ailə münaqişələri zəminində həmişə ev əşyaları zərər çəkir
xüsusən də qapılar
başıma çox gəlib
dava ediblər qışqırıblar qab-qacaq sındırıblar
axırda da məni çırpıb gediblər
bunu fikirləşirəm göyüzünə baxa-baxa
həyətin bir küncünə qalaqlanmışıq
köhnə qapılar pəncərələr bir də lazımsız ev əşyaları
ən üstə məni atıblar
hamımız xəyala getmişik
danışmaq həvəsi yoxdu heç birimizdə
sahil qəsəbəsinindədi həyətimiz
ev yiyəsi kirayə vermək üçün üç otaq tikdirmişdi həyətdə
mən ikinci otağın qapısı idim
məni qəsəbənin dülgəri düzəltmişdi
həmçinin bu üç otağın bütün qapı-pəncərələrini
mənim üzümü içəri qoymuşdu düzəldəndə
bütün günü otağa baxırdım
ancaq kirənişinlər açandan-açana görə bilirdim bayır-bacağın
qismətimə düşən qədərini
gördüyüm mənzərə - evin içi isə dəyişmirdi heç vaxt
girdə qabaq stolu
üç dənə stul (ikisinin ayağı laxlayırdı)
bir tərəfi çökmüş divan (o həm də açılıb çarpayı olurdu)
bir dənə də şkaf-şifoner
(dediklərinə görə hamısı köhnə əşyalar bazarından alınmışdı
çox ucuz qiymətə)
çilçıraq yerinə bircə dənə lampa sallanırdı tavanın ortasından
o qədər kirənişin gəlib-getmişdi ki bura
amma heç biri də otaqda heç nəyin yerini dəyişdirməmişdi
birüzlü divarlar necə gəldi malalanıb ağardılmışdı
payızdan yazacan nəm çəkirdi ev
çox nəmişlikdir buralar
rəngsiz döşəmə taxtaları da çürümüşdü nəmişlikdən
adam gəzəndə cırıldayırdı
neçə kirənişin gəlib gedib mən olan otağa
yadımda deyil
yəni hamısı yadımda deyil
üçü qalıb ancaq yadımda
əllərinin təmasına görə
birincisi kor arvad idi əriylə yaşayırdı
yazığım gəlirdi onlara
atılmış təəssüratı yaradırdılar məndə
kor arvad hər dəfə bayıra çıxanda ya da evə girəndə
sığallayırdı məni qırışlı toppuş əlləriylə
sonra ehtiyatla cəftəmi tutub bururdu
çox e çox ehtiyatla
elə bil incitməkdən qorxurdu məni
iki ay yaşadı o qocalar burda
sonrakı balaca qız uşağıydı
fağır ailəydi ailəsi atası fəhlə baba anası dilsiz-ağızsız gəlin
özü də gülüşünə günəşi sığışdıran uşaq
gündə neçə dəfə açıb-bağlayırdı məni
dəcəl şeytan
balaca əlləri incə barmaqları yadımdadı hələ də
üçüncüsü çoxiçən kişiydi
kobud idi o özü də necə
hər gün içirdi
hər gün döyürdü arvadını
arada uşaqlara da pay düşürdü yumruğundan
bir dəfə arvadıyla dava elədi sonra da döydü onu
çıxanda elə zərblə çırpdı ki məni
cəftəm yerindən oynadı
o ailədən mənə sınıq cəftə yadigar qaldı
neçə ay gizildədi cəftəm çürük diş kimi
nə çıxartıb ata bilirdim
nə də giziltisini kəsə bilirdim
nə ev yiyəsi düzəltdi cəftəmi
nə də sonrakı iki kirənişin
miskin kirənişinlərin yaşadığı
miskin otaqlar idi bunlar
indi üçü də sökülüb
ev yiyəsinin evi də
yazda bayramqabağı öldü yazıq
hardasa uzaqlarda yaşayan uşaqları gəlib basdırdı kişini
sonra da həyəti satlığa qoydular
neçə ay gözlədik təzə sahibimizi
neçə ay üzü içəri qaldım elə
neçə ay bayır-bacaq üzü görmədim
neçə ay susdu bütün əşyalar
neçə ay toz basdı stol-stulun üstünü
divanın örtüyünü sınıq cəftəmin tutacağını
nə yaxşı pəncərə vardı
arada soruşurdum bayırda nə var nə yox
sağ olsun danışırdı
yayda bir neçə nəfər gəlib baxdı
amma qiymətdə razılaşmadılar
axır gəldi biri
bütün həyəti gəzdi
əsas evə də baxdı bizim otaqlara da
çox kobud adam idi
cəftəmi necə burdusa sınıb əlində qaldı cəftə
giziltim kəsildi o saat rahatlandım
amma adamı bəyənmədim
bildim başımıza nəsə gətirəcək
qiyməti danışıb getdi
bir həftəyə başqa bir adamla gəldi
iş icraçısı imiş o adam
sonra öyrəndik
həyətə nə var nə yox hamısını sökdürüb
təzə bağ evi tikdirəcəkmiş
dedim həə onsuz da əvvəldən gözüm su içməmişdi bundan
üç gün qabaq fəhlələr gəlib işə başladı
birinci bizi sökdülər
və budur
üç gündür qalaqlanıb qalmışıq həyətin bir küncündə
bayaq qonşu gəlmişdi iş icraçısının yanına
bizi göstərib bunları neyləyəcəksiniz soruşdu
tullayacağıq iş icraçısı dedi
olar mən aparım bunları qonşu soruşdu
qış gəlir yandıraram evdə
bütün qışı bəs edər bunlar
yığ apar dedi iş icraçısı
qonşu araba dalıyca getdi sevinə-sevinə
harda olsa gələr indilərdə
göyüzü tərtəmizdi bu gün
lap Sibirdəki göyüzünə oxşayır
sizə deməmişəm hələ mən Sibir ağacıyam axı
tayqada bitib böyümüşəm
orda hava burdan soyuq olurdu
amma təmiz idi hava tərtəmiz
nəmişlik də burdakından az idi
sonra kəsdilər məni
yan-yörəmdəki başqa ağaclarla bir yerdə
əvvəlcə qabığımı yondular
sonra qıraqlarımı
sonra da ölçüylə mişarlayıb istifadəyə yararlı vəziyyətə gətirdilər
yüklədilər bizi üstüaçıq vaqonlara
neçə gün yol gəldik
axırda da bu qəsəbənin dülgəri alıb
qapı düzəltdi məndən
nə qədər yaşamışam
bilmirəm
hələ nə qədər yaşaya biləcəyəm
bilmirəm
qonşu gəlir
arabaya yükləyib aparır bizi bir-bir
həyətə tullayır necə gəldi
sonra baltanı götürüb doğramağa başlayır bizi
əvvəlcə pəncərələri sındırır
sonra stulları
arada dincəlir bir az
nəfəsini dərib yenə başlayır doğramağa
deyəsən hava qaralmamış hamımızı doğramaq istəyir
mənim də növbəm çatır axır ki
yerdə uzadıb rahlayır məni
baltanı çırpır sinəmə
aralanır sinəm
sınır döş qəfəsim
balta altında neçə xırçıldadığımı eşidirəm
ölürəm
dekabr 2020-yanvar 2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!