"Kağanlar kitabı"ndan seçmələr - Elxan Zal QARAXANLI

 

Türk əsrinin başlanğıcında - 2000-ci ildə mən iki böyük türk dostuma, Nizami Cəfərova ("Xaqanlar kitabı") və Azər Turana ("Türk çölünün şeirləri") şeirlər sırası həsr elədim. Bunlar fərqli iki sıraydı. Zaman-zaman hər iki sıra kitablaşdı. Adam üzünü mübarək adamlara tutanda Tanrı da ün göndərir. İndi yeni gələn ünlərdən Azər Turanın rəhbər olduğu "Ədəbiyyat qəzeti"nə göndərirəm. Düşünürəm ki, Nizami Cəfərov şəxsiyyəti Tanrının Azərbaycan türkünə verdiyi bir lütfdür və onun adına başlatdığım düşüncələr qəlbimizdə qələbə ruhumuzu həmişə var edər. Və qalib millət qalib sevgidə də, savaşda da zəfərli düşüncələri zikr etsə daha faydalı olar. Çox sevdiyim şair dostum Səlim Babullaoğlu deyir ki, sən bu tipli şeirlərə şərh yaz ki, oxucu anlasın. Razıyam, qardaş, mənim bu tipli şeirlərimi Türkiyədə geniş şərhlərlə nəşr edirlər, məncə, Azərbaycan nəşrləri də o şəkildə olmalıdır. Kitabda öylə də edəcəm, axı bu seirlər aramızda əsrlər məsafəsi olan türk kağanları ilə söhbətlərimdir. "Ədəbiyyat qəzeti" isə mənim türk düşüncəli insanlarla ünsiyyət vasitəmdir.

 

Mete-Oğuz baqatur

 

Ox atdım, qartal uçdu,

Yol üstə qurd uladı.

Tenqrinin yıldırımı

İçimdə od qaladı.

Bəylər azdı yolunu,

Dərdlər parladı diş-diş.

Bizim məngü elimiz

Yokadı barır ermiş.*

Ay-günəş məni seçdi

Buyruğumda dayan hun.

Ulu göyün altında

Olmuşuq budun-qoşun.

Elim, yurdum, dövlətim,

Çox çəkdi ağrı-acı.

And olsun Göy Terqriyə

Parçalarız Tabğacı.

Umay anam qut verər,

Leş bədənə can gələr.

Səmadan qurd qisməti,

Kahadan kağan gələr.

Bir yanda durub tölös,

Bir yanda tarduşum var.

Savaşlar məni yormaz,

Cahanda çox işim var.

Yatıqların üstünə

Yürütdük ilqarları.

Önündə diz qoyuruq

Bir Tanrı, Üca Tanrı!

 

 

Elxan Bumın - birinci Türk

 

Tanrıtək tanrıda kağan oturmuş,

Yoxdan var eylədim bu səltənəti.

Əslini bilənlər böyük olurmuş,

Əslimə varmaqdan yılmadım qəti.

Göylə Yer var olub xəlq olunanda,

Bu iki arada insan qılındı.

Tanrı törə verdi kişi oğluna,

Törəli olana türk adı verdi.

Bu el səninkidir türk-sir budunu,

Mənim öz xalqımdır Doqquz Oğuz da.

Doğudan Batıya Əbədi bir El

Əsrlər boyunca var olacaqdır.

Aldıq törəmizi biz tör başında,

Türk eli heç zaman törəsiz olmaz.

Göylər tökülməsə, bu Yer çökməsə,

Tanrının verdiyi törə pozulmaz...

Törə türk xalqına uran olacaq,

Məngü kitabımız "Quran" olacaq.

 

 

Satuk Buğra

 

Merac zamanı həzrəti peyğəmbər

Çevrəsində bir zat gördü cənabi-haqqın.

Ya Cəbrayıl dedi - Allahın rəsulu

Bu hansı peyğəmbərdir, söylərmisən?

Allahın müjdəçisi böylə dedi rəsulallaha:

O peyğəmbər deyil, Saltuq Buğra xandır,

Qaraxanlılardan.

Düz üç yüz otuz üç ildən sonra

O sənin dinini yayacaq türklər arasında.

Sən onun ruhuna dualar oxu,

O dərgahda qırx ərənin mürşididir.

 

 

Timuçin oturmada

 

Ulu tanrım, Göy tanrım,

Mən Temurçin bahadır,

On yeddi il başabaş

Oturmada oturdum.

Orxundan ayrı düşdüm,

Keruleni görmədim.

Çöldəki qurd şərqisi

Qulağıma gəlmədi.

Üstümdən axdı sular,

İçimdə durğun hünər,

Mən sükutun zikrində

Cəngin dadını buldum.

Xan anam, Alan Qoa,

Mənə güc verdi dua.

And olsun doğan günə

And olsun ildırıma.

Anamın yatağına

İşıq şəklində girib

Qurd kimi çıxan tanrı

Ağ keçə üzərinə

Bir gün qaldırar məni.

Və mən Çingiz olacam.

Uduzma bilməz ordum

Son dəniz sularında

Əllərini yuyacaq.

Mən Temurçin bahadır,

Anam türk, atam günəş,

Daim zühur edəcəm

Monqol yuxularında.

 

 

Çingizin ölümü

 

Ulu xan əbədi yumdu gözünü,

O ayrı dünyanın fəthinə getdi.

Toran ölkələrin darvazasında

Onu tanrısallar gözləmədəydi.

Toplandı noyonlar, tümenbaşılar,

Hubilay, Uqedey, başqa təkinlər,

Bircə Cuci yoxdu, sevimli oğlu,

Onlar toran eldə görüşəcəklər.

Qərar belə oldu - günəşmisal xan

Tanrılar elinə tək gedə bilməz.

Yüz məzar qazılsın, yüz qul gömülsün

Min kəhər kəsilsin xan şərəfinə.

O Göyün oğludur, göydəngələndir,

Göydəngələnlərə məzar yapılmaz.

Onun bədənində tanrı qutu var,

Məzarı hər kəsə sirr qalmalıdır...

Nəşini gizlədilər, üstünü düzlədilər,

Ulu xan öz elinə, göyə getdi - dedilər.

Tanrıqut səcdəsinə yasaq qoyubdur Yasa,

Türk eli qutsuz qalar, onu yadlar taparsa.

 

 

Bəybars

 

Və Baybars söylədi təbəəsinə:

- "Mənim sultan hökmüm belə istəyir.

Qoy türkü tanısın Misir torpağı,

Qoy ərəb çölünün sanını bilsin.

Müqəddəs qısrağın südüdür qımız,

Tanrı seçkinidir qımız içənlər.

Törəmiz böylədir, gələn qonağa

Bir cam qımız verir bizim qadınlar.

Harda türk var isə, orda qımız var,

Bunu cənabi haqq belə buyurub.

Mənim hökmüm budur - Misir elində

Qoy qımız verilsin gələn qonağa.

Hər cümə günündə, xalq arasında

Carçılar qımıza tərif desinlər.

Dinlə əhli-İslam, eşit ey Misir,

Harada türk varsa, orda qımız var".

 

 

Çağrı bəy - Anadolunun fəthi

 

Hey kayılar, bayandurlar,

Ulu səlcuq oğulları,

Mən Çağrı bəy çağırıram

Sizi müqəddəs savaşa.

Bizans gözəl bir qadındır

Paçasını aralayıb.

Duyğuları dada gətir,

Ərənsənsə onu götür.

Sizi çəmənlər gözləyir,

Sizi şəhərlər gözləyir.

Qartımış çöl can istəyir,

Urum təzə qan istəyir.

Tuğ titrəyir oymaq-oymaq.

Gedənə qımız var, qalana quymaq.

Gedək, gumbur-gumbur gedək,

Sinəmizdə tambur gedək.

Konya çağırır bizi, Trabzon, Bursa çağırır...

Tanrı ərənlərini uğur gözləyir, uğur.

 

Kürşad

 

Biz qırx atlı idik...

Biz damarlarında Göy Qurdun qanı axan

Qırx atlı idik.

Üstümüzə Çin ordusu yeriyirdi,

Çin ordusu sarançatək hesabsızdı.

Biz qırx atlı,

Saya gəlməz tümenləri

                        yenmək üçün savaşdıq.

Həpimiz öldük,

Fəqət yenilmədik.

Göy Qurdun oğulları ölər, yenilməz.

 

 

Atillanın ölümü

 

Zurnalar çaldırır Atilla xaqan,

Hər yanda toy qurub yenilməz ordu.

Dünyanı fəth edən şanlı tanrıqut,

Qeysər bacısına əsir olubdur.

Tonqalın başına yığışıb ordu,

Qemək qazan-qazan, qımız sel kimi.

Atlardan yüyürək hun türküləri,

Bozqır sükutunu deşir ox kimi.

Hər yandan qonaqlar axışıb gəlir,

Türinglər, vandallar, sakson və qotlar.

Papa nunsiləri, rum patrisiləri,

Bizans əyanları və daha kimlər

Ağır sandıqlarda sovqat gətirir.

Kimi at gətirir, kimi al altın,

Kimisi firuzə, kimisi yaqut,

Daş-qaşlar içində rahat olur qut.

Kəniz gətirirlər, qul gətirirlər.

Xərac gətirirlər, pul gətirirlər.

Axı toy eyləyir Atilla xaqan,

Yemək qazan-qazan, qımız sel kimi.

Hər kəs kef eyləyir, hər kəs şadlanır,

Şərabdan keflənən rum keşişləri,

Türkülər söyləyir hun ləhcəsində.

Yalnız Ata qamın sifəti gülmür,

O bilir, bu xanın son gecəsidir.

İndi hun eşqinə qımız içənlər

Sabah hun qanına susayacaqlar.

 

 

İstanbulun fəthi

 

Fateh dedi: əsgərlərim, biz qazandıq,

Gözəl Bizans altımıza uzandı.

Siz fatehsiz! Yolunuzdan sapmayın,

Yağma yapmayın.

Xeyri-şəri ayırın, ac olanı doyurun.

Konstantinin şəhəri indi mənimki oldu.

Bu yenilmiş adamlar bizim təbəəmizdir.

Yasa var: Xan gözündə cəmi təbəə birdir,

Mənim fəthim Bizansa haqq sözünü gətirdi.

 

* - Yox olmağa başladı (qəd. türk)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!