Ayaqlarını sərhəd dirəkləri kimi
basdırmışdı ana torpağa.
Bir addım da geri çəkilmirdi yaralı əsgər.
Torpaq yerindən durub
bağrına basmaq istəyirdi onu.
...Qara torpaq qara tənzif kimiydi, -
yaralı əsgər torpaqla sarımışdı yarasını.
Üst-başında toz çiçəkləmişdi,
tez-tez tozu qoxlayırdı,
ciyərinə çəkirdi ana torpağın qoxusunu...
İşğaldan azad olunmuş torpaq
əsgər çəkməsinin altında
elə xumarlanırdı ki...
...Torpağı öpüb pıçıldadı yaralı əsgər:
yaddaşımı itirsəm belə
yadımdan çıxan deyilsən, vətən...
Qazdığı səngərin üstündə vətən tikirdi
pozulmuş vətən xəritəsini
təzədən cızırdı yaralı əsgər...
...Yanından yel əsirdi hərdən, -
qalib bayraq kimi dalğalanırdı o...
Vətən elə şirindi ki,
Dözürdü canından acıya.
...Deyirdi: təkcə ürəyimə güllə dəyməsin, -
qorxurdu ki,
ürəyində gəzdirdiyi vətənə xətər toxunar...
Yumruğunu elə çıxmışdı ki,
sanki yumruğu da döyüşəcəkdi...
...Ölümdən qorxmurdu yaralı əsgər,
deyirdi:
ölsəm,
Sevgi məktubu kimi tapşırın məni torpağa, -
bəlkə göyərdi sevgim!
...Yatmadığı yuxuda anasını görürdü:
bir əlində avtomat tutmuşdu,
bir əliylə anasının saçlarını tumarlayırdı...
... Bir əsgər yoldaşı şəhid olmuşdu,
Şəhid əsgər elə yaraşıqlıydı ki,
ölüm də utanırdı onun üzünə baxmağa...
...Daha da qəzəblənmişdi yaralı əsgər.
Şəhid yoldaşının gözündən öpüb döyüşə girdi.
Yarasını bədənində elə gizlətmişdi ki,
axtarsa da tapmazdı...
Ürəyi od tutub yanırdı, -
düşmənin qanına elə susamışdı ki...
...Bir ah qopdu canından:
- Heç kimsə yolundan saxlaya bilməz,
Sürət qatarıyam Şuşaya doğru...
...Daha bir kənd alındı.
Çiçəklər qarşılayırdı yaralı əsgəri.
Əl atıb bir çiçək dərdi,
Vətənin ətrini çəkdi canına...
İşğaldan azad olmuş çiçəklər də sevinirdi...
çiçək olduqlarını unutmuşdular,
az qala onlar da döyüşə atılacaqdı...
...Birdən komandiri
Yanında gördü yaralı əsgər.
Raport verirmiş kimi ucadan:
"Komandir, bir ricam var,
rəhbərə söyləyin ki,
bu torpağın əlindən
açacağıq qandalı,
Ali Baş Komandanım!"
...Yeni döyüşə girmişdi,
Vətən sevgisini bayraq kimi
başı üstə qaldırmışdı.
...Göy üzü də salamlayırdı qalib əsgəri,
yağış alnından öpürdü...
...Göydə göy qurşağı gördü;
Vətən bayrağı rəngindəydi
göy qurşağı da
Göy üzü də sevinirdi elə bil, -
yaralı əsgərin bayrağını
yanına çəkmişdi, sanki...
İllüstrasiya: Helena Sofia Schjerfbeck "Qarda yaralı əsgər" (1880)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!