"Hamının ürəyində yaşayırsan əbədi..." - Şəhidlərə həsr olunmuş şeirlər - Elşad BARAT

 

Şəhid

Rəşidzadə Səidə

 

Səni salamlayıram,

Əbədi ruh, can oğul.

Sən müqəddəs bayrağı,

Hadruta sancan oğul.

 

Səni salamlayıram -

Vətənin əli ilə,

Ananın baxışları,

Atanın dili ilə.

 

Atan da salamlayır,

Deyir, Səid, necəsən?

Vətən də salamlayır,

Deyir, şəhid, necəsən?

 

Səni salamlayıram,

Pir şəhid, ocaq şəhid.

Yastığı vətən daşı,

Yorğanı bayraq şəhid.

 

Səni salamlayıram -

Qanı zəfər boyası,

Tabutunu beşik bil.

Himni ana laylası.

 

Bağışla ki, halını

Soruşa bilməyirəm.

Bağışla ki, şəkillə

Danışa bilməyirəm.

 

Susuram sənin kimi

Taleyin illərinə.

Dağılıb təbəssümün

Bütün şəkillərinə,

 

Səni salamlayıram,

Cənnətdən əsən külək...

İlk dəfə şəhid kimi

Doğum günün mübarək!

 

 

Şəhid

Hüseynli Əkbərə

 

Mən səni tanıyıram,

Zəfər, qələbə şəhid.

Mən səni tanıyıram,

Salam, tələbə şəhid.

 

Soy adın Hüseynli,

Adın da Əkbər sənin,

Vətən məhəbbətindən

Qiymətin zəfər sənin.

 

Kağız diplomu alan

Çoxdu, neçə nəfərdi.

Amma sənin diplomun,

Şuşadı, Kəlbəcərdi.

 

Tanrı bütün dağların

Taleyini tən yazıb.

Ayaq izin Murovda,

Qar üstə "vətən" yazıb.

 

Yazıb itgin dedilər,

Gizlədi zaman səni.

Bircə günə bir ömür,

Gözlədi anan səni.

 

Mən səni tanıyıram,

Cənnətin güllərindən.

Mən səni tanıyıram

Kərbəla çöllərindən,

 

Tanıyıram, əbədi

Yadda qalan birisən.

Birdən-birə böyüyüb

Vətən olan birisən.

 

Mən səni tanıyıram,

Torpağın canındasan,

Atanın yuxusunda,

Tanrının yanındasan.

 

 

 

Şəhid

Quliyev Vüqara

 

Şuşanın gedən günü

Xidmətə gedən igid.

Şuşanın dönən günü

Rəhmətə gedən igid.

 

Necəsən, Qaraqaşlı

Kəndinin fəxri şəhid?

Tarixin möcüzəsi,

Cənnətin sehri şəhid.

 

Elə indi oxudum,

Səfərin uzun olub.

Şəhidliyə ucalmaq

Ən böyük arzun olub.

 

Arzun olub Şuşada,

Xocavənddə yaşamaq.

Birləşən, bütövləşən

Məmləkətdə yaşamaq.

 

Yaşamaq alın yazın,

Kim unudar şəhidi?

Hamının ürəyində

Yaşayırsan əbədi.

 

Qələmlər səndən deyir,

Qorqudun sazı kimi.

Tarixin yaddaşında

Daş üstə yazı kimi.

 

Əriyər doğmaların,

Bitər, ürəyi bitər.

Qanın daman torpaqda

Zəfər çiçəyi bitər.

 

Sən hamının doğması,

Çiçəklər arasında...

Rahat uyu, rahat yat,

Mələklər arasında.

 

 

Şəhid

Eldarzadə Azərə

 

Salam sənə, vətənə,

Arxa duran qəhrəman.

Camışdağda düşmənə

Qan udduran qəhrəman.

 

Sən bu xalqın əbədi,

Xatirində qalmısan.

Göygölün göylərindən

Cənnətə yol salmısan.

 

Salmısan ürəklərə,

Sonsuz məhəbbət, şəhid.

Bu yalançı dünyada

Mütləq həqiqət şəhid.

 

Canla zarafat olmur,

Cəsarətin bəllidir.

İndi sənin bir balan

Anana təsəllidir.

 

Təsəllidir atana

Təbəssümlü şəkillər.

Sənin igidliyindən

Danışacaq nəsillər.

 

Elə bil ki, Qazansan.

Oğuz döyüşlərində.

"Aprel" döyüşlərində,

"Tovuz" döyüşlərində.

 

Bu vətənin adının

Hamısı sənin adın.

Bu ölkənin adının

Yarısı sənin adın.

 

Sən şəhidsən, şəhidlik

Müqəddəslik deməkdir.

Vətənə sarılmaqda

Birnəfəslik deməkdir.

 

Mən də vətən olardım,

O, məndən başlasaydı.

Sənə tanrı deyərdim,

Tanrı bağışlasaydı.

 

 

 

Şəhid

Qənimətov Ətrafa

 

Hanı, cənab leytenant,

Hanı nişan üzüyün?

Barmağında od tutub,

O alışan üzüyün?

 

Dedilər ki, vətəndi,

Və yardı, birini seç.

Seçim etmək səninçün.

Çətin olmadımı heç?

 

Hamımız var olarıq,

Nə qədər ki, vətən var.

Bilirəm ki, bilirsən,

Yar vətəndi, vətən yar.

 

Bu sevginin sirri nə,

Ey kəşfiyyat müəllimi?

Nə topladın, nə çıxdın,

Riyaziyyat müəllimi?

 

17 gün başqadır,

Darıxmaq sırasında.

Şəhid olmağın ilə

Məzarın arasında.

 

Məzarında həsrətdən,

Gül də solmaq istəyir,

Sən nə gözəl şəhidsən,

Adam sənə baxanda,

Şəhid olmaq istəyir.

 

Yenə hava soyuqdu,

Üzü dönüb bu qışın.

Qoy, öpüb qucaqlayım,

Üşüməsin başdaşın.

 

Birdə ki, sinəndəki

Mərmi gözlüyü boyda...

Sənə medal veriblər,

Nişan üzüyü boyda.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!