Ağ gülün şeiri - QARDAŞXAN

Sən verdiyin ağ gülün

əksi min yerə düşür, -

Gözdən qəlbə, qəlbdən sözə,

Sözdən göylərə düşür.

 

Şər qarışır saçlarına...

Sən bax bir ağ çiçəyə, -

Milyon-milyon ulduz olur,

Səpələnir gecəyə.

 

Ağ güllərlə köpüklənir,

Göy daşır sahilinə.

Salam, Kiçik Ayı bürcü,

Yeddi bəyaz gülünə!

 

Ürəyimdən ulduz-ulduz

tikan çıxardan səma,

ağ gül açır başdan-başa

sənlə görüşən zaman.

 

Əlin gültək açılır

ləçək barmaqlarından.

Mən ağ gülü qoxlayıram

əlindən öpdüyüm an.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!