Şəhid
Asiman Əliyevə
Salam, zəfər qalası.
Vətən şəhid, can şəhid.
Özün asimandasan,
Adın Asiman, şəhid!
Səni yuxuda gördüm,
Səmalarda dolaşdıq.
Yuxuda tanış olduq,
Yuxuda doğmalaşdıq.
Yaşımız da eynidir,
Arada az zaman var,
Mənim də üç balam var,
Sənin də üç balan var.
Bircə fərqimiz budur:
Sən şəhidlik yolunda,
Müqəddəslik yolunda...
Mən həsrətin donunda,
Sən Tanrının yanında.
Bir də ki, sən ucaldın,
Günəşəcən, ayacan.
İgidliyin deyilir
Bakıdan Şuşayacan.
Sağ ol, qələbəmizin
Şuşa-qala şəhidi,
Sən vətən şəhidisən,
Anan bala şəhidi.
Şəhid
Cəbrayıl Dövlətzadəyə
Görüşünə gəlmişəm,
Ağlayım, susum səni?
Dur, öpüm başdaşından.
Bağrıma basım səni.
Görüşünə gəlmişəm,
Qəlbinə su səpəcəm.
Gətir, o silah tutan
Əllərini öpəcəm.
Öpəcəm tarix yazan
İgidliyindən sənin.
Öpəcəm o müqəddəs
Şəhidliyindən sənin.
Necə gözəl baxırsan,
Gözünə qurban, şəhid.
Şuşaya doğru gedən,
İzinə qurban, şəhid!
Sən döyüşdə sonacan
Qalan qəhrəman oğul.
Generalın qisasın
Alan qəhrəman oğul.
İndi komandirinlə,
Yan-yanasan, qoşasan.
Adın Cəbrayıldısa,
Özün Laçın, Şuşasan.
Füzuli, Kəlbəcərsən
Dayanmısan dağ kimi.
Qələbəsən, zəfərsən,
Külli Qarabağ kimi.
...Görüşünə gəlmişəm,
Necə gözəl baxırsan.
Şəklinə qurban, şəhid.
Elə bil bəy çıxırsan!
Şəhid
Mehrab Niftəliyevə
Elə indi oxudum
Döyüş yolunu sənin.
Şuşanın üzərində
Zəfər qolunu sənin.
Elə indi oxudum
Tarix üstə qanını.
Qəhrəmanlıq yolunu,
İgidlik dastanını.
Oxudum ki, vətənə
Qovuşmaq arzun olub.
Oxudum ki, Şuşada,
Vuruşmaq arzun olub.
Bütün varlığın ilə
Döyüşlərə girmisən.
Sonuncu nəfəsini
Təbəssümünə qatıb,
Şuşada dalğalanan
O bayrağa vermisən.
Beləcə də köçmüsən
Vətənin hər daşına.
Adın qanınla düşüb
Tarixin yaddaşına,
Əbədi işıq şəhid,
Odun mübarək olsun!
Yerin mübarək olsun!
Adın mübarək olsun!
Daha sənin adın da
İgidlik qalasıdır.
İndi sənin üç balan
Vətənin balasıdır.
Zəfər tariximizə
Yazılan kitab oldun,
Adın da Mehrab idi,
Özün də mehrab oldun.
Daha xatirələri
Şəkillər daşıyacaq.
Adın ürəyimizdə
Əbədi yaşayacaq.
Şəhid
Ramil Yusifzadəyə
Elə indi atanla,
Ananla da danışdım.
O ürəyi od tutub,
Yananla da danışdım.
Soruşdum ki, ay ana,
Oğul-şəhidlik nədir?
Dedi, bala, soruşma,
Ürəyimi göynədir.
Dedim ki, Ramil deyən
Damı tikmisinizmi?
Qaranlıq arzulara
İşıq çəkmisinizmi?
Dedi, bala, tikəcəm,
Onun dediyi kimi,
Hər şeyi düzəldəcəm
O istədiyi kimi.
Beləcə gedir, şəhid,
Burda olan olubdu.
Sən gedəndən ananın
Dili də tutulubdu,
Atan da susur indi,
Şəklinə baxan atan.
Göz yaşı saqqalına
Axdıqca axan atan.
Bəs orda sən necəsən?
Bu soyuq havalarda,
Sənin qışın necədi?
Məzar daşın necədi?
Necədi cənnətinin,
Havası indi, şəhid?
Soyuqmu şəhidliyin
Yuvası indi, şəhid?
Sənə səslənirəm mən,
Ey savaş meydanında
Peyğəmbərim Nuh şəhid.
Sənə səslənirəm mən,
Ey müqəddəs ruh şəhid.
Sənə yalvarıram mən,
Lap istəyirsən məndən
Tanrıya şikayət et,
Bircə dəfə en yerə,
Mənim bədənim ilə,
Ananı ziyarət et.
Naməlum
şəhidə
Anama deyin ki, yoluma çıxsın,
Sevinsin, mən şəhid olub gəlirəm.
Tabutum önündə qolunu açsın,
Oynasın, Şuşanı alıb gəlirəm.
Gəlirəm sevincək, ürəyi dolu,
Anama deyin ki, dönürəm geri.
Uzunmuş savaşın qayıdış yolu,
Qələbə tabutum, yerihayeri.
Anama deyin ki, bitib intizar,
Vətənə borcumdu döyüş, vermişəm.
Evə tələsirəm, bir az işim var,
Sevdiyim qıza da görüş vermişəm.
Anama deyin ki, narahat olma,
Bütün ağrıları özüm çəkəcəm.
İşləyib verəcəm borclarımızı,
Gəlib özümüzə ev də tikəcəm.
Anama deyin ki, darıxmasın heç,
Həsrətin ayları, illəri boyda.
Sinəmin üstündə güllə yarası
Atamın qabarlı əlləri boyda.
Anama deyin ki, müharibəmiz
Bizim qələbəylə yetişdi sona.
Anama deyin ki, bu mən deyiləm,
Vətən göndərirəm bir qucaq ona.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!