Mənzil
Dörd divarın arası
otaq mənzili sayılır.
Allahdan sonra ən böyük
kitab mənzili sayılır.
Sözümüz hara çatırsa,
dilin mənzili sayılır,
Ətri haranı tutursa,
gülün mənzili sayılır.
Ovun güllə mənzili
ölüm mənzili sayılır.
Göz damcısı
Göz damcısı alardım
Növbə ilə damızdırardıq...
Əllərimiz yerini dəyişər, -
gözümüzdən göz olardılar.
İndi damcı almışam
qalıb stolun üstündə,
Əlimi dəyişməyə kimsə yoxdu,
gözlərim damır.
Daşa yıxılan könül
Daşa toxunan uşaqtək
ağır yıxıldınmı, könül?!
Tüstü tutmuş arı kimi
evdən dağıldınmı, könül?!
Çəkilər canın boyunca
hər yanacan tutar ağrı,
Gözündə yaş, dodağında
al qanacan tutar ağrı.
Gəl belə pis olma, könül,
əzabın yanaqdan düşür.
Vurulur qonduğu yerdən -
quş da şah budaqdan düşür.
Gözüm qaldı pəncərədə
Türmədəki dustaq kimi
Gözüm qaldı pəncərədə.
Xəstələnmiş uşaq kimi
Gözüm qaldı pəncərədə.
Nə təhər dözdüm, nə təhər?!
Gözümdən yaş edər səfər...
Ümid ilə axşam-səhər,
Gözüm qaldı pəncərədə.
Bir bax kim yönü bəridi,
Dərd bir sümük, bir dəridi.
Ürəyimdə yağ əridi,
Gözüm qaldı pəncərədə.
Şübhə yox sınanmış quldan,
Nə qandın feldən, üsuldan?!
Baxdı - yığılmadı yoldan,
Gözüm qaldı pəncərədə.
Sevgi qisası
Pünhan olsun istədim,
Demədim ki aləmdə
sevgimizi səsə sal.
Görüşə çiynini at,
Sən də darıxdır məni,
sən də belə qisas al.
Leylisifət
Ey leylisifət,
Yetim dərdlərimlə
dərədə qaldım.
Bildinmi hara getdim,
harada qaldım?!
Ey leylisifət,
Mənə nə var -
mən öyrənmiş canam -
dərə olsun, dağ olsun.
Sən dərdlərin başın kəsdin,
dərdlərin başından keçdin,
Neynək, başın sağ olsun!
Ey leylisifət,
Vəfadan söhbət düşsə,
sən Leylidən də ötəsən.
Səninki odur ki,
qəlbə od salasan.
tüstüsüz adam ütəsən.
Ey leylisifət,
Sözüm çoxdu,
Amma bilməmiş deyilsən,
dərdimi demək istedadım yoxdu.
Yeri
Ağ günləri qaçaq düşən,
Qara gün qavğaran, yeri!
Havayıdan yollar ölçən,
Hey gedən dağ-aran, yeri!
O deyilən yer haradı? -
Adamları avaradı...
Yaxına getsən qaradı,
Gün altda ağaran yeri!
Kimdi nəzər qoyur qıydan,
Sayılanı çıxar saydan?!
Sənə qəh-qəh çəkər toydan -
Sonrakı nağaran, yeri!
Oğlan
Duruca sularnan bəhsə girərsən,
Əməli, vicdanı, qəlbi xas oğlan.
Dünyada şad-xürrəm ömr sürərdin,
Olmasa yurd adlı qara yas, oğlan.
Ruhunu tutmadın, zülm etdi dövr,
O ancaq bir səmtə baxanı sevir.
Yalandan güzgüdə toxdaqlıq da ver,
Baxanda özünə göz də bas, oğlan!
Bu sənin cütündü, bu sənin təkin,
Hər işdən ağ çıxdın - nə qorxun, ürkün?!
Bir sən müttəhim ol, bir sən də hakim,
Özün hökm çıxart, səni as, oğlan!
Gedəndən xəbər
Gedən, dediklərim dediyim kimi
O məndən küsənə çatsın, ölürəm.
Əllərim saçında daraq əvəzi,
Telləri süsənə çatsın, ölürəm.
Ağız dadın tutmaz arı balında,
Özünü istədir hər bir halında,
Canını xərc edən eşqi yolunda,
Üstümdə əsənə çatsın, ölürəm.
Onu yad edərəm min bir alqışla,
Sözü yavan demə - bəzə, naxışla...
İti xəncər kimi soyuq baxışla
Aranı kəsənə çatsın, ölürəm.
Eşqinən uyuyan çətin ayılır,
Gahdan hal aparır, gahdan bayılır.
Bu gün-sabahlığam, günüm sayılır
Hayıma desənə çatsın, ölürəm.
Ordum yerisin
Göydə tərlanı alıcı,
Əsir yurdların əlacı...
Dağ ətəyi, dağ qılıcı
Yerisin, ordum yerisin!
Gözləri qurdum yerisin!
Uca Allaha həmd olsun!
Qazavatı avand olsun!
Bayrağına bülənd olsun!
Yerisin, ordum yerisin!
Gözləri qurdum yerisin!
Qorxub qaçar mərə yağı,
Götürülər qavarağı...
Minkəntdən gəlsin sorağı,
Yerisin, ordum yerisin!
Gözləri qurdum yerisin!
Tətikdə şəhadət barmaq,
Düşmənin bağrını yarmaq!
Qarış-qarış, oymaq-oymaq,
Yerisin, ordum yerisin!
Gözləri qurdum yerisin!
Acıdı, dərdim acıdı,
Anadı, qardaş-bacıdı, -
Hamı sənə duaçıdı
Yerisin, ordum yerisin!
Gözləri qurdum yerisin!
Üzünü döndərmə, Laçın
Bir gör kimlərin qayıdır?
Üzünü döndərmə, Laçın!
Gözəl dəmlərin qayıdır,
Üzünü döndərmə, Laçın!
Arzu bizdən, istək səndən,
Hicran döydü kötək səndən...
Əl bizdəndi, ətək səndən,
Üzünü döndərmə, Laçın!
Az salmadın oda bizi,
Salırdınmı yada bizi?!
Ağac götür buda bizi
Üzünü döndərmə, Laçın!
"Dəhliz"tək üz qaramız var,
Qardaş ilə aramız var...
Səndən başqa haramız var?!
Üzünü döndərmə, Laçın!
Bizdən əvvəl ordun vardı,
Perik düşən qurdun vardı,
Türkün vardı, kürdün vardı,
Üzünü döndərmə, Laçın!
Bu deyil ki, yalan - gəldik,
Yurd-yuvası talan gəldik.
Ölən öldü, qalan gəldik,
Üzünü döndərmə, Laçın!
Torpaqdan özgə yalandır,
Gəldik bitsin həsrət andır.
Bizi başına dolandır,
Üzünü döndərmə, Laçın!
Qış sevgisi
Hardasan?
Demək artıqdı - bilirsən
Ortalığa çıxmaq olmur...
Çıxıb həsrətin çəkdiyin
Bir gül üzə baxmaq olmur.
Hardasan?
Onsuz da gələ bilmirəm, -
Qorxma vallah, yerini de.
Bu sevginin bizə qalan
Xeyirini, şərini de.
Hardasan?
Odun-ocağın yanırmı,
Bacandan tüstü çıxırmı?
Çaşıb evə girən sərçə
Ürküb əlüstü çıxırmı?
Hardasan?
Çox özündən deyənləri
Sevgilər salır kələyə.
Nəfəsini hoğur sonra
Adımı yaz pəncərəyə.
Hardasan?
Səndən bir xahiş eliyim
Fikrini burda cəm elə...
Quru lobya tök qazana
Duzunu bir az kəm elə.
Qoy qaynasın buğun-buğun
Bişdi, bir pay adıma çək ...
yeyəndə uşağa denən
Bir adam var görünməyir
Dalınca qəşş elə, uğun!
Başqa nə təklif eləyim -
Ayrı varmı çarə, filan?!
Mən də stolda olaram,
Yarı gerçək, yarı yalan.
Hardasan?
Qışın suları sırsıra,
Qışın dağları qar olur.
Can, nəyin var əyninə al,
Qışın gözləri kor olur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!