Şəhid
Ənvərli Aqşinə
Bir igid tanıyıram,
Arzusu, kamı boyda.
Bir igid tanıyıram,
Özü vətən boydadır,
Məzarı hamı boyda.
Bir igid tanıyıram,
Ölməzlik qalasıdır.
Məqsədindən, yolundan
Dönməzlik qalasıdır.
Tanıyıram, o igid,
Dava leytenantıdı.
Yaralı əsgərlərin,
Müharibə həkimi,
Şəfa leytenantıdı.
Bir çiynində çantası,
Bir çiynində silahı,
Savaşda şəfa verən,
Müharibə allahı.
Səninlə fəxr edirik,
Ey müqəddəs ruh təbib.
Dağlardan uca təbib,
Çaylardan duru təbib.
Bizimləsən, dəyişmir
Şəhid dünyanı, qardaş.
Dayan, dayan, qoy baxım...
Barmağın hanı, qardaş?
Səndən öncə barmağın
Qarışıbdı vətənə.
Neçə güllə sığırmış,
Görəsən, bir bədənə?
Görəsən, kim böyükdü,
Zəfər axşamı boyda?
Özün vətən boydasan,
Məzarın hamı boyda.
Şəhid
Abakarov Nailə
O gecə, Günəşin də
Qəfil söndüyü gecə...
O gecə mələklərin
Yerə endiyi gecə.
O gecə yaddaşında,
Susub fəryad saxladı.
Küləklər uçdu getdi,
Quşlar qanad saxladı.
Bir xəbər bir atanın
Ürəyini geyinib,
Əynində aparırdı.
Bir ata ovucunda
Böyütdüyü balasın,
Çiynində aparırdı.
Aparırdı adamlar
Bir körpə beşiyini,
Bir ananın qəlbini,
Həyəti, bacasını,
Evini, eşiyini.
Bir qız boynunu büküb
Dayanmışdı kənarda.
Sevənlər ayrılanda
Alışar da, yanar da.
Yox, bu ayrılıq deyil,
Evinə dönməkdi bu...
Ana, vətən, qohumlar,
Dost, tanış, qardaş, bacı -
Hamını sevməkdir bu.
Şəhidlik əbədiyyət,
Sevilməkdi, sevməkdi.
Mələklərə qoşulmaq,
Günəşə can verməkdi.
Şəhid
Abasov Ağababaya
Yenə hava soyuqdu,
Külək adamı kəsir.
Axşamın xeyri, şəhid.
Haqqında oxuyuram,
Dilim, dodağım əsir.
Sən göylərdə mələksən,
Sən yerlərdə insansan?!
Sən beş ayın əsgəri,
Əbədi qəhrəmansan.
Anan da razı səndən,
Elin zəfər anası...
Tələbə anasıydı,
Sonra əsgər anası.
Sən sözünü tutmusan,
O ürəyi yanana,
İndi dediyin kimi,
Şəhid anası deyir,
Hamı sənin anana.
Yadındadır? Komandir
olanda sevinmişdin...
"Təşəkkürnamə"ni də
Alanda sevinmişdin.
Sevinəndə gördün ki,
Anan da şükür edir.
İndi bütün məmləkət
Qalxıb ayaq üstünə,
Sənə təşəkkür edir.
Sən də ki, yaşayırsan,
Özün dediyin kimi.
Məzarın da düzəlib
Sən istədiyin kimi.
Beləcə, arzuların,
Qoy, həmişə çin olsun.
Get, hava da soyuqdu,
Ananın yuxusunda
Yat, yuxun şirin olsun.
Şəhid
Abasov Ayaza
Şəhidlər harda olur,
Dünyanın harasında?
Məzarına baxıram
Məzarlar arasında.
Vətənin hər yerindən,
Şəhidliyin görünür.
Üzündə körpəliyin,
İgidliyin görünür.
Lap uzaqdan seçilir
Şəhidlərin başdaşı.
Məzarını bəzəyir
Bir atanın əl izi,
Bir ananın göz yaşı.
Göz yaşından məzarın
Çiçək açır, gül açır.
Elə bil şəhidlərin
Məzarı işıq saçır.
İşıq saçır şəhidlik
Zirvəsindən hər yana.
İşıq saçır Şuşadan
Bütün Azərbaycana.
Mən indi bilirəm ki,
Şəhidlərin məzarı
Ocağım, pirim imiş.
Vətən, millət, şəhidlik
Bir yazar kimi mənim,
Ən həssas yerim imiş.
Bəlkə yerim buradır,
Bu məzarın ayağı?
"Ruhum, yığış, gedirik"
İkimiz də aşağı.
Şəhid
Mayılov Bəxtiyara
Bu gecə bir şəhid yuxuma gəldi,
Qəzəblə, nifrətlə üzümə baxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
Əlinin qanını sinəmə yaxdı.
Bu gecə bir şəhid yuxuma gəldi,
- Ata olacaqdım, - dedi - a zalım,
Mən də sənin kimi körpə balamı
İstərdim qollarım üstünə alım.
Bu gecə bir şəhid yuxuma gəldi,
"Hardasan?" - üstümə
bağırdı bir az.
Sonra sakitləşib "ay ana" dedi,
Ağladı, anasın çağırdı bir az.
Bu gecə bir şəhid yuxuma gəldi,
Bir məktub uzatdı və uca tonla,
"Bunu sevgilimə verərsən" - dedi.
"Əlvida" yazmışdı kağıza qanla.
Bu gecə bir şəhid yuxuma gəldi,
Bildim ki, bu mənim xəcalətimdir
Görüşdük, danışdıq, gedəndə dedi:
"Vətənim sizlərə əmanətimdir".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!