"Sənə sevgimin rəngi Ağdır - Ağappaq, qar bəyazlığı..." - Şeirlər - Xanım AYDIN

Şəhidlər

 

Şəhidlər

Dağ - zirvə gözlərimizdə.

Şəhidlər

Dağ - ağrı ürəyimizdə.

Qələbə - məğrurluq, qürur, heysiyyat!

Şəhidlər - susqunluq, sükut, səcdəgah...

Kədər də bizimdi, sevinc də bizim,

Gözlər bir ona, bir buna dolur...

Fərəhdən ruhumuz uçduğu zaman,

Şəhid acısından qanımız donur...

"Vətən sağ olsun!" uca kəlmədir

O ucalığın yarası dərin.

Acısı sağalmaz, hər gün göynədir.

Şəhid qanıyla suvanan torpaq,

Bu qisas qanıdır, biz unutmarıq.

Əsgər vüqarıyla dalğalan, bayraq,

Sənə könül verdik, biz ayrılmarıq...

 

 

Sənə sevgimin rəngi ağdır

 

Sənə sevgimin rəngi

Ağdır -

Ağappaq, qar bəyazlığı.

Darıxıram, ağ edirəm -

Bu qədər darıxmaq olmaz.

Hissimə göz ağardıram -

Bu qədər alışmaq olmaz.

Yox, qorxmuram kül olmaqdan

Külün öz rəngi də Ağdır.

Sənə alışmaqdan qorxuram.

Duyğumun Ağ ipin çəkirəm,

O da üzümə Ağ olur.

Baxmır Ağına-bozuna,

Ruhum düşüb küçə-küçə,

Ulduzları düzə-düzə,

Sənlə mən arasında

Yolları da Ağardıbdı.

Lap Ağını çıxarıbdı...

Sənə sevgimin rəngi Ağdır -

Ağappaq, qar bəyazlığı...

 

Mən uşağam

 

Mən uşağam...

ağlayıram istədiyim olmayanda,

Gözüm baxıb gözlərindən doymayanda.

Hədiyyəmdir, sovqatımdır

bir baxışın.

Əhvalımdır, ovqatımdır

bir baxışın...

Mən uşağam

könlümü al yavrun kimi.

Böyümədim, böyütmədi illər məni.

Mən uşağam

Fərqi nədi yaşım nədi?!

Səsini eşitmək istəyirəm

 

Səsini eşitmək istəyirəm, səsini...

Səhərin yaşam çağında,

Günün axşam çağında

Gecənin şam çağında

səsin sözlərin kimi

qulağıma sırğa taxılsın,

Boynuma süzülsün-axsın

 

 

Bat sevgimin dərininə

 

Bat sevgimin dərininə

Gözüyumulu,

Üzüqoyulu!

Eşq qoxulu -

Sevdaya bat.

Qorxma,

Mən ki varam.

Əllərini mənə uzat,

Burulğana özünü at.

Buruq-buruq saçlarıma

Dolan, mənə ruhunu sat...

 

Sən...

 

Sən... Sən... Sən...

Niyə baxdın gözlərimə elə dərin, elə həzin?

Bəlkə də, birazca sərin. 

Bir nəfəs yaxınlığında

Uçurum uzaqlığında.

Niyə baxdın?

Nə axtardın gözlərimdə?

Sevgi? İtki?

Adsız duyğudu mənimki.

Nə eşq kimi bir eşq deyil, 

Əzab kimi əzab deyil.

Eşq olsaydın, sarılardım,

Hörülərdim ürəyinə...

Şeir kimi sözlərinə

Yazılardım...

Əzab olsan ağlayardım,

qurtulardım bircə göz qırpımında.

Yuxusan sən...

Gerçəklikdən uzaqsan sən

Bir qəribə duyğusan sən

Sən... Sən... Sən...

 

 

Bilsəydin...

 

Sən bilə bilməzsən niyə inciyəm,

Sən bilə bilməzsən nədən inciyəm.

Sənin an soyuğun qar uçqunudur.

Sənin an yoxluğun gün tutqunudur.

Yer göy qaralır,

Yer göy buzlayır,

Yarpaq da tərpənmir sükutda qalır.

Heç kim nəfəs almır,

Heç kim yaşamır.

Ucsuz-bucaqsız insan cismindən,

Bir dünya məzarlıq sonsuz uzanır.

Sən bilə bilməzsən niyə inciyəm,

Bilsəydin bir kəlmə isti verərdin.

Bilsəydin...

 

Darıxıram

 

Darıxıram...

Bu darıxmaq çıxacaq mənim sonuma.

Dondan-dona

girsəm də mən, öz donuma -

Vücuduma qayıdıram.

Darıxıram dona-dona.

Yad donların heç birisi

                        biçilmir mənim boyuma.

Sıxılıram...

Sənin üçün darıxıram...

 

***

Məsələn, sən rəssam olasan,

Mənsə dəniz!

Nazımı çəkə-çəkə

Dalğaları libasım,

Sahili saçım, üfüqü baxışlarım

Günəşi sevgim kimi çəkəsən...

Bacararsan?..

 

İllüstrasiyalar: Marc Chagall (Mark Şaqal)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!