"Otel otağına bənzər bəzi adamlar..." - Şeirlər - Fuad CƏFƏRLİ

Növbəti yoxluq...

 

(Məni çox yoxluqlara öyrəşdirdilər.

İncimə, bunu hesablamağa

sənin tənhalığın yetməz...)

 

 

Əslində, gedənlərin hamısı

məni daha çox yoxluğuna öyrəşdirərək,

Hiss etdirmədən ömür kimi

hər gün bir az gedirdilər.

 

İndi isə sən...

Sus!

Lazım deyil, özünə əziyyət vermə,

Ürəyin necə istəyirsə elə get.

İstəyirsən, bir sabah çağı

yalvar, üzr istə, daha bacarmıram de!

Ya da gecələrin birində

ürəyimə bənzətdiyin nə varsa

hər şeyi qır, get.

 

Neyləyirsən elə,

yetər ki, yenidən

məni yoxluğa öyrəşdirmə.

 

Daha növbəti bir yoxluğa öyrəşmək istəmirəm.

Daha nifrətdirsə,

nifrət etmək,

Sevməkdirsə,

sevmək istəyirəm.

Qorxma,

nə ehtiyat elədiyin qədər qəddar,

nə də

sandığın kimi zəifəm.

Axı özün demişdin,

safam;

Nətəhər işdirsə

həm də çox bilmişəm.

Hər misranda da

dəliymişəm.

Bax, gördüyün kimi ağlın zirvəsindəyəm

Ona görə də

qorxma,

necə istəyirsənsə,

nə vaxt istəyirsənsə

get.

Bircə məni yoxluğuna öyrəşdirmə.

 

Boş dönmək qorxusu

 

İnsanlar düşünürlər ki,

qatarlardan fərqlidirlər.

...Və onların bir adı var.

Ancaq səhv edirlər;

İnsanın birdən çoxdu adı.

Məsələn, Uşaq adı,

Ata adı, Ana adı,

ağıllı adı axmaq adı

və saymadıqlarım...

Axx, bu kirli insanların

xudbin şəhərləri...

Bütün şəhərlər

yaşamaq üçün

adını bir qatara verər.

Ancaq onlar insanlardan fərqlidi.

...Və onların bir adı var, bir adı.

O gündən sonra qatarlar

küsdü relslərdən,

daha nəin ki, "Sobibor"a

indi hər yerə maşinistlər

məcbur sürüyür onları.

Kədərli səslənsə də

qatarlar daha nə insanlara

nə də relslərə güvənir.

Çünki sadəcə

boş dönməyin əzabından

qorxurlar.

Bilirsən, bu həyatdan

boş dönmək nə deməkdir?!

 

 

Hesab

 

Hər şeyin bir hesabı var

bu dünyada.

Heç nə havayı deyil.

Tənhalıq belə...

 

30 ildən çox ömür,

xəyanətlər...

üstəgəl, bir neçə şüşə uşaqlıq

və köhnə otaqda

tanımadığın insanlara

şamlarını itirib

sonrasa susmuş

bir pianonun öndə rəqs bərabərdi üç nöqtə...

 

Sən içindən şeir pıçıldamaq istəyirsən

onlarsa kişi, qadın,

nə bilim insan hüquqları sevdasını...

Amerikadan öncə

qadınlara hüquq verən ölkədə, məncə,

kimsənin feminist olmağa haqqı çatmır.

Lənətə gəlsin bu fırıldaqçı bar sahiblərini,

sözün şirin yerində

bir qədəh daha içməyə yenə pul çatmır...

Səs-küydən gecəyə açılan qapının

sonrasını isə kimsə xatırlamır ...

 

 

Nəfəsi kəsilmiş

otel otaqları

 

Otel otağına bənzər bəzi adamlar,

sakini yiyəsindən başqa -

kim istəsən...

otel otağına bənzər

bəzi adamlar,

yayında əriyib,

qışında çiliklənərsən.

Köksündə yatarsan,

fəqət dincəlməzsən.

Lənətə ürəyin,

alqışa dilin gəlməz.

Otel otağına bənzər bəzi adamlar,

sakini yiyəsindən başqa -

kim istəsən...

 

Gözlərində gecəni,

sözlərində gündüzü xatırlayarsan.

Gözünə baxanda kar,

sözünü eşidəndə kor olarsan.

 

Səssiz...

bax beləcə,

yormadan yorularlar.

Yerişlərindən çox

gülüşlərində axsayarlar...

Otel otağına bənzər

bəzi adamlar;

yiyəsindən başqa,

sakini kim istəsən...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!