DİLSUZ
ŞEİR YAZMAQ
Buğdadan öyrəndim
şeir yazmağı,
canım-gözüm qara buğdadan.
Dadı-daddı,
yaxşılığı-yaxşılıq -
min illərdi,
heç nə
tuta bilməz
süfrədəki yerini...
Axar sulardan öyrəndim
şeir yazmağı,
bir də
səhrada tək-tənha qalmış
kimsəsiz çeşmələrdən,
bir də
hər damlasında
dağ ruhu çağlayan
bulaqlardan,
bir də
yalnızlıq ətri - dənizlərdən;
yazlar keçir,
qışlar keçir,
tükənmir,
heç tükənmir ki, anlatdıqları...
Çöl çiçəklərindən öyrəndim
şeir yazmağı,
gözləri
gün işığında
qamaşa-qamaşa
gözləyərlər
çocuqları,
arıları,
kəpənəkləri...
Baxmazlar,
bu varlıdı, bu kasıb,
verərlər
rənglərini,
ətirlərini,
təbəssümlərini -
bənizləri solana qədər...
Kənd qəhvəxanalarında
ömür-gün söhbəti edən,
torpağı,
yağışı,
bir də qadınları sevən
kişilərdən öyrəndim
şeir yazmağı -
nə qıtlıqlar qırar ümidlərini,
nə arzuları bitib-tükənər...
Saymaqla
qurtarmaz ustadlarım -
cürbəcür ağaclar,
cürbəcür quşlar,
cürbəcür böcəklər...
Dənizdə - balıqçıların,
yollarda sürücülərin
danışdıqları
məzəli lətifələrdən
öyrəndim şeir yazmağı...
Necə
rəng-rəng açırsa
çöl çiçəkləri,
necə
qayanın dibindən
çağlayırsa bulaq,
mən də
bəzən sevincin,
bəzən kədərin,
bəzən qaranlığın,
bəzən işığın
bağrından dərirəm şeirlərimi -
ürəyim qanaya-qanaya…
GÜNƏŞ DƏLİSİ
Pırıl-pırıl günəşi,
işım-işım işıldayan qarı,
türkü-türkü axan irmaqları
sevirəm.
Günəşli gündə
bir yaşıl yarpaq,
bir telli böcək,
bir cücərən toxum görsəm,
sevinclə dolar içim.
Heç nəyə,
heç nəyə dəyişmərəm
o günəşli günü -
bəlkə
buna görə
sevmədim müharibələri,
bəlkə
buna görə
sevmədim zülmü,
bəlkə
buna görə
sevmədim yalanı...
Bilirəm,
yaşamaz pırıl-pırıl
günəşlə yan-yana,
bilirəm,
yaşamaz işım-işım işıldayan
qarla yan-yana,
bilirəm,
yaşamaz türkü-türkü axan
irmaqlarla yan-yana
nə müharibə,
nə zülm,
nə yalan...
YALNIZLIQ
Yalnızlıq öldürdü məni,
yalnızlıq -
əvvəlcə
gözlərimin nurunu aldı,
sonra
dizlərimin taqətini,
sonra
ürəyimin fərəhini…
Üz-üzə dayandığım
bütün pəncərələrdə
yalnız
qaranlıq dəydi gözlərimə,
yalnız
yalnızlıq dəydi gözlərimə…
İllərdir,
yalnızlıqla çıxdım küçələrə,
illərdir,
yalnızlıqla döndüm evə…
Hər qış gecəsi
saat yeddidə
yalnızlıqdı əsən
evimin önündə,
hər qış gecəsi
saat yeddidə
yalnızlıqdı
qəhvəxanada oturub
məni gözləyən…
Gülmək istəmirəmsə,
danışmaq istəmirəmsə,
sevmək istəmirəmsə,
yalnızlıqdı buna bais…
Yalnızlıq…
Əlimin dalı ilə
ha itələsəm də,
gedər -
yenə gələr,
gedər -
yenə gələr,
gedər -
yenə gələr…
Bir gün
girsəniz otağıma,
cansız halda
uzanmış görsəniz məni,
baxın başımın üstünə,
baxın dörd divara -
ordadır yalnızlıq,
sizinlə nəfəs-nəfəsə,
sizinlə burun-buruna,
məndən
əvvəl keçər
yazı masamın arxasına,
məndən
əvvəl girər yatağıma…
Baxmayın
deyib-gülməyimə,
nə sevgidən doydum,
nə yardan...
nə dostdan doydum,
nə ilqardan,
alın məni
yalnızlığın əlindən,
alın məni
yalnızlığın əlindən...
ŞƏRQİ
Ölsəm,
istəmərəm ağlamağını,
məni
ən çox sevdiyin
halımla xatırla.
Həyatda olduğuma inan,
hardasa -
uzaq bir yerdə
işlədiyimi düşün,
vallah,
bir gün gələr,
öz-özünə keçib gedər
bütün üzüntün...
Hər gələn günü
yeni bir ümidlə
gözlə,
bir də
heç darılma
havalara,
axşam
yağan yağışla yatarsan,
sabah
bir də baxarsan ki,
otağına gün düşüb...
Hər gələn gəmini,
hər gələn qatarı
yeni bir ümidlə gözlə,
hər birində nə qədər insan…
Mən əsmər idim, gözəlim,
sən
bu dəfə
sarışınını sevərsən -
eşq yaşayanlar üçündür…
YAYIN İŞIQ SELİ
Bir
təpənin üstündən
dənizə baxdıq,
yayın
işıq seli
suların üzündə
üfürdək kimi
partladı birdən-birə.
Bir
söyüdün dibində
qarpız kəsdik -
yayın
işıq seli
parladı bıçağımızın
tiyəsində…
Uzandıq,
altımızda
quru otların salı
və əlimdə sənin əlin
yayın
işıq selindən keçdik…
SON
Sona
yaxınlaşırıq, dostum, sona,
azalır
masamızın ətrafındakı
stullar bir-bir…
Sona
yaxınlaşırıq, dostum, sona,
başımı verib,
əvəzində aldığım
toxumun
cücərdiyini
hiss edirəm içimdə…
Bu yaşdan sonra
hər şey -
isti-soyuq,
şirin-acı
bir gəlir mənə -
deməli,
daha çox
sevməyə başladım torpağı…
SABAHLARI SEVƏRƏM
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim -
evlərin üzü ağardı,
ağaclar
yaşıllığa çıxdı.
Mən sabahları sevərəm,
bir də çocuqları,
bir də bütün başlanğıcları.
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim -
gecədən
yola çıxmış kəndlilərin
göyərti arabaları
şəhərə yaxınlaşır,
təndirxanaların ağzı açıqdı,
təzə çörəyin ətri
qarışır səhərin işıqlarına…
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim -
fəhlə qəhvəxanalarında
çaylar dəmli,
evlərin
önündə gecələyən
yük maşınları
bir-bir yola çıxır…
Yuxudan qalxdım.
Saat: 4:20.
Sabahı dinşədim -
elə yorğun,
elə üzgünəm ki…
Amma
dünən dünəndə qaldı,
tutdum
yeni günün əlindən.
AYDINLIQ
Ağ dənizin göylərindən,
limon çiçəklərindən
gözlərimdə qalan
gözəl aydınlıq,
mən,
Nəsrini vur-tut
bircə yol öpdüm…
Bəyaz rəngli otağımda,
anamın üzündə,
süfrəmizdə,
gənclik xülyalarımda əks olunan
gözəl aydınlıq,
ümidsiz qaldıqca,
səni düşündüm…
Kasıb idik,
amma yaxşı insanlardıq;
bolluq illərində də,
qıtlıq illərində də
səni yanımızda gördüm -
Ağ dənizin göyləri kimi,
limon çiçəkləri kimi…
YAY KEÇDİ
Bütün yayı
çeşmənin başında yedik
axşam yeməklərini.
Cevizlər iç tutdu,
Badamların qabıqları qurudu,
heyvalara hopdu gün işığı.
Yay keçdi,
içəriyə yığdıq
stolu, stulları.
Qarışqalar ortalıqdan çəkildi,
çiçəklər yox,
arılar yox,
bal kəsildi,
pətəklər bomboş,
məhzun qaldı...
Yay keçdi... yay keçdi...
MÜHARİBƏ GÖRMÜŞ ADAMIN DEDİKLƏRİ
Müharibədə
nə ölüm qorxusu
gəlir adamın ağlına,
nə ev-eşik.
Arpacıqla
hədəfin bəyəndiyin
yerini seçirsən
və tətiyi
əlin titrəmədən çəkirsən,
amma ağlıma da gəlmir ki:
bəlkə o da
eynən sənin kimi
məmləkətində
kiçik bir dükan işlədir,
bəlkə o da
eynən sənin kimi
arvadını sevir,
bəlkə onun da
eynən sənin kimi
bir oğlu
və bir qızı var...
Amma...
Amma ağlına gəlmir bunlar,
çünki
sənin yaşamağın üçün
onun ölməsi lazımdı...
QIZILÇULLU YOLU
Məni hər kəs sevərdi
çocuqluğumda...
Xıdırəlləz günü
Qızılçullu yolu,
arabaçı yanında oturdar,
mənə verərdi qırmacı.
Mən - Fıtnat xanımın oğlu,
çəlimsiz bir qız sevərdim,
gözlərinin içi gülərdi.
Xıdırəlləz günəşi,
bərabər dırmaşmadıqmı
ağaclara?
Siz qanatmadınızmı əllərimi,
alma çiçəkləri?
* * *
Saçaq-saçaq yağan yağış,
Sənin üzündən
göy üzündə
neçə-neçə
buludun yeri boş qaldı...
Sevib-sevildikdən sonra
insan beləmi
tək-tənha,
beləmi yalnız olurmuş?
Mən qartal deyiləm,
yüksəklərdə uçam təkbaşıma,
Mən sərçə də deyiləm,
ürəyim yananda
nar ağacının budağından
enəm çeşmə başına...
AY İŞIĞI
Gecə yarısı
üzümə,
gözümə
düşən Ay işığı,
insan beləmi olur
sevdaya tutulduğu zaman?
Bütün kitabları
açdım, oxudum,
neçə-neçə dəliqanlıdan,
qənirsiz gözəldən sordum:
xoşbəxtlik bumu?
Aman,
bu gözləri göy mavisi,
bu saçları saman sarısı
o birilərinə heç bənzəmir...
Ah, indi anladım
onun kiçik əlləri,
gülən gözlərilə
məni bu qədər sevdiyini.
Ah, indi anladım
nar dənəsindən təzə,
qu tükündən zərif gecədə
qəlbimin
bir gəmi kimi
Ay işığında üzdüyünü...
BİR GÜL AÇIRSA
Şəhidlərin xatirəsinə
Bir gül açırsa
indi Türkiyədə,
Eşqlə, ümidlə açır.
Bir bağda
gecə səhərə qədər
bir budaq tumurcuqlayırsa,
bahara inanmaq,
sevinc içində
yaşamaq üçün tumurcuqlayır.
Qanın,
göz yaşının
axdığı yerdə,
Qəhrin,
hüznün olduğu yerdə
indi güllər açır,
işıq-işıq...
Güllər,
bütün güllər bu sabah
bir ağızdan
türkü söylər kimi
açır hər bağçada, -
gecələr gündüzə dönür, budur,
qaranlıq işığa dönür, budur,
kədər sevincə dönür, budur,
Axan qan,
tökülən yaş
gülə, çiçəyə dönür, budur.
Artıq
bütün Türkiyədə yaşamaq
bir ağızdan oxunan
türküyə dönür, budur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!