"Ən doğru cavabı düz susan verər..." - Şeirlər - Taleh MANSUR

 

***

Bəlkə də, yağışlar yağmamalıydı,

Buludlar könlünə dəydi ki, yağsın.

Damcılar ovcuma sığmamalıydı,

Uşaq paltarını geydi ki, sığsın.

 

Bir eşqin haqqını min insan verər,

Ən doğru cavabı düz susan verər.

İldırım düşdüyü yerdə can verər,

Neynəsin, ay bulud, göydü ki, çaxsın?

 

Dağların zirvəsi düzə baxmadı,

Baxışı buz tutdu bizə baxmadı.

Gözləri bir yerdə sözə baxmadı,

Axırda birini qıydı ki, baxsın.

 

Ağrılar sonuncu mənzilə qalmaz,

İçər göz yaşını, bir gilə qalmaz.

Dünyanın gecəsi hamilə qalmaz,

Zülməti qısırdı, Aydı ki, doğsun?

 

Sevdalı adamın izləndi eşqi,

Gizlənqaç oynadı, sözləndi eşqi,

Yumdu gözlərini gizləndi eşqi,

Bir ömür günləri saydı ki, çıxsın.

 

Xərclədi bu adam ömrü, qədəri,

Qazancı nə oldu, yoxdu qədəri...

Gah saçı töküldü, gah alın təri,

Başından tökülən nəydi ki, yığsın?

 

Şeirimi işıq bil, çıraqda saxla,

Gələr qara günlər, bük, ağda saxla.

Dilində saxlama, dodaqda saxla,

Sözdü də, qalacaq, meydi ki, axsın?

 

25 sentyabr 2020-ci il

 

***

Bu şəhərə gələn gündən şirin yuxum acı olub,

Bal yuxumun ləzzətini

Kəndimizdə arıların pətəyində unutmuşam.

Yadaşımda xatirəsi dağdan uca

Yastı-yastı təpələrin ətəyində unutmuşam,

Ya da arxın üstündəki

Salxım söyüd kötüyündə unutmuşam.

Bu şəhərə gələn gündən

kəndimizin gecələri gəlib girir yuxuma.

Görürəm ki, xəlvət bilib

Ay işığında çimir kəndin zil qaranlıq gecəsi...

Hamı yatıb yuxuları şipşirindi, nabat kimi,

qənd kimi,

Adamların yuxuları bərq vurur

Ay işığında bir nağıllı kənd kimi.

Görürəm ki, bağımızda ağacların budaqları

bir anadil nəğməsini çiçəkləyib.

Ah anadil!

Bezmədinmi min illərin ağrısına-acısına

                        nəğmə qoşub oxumaqdan?

Bir gecə də şair balan

                        düzüb-qoşan sözdən oxu.

Ah çəkirəm dərin-dərin,

Ürək dözmür, bəsdi dərin oxuduğun,

Qurban olum, o nəğməni

                    bir dəfə də üzdən-üzdən oxu.

Aman Allah, yuxuya bax!

Bir gör mənim ürəyimindən nələr keçir?

Gündüz məni uşaq kimi ağlar qoyan xatirələr,

Gecə gəlib yuxularda xəyalımdan

üzü-gözü gülər keçir.

Çoxu bilmir ömrüm-günüm necə keçir?

Yaşadığım gecələri

Səhərlərdə qocalıram.

Mən bir kənddə göz açmışdım,

O kəndə də ölməliydim,

Nə oldu ki, indi gəlib yad şəhərdə qocalıram?

Nədir məni qaçaq salan bu şəhərdən?

Kəndimizin əl çatmayan

                sıldırımlı yuxusuna çəkilmişəm?

Nə çıxacaq bu gördüyüm yuxulardan,

Qatar-qatar yuxulara əkilmişəm?

Bir kimsəyə üzüm gəlməz,

Ürəyinin döyündüyü

                 kəndimizə qurban olum, ay ana,

Bilirsənmi bu buz şəhər kəndimizdən

                 neçə sevgi uzaqdadı?

Bilirsənmi bu həsrətlər şəhərindən

                 çox sevgilər uzaqdadı?

Doğma deyil buraların küləkləri,

Sənin kimi sığal çəkmir saçlarıma

Nə yağışı, nə soyuğu,

nə də qarı.

Sızıldatmır ruhumdakı kövrək-kövrək duyğuları

İstəmirəm sovqat-filan,

Kənddən mənə yağış göndər bir buludluq,

Külək göndər bir udumluq.

Qar yağanda qar payımı göndər mənim.

Yığ beşiyə oxşamanı,

Körpə vaxtı şirin-şirin uyuduğum,

Bərbəzəkli çarpayımı göndər mənim.

 

15 yanvar 2019

 

Yaz

 

Ay doğma daş, yad daşımı,

Barmaq dözməz, biləklə yaz.

Başdaşıma yaddaşımı

Yağışla yaz, küləklə yaz.

 

Qədəh dolu, misra yarı.

Ürək simdi, misra sarı.

Quşqanadlı misraları,

Qələmlə yox, lələklə yaz.

 

Görmə gözlə seziləni.

Düzmə hər cür düzüləni,

Barmağından süzüləni,

Xəlbir götür, ələklə yaz.

 

Yersiz olma, yerinə düş,

Sərin olma, sərinə düş.

Dərdin varsa, dərinə düş,

Dərin dərdi fələklə yaz.

 

Bir ah çəkməz min ah yazan.

Danış barı, din, ah yazan.

Ay boynuma günah yazan,

Yazdığını mələklə yaz.

 

Eşidirəm kar qışı da,

Boranı da qar, qışı da.

Məni tutan qarğışı da

Xoş arzuyla, diləklə yaz.

 

Allah, məni qınıma çək,

Yetim dərdi canıma çək,

Əvvəlimi sonuma çək,

Kəfənimi bələklə yaz.

 

9 noyabr 2018-ci il

 

Qalmır

 

Üzürəm taleyin, bəxtin əksinə,

Xəyalım düşüncə selində qalmır.

Ahımı küləklər çəkir köksünə,

Nəfəsim dünyanın yelində qalmır.

 

Ömür nə haydadı, dünya nə hayda?

Özüm daxmadayam, adım sarayda.

Qorxağın kəməri olsa nə fayda,

Onsuz da şalvarı belində qalmır.

 

Tikanlı söz demə, batır kağıza.

Ürəyin hər sözü çatır kağıza.

Gec, ya tez özünü atır kağıza,

Yaxşı söz şairin dilində qalmır.

 

Gedənlər Tanrının özüylə gedir.

Bir kəlmə "Gəl mənə" sözüylə gedir.

Ocaq da qoşulub közüylə gedir,

İstisi, tüstüsü külündə qalmır.

 

Uduzur axırda söz udan adam.

Kor olur gözünü unudan adam.

Neynəsin gül tutan, əl tutan adam? -

Əl ətri, gül ətri əlində qalmır.

 

Dənizin, torpağın tanış damlası,

Məhəbbət damlası, barış damlası.

Tanrıdan gəlsə də yağış damlası,

Süzülür, bəndənin telində qalmır.

 

16 yanvar 2018

 

 

Düşür

 

Görünmür yanaqda xalın qarası,

İzn ver telini qaldırım, düşür.

Sənin saçlarına yağış damlası,

Mənim ürəyimə ildırım düşür.

 

Yanıma-yörəmə uzaq dəyəndə,

Qara gözlərimə üz ağ dəyəndə.

Sənin yanağına sazaq dəyəndə

Mənim dağlarıma ilk qarım düşür.

 

Məhəbbət dolusu ürək istəsən,

Saçını dağıdan külək istəsən,

Tanrıdan nə zaman kömək istəsən,

Göydən qollarına qollarım düşür.

 

Astagəl könlünə yeyin düşürəm,

Sən gəlin olanda bəyin düşürəm.

Desələr, kiminəm, nəyin düşürəm?

Denən ki, doğmaca öz yarım düşür.

 

Oktyabr 2014

 

 

Oluramdan olarama...

 

Ürəyim dünyanın içində deyil,

Köçüm adamların köçündə deyil,

Yuxuda şərabı içəndə deyil,

Yuxumu yozanda sərxoş oluram.

 

Canımda can verir, Ya Rəbb, duyğular,

Qızılgül qoxulu-gülab duyğular,

Ruhumu axmalı şərab duyğular

Yolunu azanda sərxoş oluram.

 

Məni seçən sözü seçib yazmıram,

Hər sözün başından keçib yazmıram,

Mən heç vaxt şeiri içib yazmıram,

Mən şeir yazanda sərxoş oluram.

 

Məni unudanın gəlməz yadına

Mən ona doğmaydım, döndüm yadına.

Şərab atəşinə, şərab oduna

Badələr qızanda sərxoş oluram.

 

Göz yaşı üzümə güləndə içdim,

Ayılıb özümü biləndə içdim,

Şərabı dünyaya gələndə içdim,

Qəbrimi qazanda şərxoş olaram.

 

19 fevral 2019

 

Düşdü

 

Bir gecənin kölgəsi

Axdı, min dana düşdü.

Azad yağış damlası

Yağdı, zindana düşdü.

 

Ömür bitsə də, kaldı.

Ömür dinsə də, laldı.

Nələr Tanrıda qaldı,

Nələr insana düşdü.

 

Nə oldusa cahana,

Nə oldusa, ah, ana,

Sevdaları bir yana,

Qəlbi bir yana düşdü.

 

Vaxt yetişdi, yığ dəni -

Yol saçını - sağ dəni,

Qara saçın ağ dəni

Sarı xırmana düşdü.

 

Ürək məni qınadı,

Eşq toxundu qanadı.

Göz yaşımın qanadı

Sındı, ümmana düşdü.

 

Qıfıl vurdum eynimə,

Ağrı geydim əynimə,

Ağırlığım çiynimə,

Yüküm dərmana düşdü.

 

Ay eşqimin sol yanı,

Yanılmaram, min yanı.

Viran qoyma dünyanı,

Bəlkə, sahmana düşdü...

 

22 dekabr 2019-cu il

 

Olar

 

Kim deyir, qayanın dağ yaddaşını

Qoparıb bir parça daş, pozmaq olar?

Arxada qoyduğun kəsir qarşını,

Bu tanış dünyada yol azmaq olar?

 

Sualdı - hər şeyi bilməyin sonu,

Əbədi getməkdi-gəlməyin sonu.

Bir diri ürəyə gülməyin sonu

Bir ölü sevdaya uduzmaq olar.

 

Verilməz yalandan pay, doğru adam,

Sən öz saydığını say, doğru adam.

Nədir dərd elədiyin, ay doğru adam?

Əyri yuxunu da düz yozmaq olar.

 

Bütün ayrılıqlar yağıb bir yerə,

Göylər göz yaşını sağıb bir yerə.

Köhnə kəlmələri yığıb bir yerə,

Görəsən, təptəzə nə yazmaq olar?

 

Ömürdən ağ günlər qaralandımı?

Ölümlər ard-arda sıralandımı?

Beşikdən beş addım aralandımı,

İnsan övladına gor qazmaq olar.

 

21 fevral 2020-ci il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!