"Nə qəm hücrəsinin zəvvarı oldum, Nə sevinc kamına süvari oldum..." - Şeirlər - Firuzə MƏMMƏDLİ

 

Şeirim

 

Yapışıb yaxamdan şeirin əlləri,

Sınayın, yaxamdan dərin əlləri.

Göyün yaxasıdı, yerin əlləri

Bu taleyim şeirim, bu baxtım şeirim.

 

Xəbis sevinməsin, qalmaqalım var,

Addan-sandan uca bir cəlalım var.

Nə yaxşı, yaxamda söz medalım var,

Nə yaxşı, yaxamı buraxmır şeirim.

 

2020

 

*** 

Bir dəstə gül bağladım

Ayrılığın adından.

Qoydum yolunun üstə...

Çıxmasın ha... yadından.

 

Gedəndə götür apar,

Haçansa dada çatar.

Ümidlər - vaxta çapar,

Xəbər göndər çatanda.

 

Öz-özünü ol qanan,

Qıyma yuxun aldana.

Qoy başının altına

Qolum kimi...

Yatanda.

 

2020

 

Məni

 

O nurlu gözlərdən əsər qalmayıb,

O məhrəm sözlərdən əsər qalmayıb.

Aldanma... Bizlərdən əsər qalmayıb,

Anlaya bilməzsən danışsam, məni.

 

Nə o sən qalmısan, nə o mən daha,

Üzülüb də gedib əl əldən daha.

İl-ilə qalaan "hasardan" daha

Boylanma, görməzsən yanaşsam, məni.

 

Yeri, get, işində-gücündə girlən,

Ömür bir karvandı, köçündə girlən.

Çəlikli, əsalı biçimdə girlən,

Soruşma bir dostdan, tanışdan məni.

 

Yoxdu, yoxa çıxıb, o səs, o həvəs,

Gördüyün nə vardı, nə yoxdu, - əbəs!

Ötüb-keçənlərə tapılmaz əvəz,

Ovutma yalandan, yanlışdan məni.

 

Qaytara bilsəydim bir qara günün,

O ümid məbədi, həvari günün,

Olardım zikrinin zəvvarı günün,

Edərdi talelə barışan məni.

 

2020

 

Unut

 

Unudaram səni ildə bir misqal,

İldə bircə qram köçərəm səndən.

Köçərəm özümdən sənin xətrinə,

Öz xətrimə tamam keçərəm səndən.

 

Nağıla bənzərdi o sənli günlər,

O mənli anlardan qaça bilmirdin.

Məni unutduran o qəmli günlər

Sənə qovuşacaq haçan, bilmirdin.

 

Zaman unutdurur, vaxt uda bilsən,

Mən səni unudum, sən məni unut.

Vaxtın da əcəli var, axı... Ölsəm,

Vaxtın da öldüyü dünəni unut.

 

2019

 

Gəl qayıdaq

 

Gəl, qayıdaq o əvvəlki

ağlımıza!

Gah danışaq, gah su alaq

ağzımıza!

Bir az elə nağıllardan

enib gələk,

Bir az elə Simurq quşu

minib gələk.

Gördüyümüz dəhşətləri

ta anmayaq,

Gözümüzə dürtsələr də,

inanmayaq.

İnanmayaq o soyana,

soyulana,

inanmayaq haqq üstündə

döyülənə...

Yaylaqları, məhbəsləri

ta unudaq,

Ta unudaq qadağanı,

qanunu da.

Kef-damağa həvəsləri

ta unudaq.

Ta unudaq məslək, inam

anını da.

Yox olası nəsnələrə

duz çevirək,

Yaxınlara, doğmalara

üz çevirək.

Gəl, qayıdaq o əvvəlki ağlımıza!

 

2020

 

Get

 

Nə durmusan, bu bahardı, bu yazdı,

Baxma, çöldə duman, bulud, ayazdı.

Görürsən ki, dərinliklər dayazdı,

SMS yaz, götür möhlət özün get,

"Evdəqal"ın söz-sovundan üzül get.

 

Belə getsən, hər gediş bir dərd olur,

Gedişinə gəlişin də şərt olur.

Üç saatlıq yol ölçüsü sərt olur,

Qalsın elə SMS-də gözün, get,

"Evdəqal"ın söz-sovundan üzül get.

 

Əlcək, spirt, maska, filan silahlan,

Bu bir riskdir, riskli yola silahlan, -

Göz-qulaq ol sağa-sola, silahlan,

İkicə metr məsafədən düzül get,

"Evdəqal"ın söz-sovundan üzül get.

 

2020

 

Var

 

Yaxın bildiyim rəfiqələrimə

 

Dərdimi açdığım anam-bacımsan,

Röyam, həqiqətim; işıq ucumsan.

Bir gün qəm hıcqırıb, kədər uçunsam,

Sənintək özünə qaytaranın var.

 

Mən tufan adladım bahar ömrümdə,

Mən axşam yaşadım səhər ömrümdə.

Səksən il kənd çəkdim şəhər ömrümdə,

Bəxtimdə il yatıb, ay duranım var.

 

Nə qəm hücrəsinin zəvvarı oldum,

Nə sevinc kamına süvari oldum.

Sərsəm bir taleyin ovsarı oldum,

Dizimdə qisməttək vay vuranım var.

 

Elə acısıyla bəsləyir məni,

Biganə-biganə əsnəyir məni.

Bir nida qeybdən səsləyir məni:

"Haqqın qulağına hayqıranın var".

 

2020

 

*** 

Üçdən, dörddən qaçan yuxum,

Harda gəzim, tapım səni?

Üzünə bağlı qalmaqdan

Qaçaq salıb qapım səni.

 

İki dəfə iki olmusan,

Nə böyük itki olmusan!

Beynimin yükü olmusan, -

İndi necə yatım səni?!

 

Yuxuydun, hərdən qaçırdın, -

Gah dərd-sərdən qaçırdın,

Gah bəd xəbərdən qaçırdın...

Hürkütmüşdü adım səni?

 

Nəfəs ilə, hava ilə

Gəl, gözümdə yuva elə.

Axı hansı dua ilə,

Hansı həblə dadım səni?!

 

2019

 

Nəsimi ilə

 

Ovcumu qoydum şəklinə,

Mən doldum Nəsimi ilə.

Məslək, inad, inam oldum,

Mərd oldum Nəsimi ilə.

 

Razısan? Soruşdu məndən,

Üşütmətək keçdi məndən.

Bir ruh imiş, uçdu məndən,

Dərd oldum Nəsimi ilə.

 

İşdim, gücdüm, əməl idim,

Özül idim, təməl idim.

Üçqat ağıl-kamal idim,

Dörd oldum Nəsimi ilə.

 

Dörd ünsürə söz vermədim,

İşıq verdim, göz vermədim.

Kəmfürsətə üz vermədim,

Sərt oldum Nəsimi ilə.

 

Şeirin dadın-duzun gördüm,

Heca-heca dözüm gördüm.

Onda Tanrı üzü gördüm,

Hərf oldum Nəsimi ilə.

 

2019

*** 

Mən səni heç bu qədər

Yaxında duymamışdım.

Əllərini borclutək

Yaxamda duymamışdım.

 

Baş hərftək söz önündəydin,

Ləpir iz önündəydin.

Hər an göz önündəydin,

Baxanda duymamışdım.

 

Oxa gərgin yay idin,

Səsi sözdən ayırdın.

Bulaqdın, qaynayırdın,

Axanda duymamışdım.

 

2020

 

Bu payız

 

Danışa bildiyim qədər danışdım,

Sümükdən iliyə qədər danışdım.

Əlimdə çəliyə qədər danışdım,

Mən daha nə deyim bu payız haqda?!

 

Dediyim onundan beşidir deyə,

Dedim öz sözümü, eşidin deyə.

Tayım, tuşum deyə, yaşıdım deyə,

Sarı libas geyim bu payız haqda.

 

Əlimdən tutarsa, küləyi olum,

Sərvəti, məhsulu, çörəyi olum,

İlahi, hər saat gərəyi olum, -

Yazım, ömrüm-günüm bu payız haqda.

 

2017

 

*** 

Bir azca diqqət kəsilim,

Bir az başa salım səni.

Çək-çeviri yaxa cıran

Dilə-dişə salım səni.

 

Sorğu-sual baş aparsın,

Gözlərini yaş aparsın.

Qismətini quş aparsın,

Durum işə salım səni.

 

Özümdən əl üzüb qalım,

Bir az qəmə sızıb qalım,

Zülmətində azıb qalım,

Qalın meşə salım səni.

 

2020

 

*** 

Belə gözəlliklərin

Nə dadı, nə tamı var.

Bu yarış bazarında

Hamı yoxdu, hamı var.

 

Yenə zümzüməsilə

Nəğmə deyir samovar.

Yenə süfrə başında

Hamı yoxdu, hamı var.

 

İşdə, gücdə, əməldə...

Xanım deyil xanımlar.

Xanımlıq cərgəsində

Hamı yoxdu, hamı var.

 

2020

 

*** 

Söz-söz yanıb gedirik -

Bişməmək olmur daha.

Sözə yem olanları -

Kişləmək olmur daha.

Sərhəd deyil, sədd deyil, -

Keçiləsi hədd deyil.

Sözdü, şovdu... Qənd deyil,

Dişləmək olmur daha.

 

İtib gedər, yazmasan,

Xeyrə, şərə yozmasan.

Yazdığını pozmasan,

İşləmək olmur daha.

 

2020

 

*** 

Payız daha

bu tərəflərə üzükməz, -

Yazın saçlarını

yolmağa həvəsli canı

haradasa

karantinə düşüb.

Baxıb

dünyanın ovqatına,

saralmış yarpaqlar da

saplağından

asıla qalıb, -

gözü payızın yolunda.

Payız

nəfəsini içinə çəkib

uğurlu bir

yağış gözləyir

buludların gözündən.

Buludlar

Qarabağ səmasının

gözündə azadlığın

nəşəsindən

məst olub.

 

2020

 

Karantində

 

Bacı canı, gözəllikdə təkcəsən,

Bir çiçəkli, bir ətirli bağçasan,

Sazlı-sözlü...

açılmamış boğçasan,

Bacı canı, sənsiz yaman gündəyəm.

 

Yerişimiz bağça-bağça üzülüb,

Yollarımız-boynubükük, üzülü.

Ömür-gün ki, karantində çözülür,

Alışanmır ayaqdakı kündəyə.

 

Nə gündəyik, nə haldayıq, bilən yox,

Gözümüzü həsrət yuyur, silən yox.

Deyirlər ki, koronadan ölən yox,

Bəs ölənlər nədən ölür? Kim deyər?

 

Biri deyir, şəkər imiş, qənd imiş...

Biri deyir, virus-mirus fənd imiş...

Vallah, Billah, bu fənd-fel, sən demiş,

Hansı başda qoz sındırsa, inciyər.

 

2020

 

*** 

Ey bülbüli-qüds, nə girifdari-qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə.

 

İ.Nəsimi

 

Hər şey keçib gedəcək,

Biz də o "hər şey" kimi.

Zamanın dodağında

Susacağıq ney kimi.

 

Hər şey əbəsmiş, əbəs,

Hamımız - quru nəfəs,

Qırılacaq bu qəfəs,

Uçacağıq göy kimi.

 

1997

 

*** 

Baxıram ayaqlara,

Hərədə bir can gedir.

Birində şir pəncəsi,

Birində ceyran gedir.

 

Dəyişmir ab-havası,

Bir qocaman həvəsin.

Elə qaranəfəsdi,

Düz yolu da yan gedir.

 

2020


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!