"Mənim xəyallarım uşaq xəyallarıdı..." - Şeirlər - Fəxrəddin ƏSƏD

 

General-mayor

Polad Həşimovun xatirəsinə

Yuxu kimi yaşamaq istəyirəm ömrümü.

Uzun-uzadı yox,

qəfil gələn dolu kimi.

Tale işidi unudulub unudulmamaq.

Qoy gurlasın yağış

pəncərəmdə naxış-naxış

və göy qurşağıtək parlasın işıq.

Haray salmırsa

qorxaq və aciz böyüyər

oyun zamanı

topu əlindən alınan uşaq!

 

 

Nağılsız uyumayan

qızcığaza

 

Böyük Vətən Savaşının

şəhid uşaqlarına

 

Ey, orada kim var,

məni eşidirmisiniz?

tabutun içindən səslənirəm sizlərə

yanımda gəlinciyim.

Üşüyürəm

gəlinciyim də üşüyür,

buralar çox soyuq!

Gözlərimi yumsam da,

hələ yatmamışam,

nağılsız uyumam ki!

Ey, oradakılar,

uzadın əllərinizi,

mən sizi eşidirəm

artıq yaşım dörd, -

bir qızam yepyekə!

Çox da ki əlim, ayağım tikə-tikə,

heç sönmədi ki,

oynamaq həvəsim.

Barı sinəmə sığınan

gəlinciyimi qaldırın

tükənməsin nəfəsi!

 

***

Atam ömür boyu dil açıb danışmadı

beşiyindəymiş kimi yaşadı ömrünü.

dilinin ucundaydı demək istədiyi söz,

deyə bilmədiyi gözlərində.

Gözlərdən seçib ayırardı

Sözlərin qırmızısını, qarasını...

Atamı xatırlayıram:

qarlı qış günlərində

dəmirçi kürəsinin başında.

birdən-birə

donur uşaqlıq illərim yaddaşımda.

donur üzlər, donur gözlər.

Ata! Ata,

O hansı sözdü ürəyində qaldı?

Nədən axı

mənim sevdiklərim

soyuq və laldı?!

 

 

***

Şər qarışıb...

uşaqlar küçədən yığışıb...

qapıya yaxınlaşan

tanış addım səslərini axtarıram

sonuncu pilləni qalxa-qalxa, -

məni evə səsləmirlər,

danlamırlar daha -

"Niyə köynəyin tərləyib,

niyə rəngin belə solğun?!".

Əlləri titrəyə-titrəyə,

yorğun-yorğun

anam açardı qapını...

 

 

***

Vaxtlar vardı balacaydıq,

əlimiz güclə çatardı açar dəliklərinə

uşaqsan, deyə

bizi buraxmazdılar böyüklərin arasına,

açar dəliyindən baxardıq

qonşunun gəlin köçən qızına!

Biz böyüdükcə açarlar da böyüdü

açar dəlikləri də.

İndi də əllərimiz çatmır

qapı dalında

kiminsə çiyninə qalxıb

bizi haraylayan uşaqlığımıza...

 

 

***

Lənətə gəlmiş xatirələr,

lənətə gəlmiş sənli günlər.

Nə olaydı

qarşımda dağ ucalaydı,

divar hörüləydi;

yaddaşımı itirəydim, -

bir də düşməyəydim izinə.

Hara baxıram;

adamlar, ağaclar, quşlar

sən rəngdə dəyir gözümə!

 

 

***

Yağışlı günlərdə

qanadlanıb uçaydım,

 çıxıb gedəydim bu yerdən.

Adil Mirseyidin

sulu boya ilə çəkdiyi rəsmdəki qadın

neçə gündu ürkək-ürkək

gülümsəyir pəncərədən.

 

***

Ürəyimin səsini dinləyirmiş torağay

əski patefondakıtək  oxuyur pəsdən.

arada səs kəsilir,

yenidən oxumağa başlayır,

sanki torağayı kimsə daşlayır.

Quşcığaz hardan bilsin

bu nə tale,

bu nə qədər?!

Hara uçsa,

hansı mahnını oxusa da,

ovçu əlində hədər!

 

 

***

Anadil quşları kimi haraylayır görən:

- tapdın, tapmadın?

Səs ağrılı-ağrılı dolur otağıma,

çökür yatağıma-yuxularıma.

axı mən də bu yollarda ömür yoruram,  

xəyallar qururam.

Mənim xəyallarım uşaq xəyallarıdı, neynim?!

Uşaqlar nə istər ki,

atasından, anasından yana?

Elə mən də üz tutsam da hayana,

anadil quşlarıtək

ötən günlərimi haraylayıram!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!