
Bəlkə diksinəcəksən,
Bəlkə qorxacaqsan,
Tutsam əllərindən - ağlayacaqsan...
Mən
amansız gecələrdə
boy atmış bir fidanam -
əllərimdən
torpaq və qan qoxusu gəlir.
Boz-bulanlıq
sularda yaxalanmışam,
Gecələr ulduzların yaxınlığında -
buludların arasında
gəzib dolaşmışam,
Gündüzlər
gün işığına çıxınca,
bir dənizin, bir çayın sahilində
tək-tənha, tək-tənha olmuşam...
Tutsam əllərindən - ağlayacaqsan,
Doğulduğum kəndi bir görsən -
Gecəsi gecəmdən böyük,
Acısı acımdan böyük;
Tutsam əllərindən - üşüyəcəksən...
QƏRİB QATAR
Hara belə bu gecə vaxtı,
Qərib qatar, qərib qatar?
Səsin həzin gəldi mənə,
Yoxsa, bir nisgilinmi var?
Əksilməsin yaylıq yelləyənin,
Hər yolçu, az-çox, aşinam.
Haydı, yolun açıq olsun,
Keçdiyin körpülər sağlam,
Keçdiyin
tunellər aydınlıq olsun.
SƏNƏTKARIN ÖLÜMÜ
Getdi, sinəsi dağlı,
Türküsü yarıda qaldı.
Bütün qapılar bağlı,
Açarlar Tanrıda qaldı.
Getdi, çatdı sona demək,
Əsdi xəzan, soldu çiçək,
Kimə gərək bir boş pətək,
Bütün bal arıda qaldı.
SEVGİMİZ
Zülmü çox, insafı az,
Həyata qarşıdı sevgimiz.
Nə etsələr də çatlamaz -
Səbr daşıdı sevgimiz.
Samanlıqdı seyrangah dediyin,
Sevincdimi, qəmdimi yediyin,
Qədər dediyin hər şeyin
Yar-yoldaşıdı sevgimiz.
Alın yazım - alın yazın,
Bəxt ulduzum - bəxt ulduzun,
Qışım - qışın, yazım - yazın,
Allahın işidir sevgimiz.
DESƏM Kİ...
Desəm ki,
mövsümlərdən yazdı,
aprel ayındayıq -
rüzgarların
ən fərəhləndiricisi
səndən əzir,
Desəm ki,
səndə seyr etdim
dənizlərin ən mavisini,
Desəm ki,
səndə gördüm
meşələrin ən qalınını,
ən sərinini,
Desəm ki,
səndən dərdim
çiçəklərin ən ətirlisini,
ən solmazını,
Desəm ki,
səndə daddım
meyvələrin ən dadlısını,
Desəm ki,
sən mənim üçün
hava qədər gərək,
çörək qədər mübarək,
su qədər əzizsən,
nemətlər nemətisən,
desəm ki...
İnan mənə, sevgilim, inan,
Evimdə şənliksən,
bağçamda yazsan...
Mən səndə yaşayıram,
Sən məndə ömür sürməkdəsən.
Hər gün
gözəlliyindən danışıram,
rüzgarlarla, dənizlərlə,
quşlarla bərabər.
Bir gün
rüzgarlar sussa,
dənizlər sussa,
quşlar sussa,
bil ki, ölmüşəm
və qiyamət günündə
göy qübbəsinin altında
səni gözləyirəm...
DEYİL
Deyil, qardaşım, deyil,
budaq yaşıl, göy mavi deyil,
Mən hansı aləmdəyəm,
sən hansı aləmdə,
bir bilsən…
Ağlından keçərmi deyirsən
ağlımdan keçən şeylər?
Sanmıram.
Ulduz və külək payımız
eyni deyil,
Sən öz gecənlə
gedərsən gündüzə,
mən öz gecəmlə...
Vaz keç bu işdən -
mindiyimiz gəmilər belə
eyni deyil...
YALNIZLIĞA DAİR
Qəlb dostun olmur-olmasın,
Yalnızam deyə heyfislənmə.
Əyilmiş üstünə göyüzü,
masmavi,
bir ana şəfqətinə bərabər.
Üç addım o yandadı dəniz,
həm də səbəbsiz deyil
kükrəməsi və susması...
Bir dərdin varsa,
ağaclara de,
ağac versə, versə,
yarpaq verər rüzgara,
sirr verməz
və qış-yaz
quş əskik olmaz
budaqlarından.
Yalnızlıq nədir bilməzsən
heç zaman...
OYUN
Uçdu, uçdu, bulud uçdu,
Uçdu, uçdu, leylək uçdu,
Uçdu, uçdu, çərpələng uçdu,
Uçdu, uçdu...
Nə uçdu, çocuqlar,
Uçdu, uçdu,
çoçuqluğumuz uçdu...
FİKRİ-SABİT
Nə bilim mən
kimdi Amerikanı
kəşf edən?
Nə edər beş dəfə beş?
Şərqdənmi,
qərbdənmi doğur günəş?
Neçənci padşahdı Yavuz?
Aylardan apreldi, yoxsa iyul?
Nə bilim mən
hara uçur durnalar?
Şaftalı nə zaman yetişir?
Bağçamda
gül açıb, yoxsa çiçək?
Ömrümdə belə deyil...
Bütün günü
ağlımda - fikrimdə
həp o gözəl, həp o gözəl...
AXŞAM VAXTI
Nədən səssiz-səmirsiz baxırsan elə?
Türkünmü bitdi bitən günlə,
Yoxsa, günmü bitdi türkünlə bərabər?
Sevgimiz susduğu, can verdiyi an
Gözlərinə, nə olar, qaranlıq çökmədən
Mənə o nur kimi baxışlarını ver...
BİZ HARDAYIQ, SEVGİLİM?
Gecə məndən, Ayı, ulduzu səndən...
Bir bağçası var ki, eşqimizin -
Yüz mövsüm gəzsək də, bitməz.
Kim demiş ki, zamanla gül solar?
Bülbül heç yorularmı cəh-cəhindən, -
Sən elə həmin dilbərsən,
mən elə həmin dəliqanlı...
Nə hikmətdir bu, ya rəbb, nə hikmət,
Hər halda, yer üzündə deyilik;
Doğrudan, biz hardayıq, harda, sevgilim?
DƏYİŞİKLİK
Sən hər gün
başqa bir gözəl olsan,
Mən hər gün
başqa bir aşiq,
Hər dəfə göz-gözə gələndə
İldırım vurmuş kimi olsaq,
Yepyeni bir eşq ilə dolsaq,
Nə xarüqə olardı yaşamaq,
Nə xarüqə olardı evlilik...
GEDİRƏM
Qərib bir yolcu kimi yalnızlıq içində
Qovrulub gedirəm.
Sərsəri bir rüzgar kimi toz-torpaq peşində
Sovrulub gedirəm.
Sərçə qədər ürəksiz, bir gündən digərinə
Atlayıb gedirəm.
Bütün qumaşlarını açdığım kimi yenə
Qatlayıb gedirəm.
Qış günəşi kimi kefimin əsiriyəm,
Görünüb gedirəm.
Nə dostlarım qaldı, nə sevgilim,
Dirənib gedirəm...
YAŞADIĞIMA BİR İŞARƏ
Bu batan gün, bu kölgə yer,
Bu şəhər, bu qatar səsi,
Yaşıl budaqlardan süzülən
Bu göy, bu mavilik,
Oturduğum rahat qoltuq,
Masamın bəyaz süfrəsi,
Siqaretim, qəhvəm, qəzetim,
Qolumda işləyən saat
Və aradabir əsnəməyim
Hələ yaşadığıma bir işarə...
BAHAR MƏSTLİYİ
İlk sevgilinin gülüşünə bənzər
Bir bahar havası deyilmi əsən?
Qandalların, qəfəslərin acığına
Qanadları açmaq zamanıdır -
Məni yolumdan kim saxlayar, kim,
Ver əlini, göyüzü!
Geyinənlər çəksin dərdini
dar əlbisənin,
Yetər
ölçülü-biçili söz,
ehtiyatlı addım -
Mən qurtuldum
qəfəsdə quş olmaqdan,
Çıxdım azadlığa,
uçdum, uçdum,
Ərik ağacı gəlin olduğu gün.
Yuvası eyvanda qalan qaranquş,
Balası budaqlara əmanət sərçə,
Məscid minarələrinin
üstündəki göyərçin,
İstanbulun
Göyüzü məhəllələrindən keçirəm,
Üzü günəşə doğru,
Arxamca gələcəksinizmi?
Süd kimi dümağ bir qağayıyam mən,
Yol göstərirəm
buğda və dərman yüklü gəmilərə -
Bir uçuşda buludlardayam,
Bir enişdə Vətən sandığım dalğalarda…
GÜN ƏKSİLMƏSİN PƏNCƏRƏMDƏN
Nə doğan günə hökmüm keçər,
Nə halımı anlayan bulunur.
Ah, ağlımdan ölümüm keçər,
Bir də bu quşlar, bu bağça, bu nur.
Və könül Tanrısına deyər ki:
Şikayətim yox verdiyin ələmdən.
Hər möhnət qəbulum, yetər ki,
Gün əksilməsin pəncərəmdən.
ABBAS
Sözümüz sözdü ha, Abbas,
Demişdin:
axşam olsun,
bu da axşam.
Aç süfrəmizi:
düz hovuzun kənarında,
ağacın altında,
Aya da xəbər elə
çıxsın bu gecə,
Hər şey könlümüzcə olsun,
könlümüzcə…
Belə fərman verdi Cahid:
"Get gətir sevgilimi Beşiktaşdan,
Yaşamaq istəyirəm
gəncliyimi yeni başdan…"
Hazırladı: Dilsuz
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!