Şəhidlərə həsr olunmuş şeirlər - Elşad BARAT

 

Şəhid

Xansu Qurbanova

 

Salam, ey gedən adam!

Salam, ey qalan şəhid!

Sən iyirmi yaşında,

Şuşanı alan şəhid!

 

Necəsən, gözüm nuru?

İçimdən ötən adam,

Yaraların necədir?

Qələbə, vətən adam.

 

Anan ilə danışdım,

Dərdi üyüdən ana.

Hamımızın anası,

Səni böyüdən ana.

 

Danışdım sənin kimi,

Hayına hay deyirdi,

Səni əzizləyirdi,

Sənə laylay deyirdi.

 

Deyirdi, mənim balam,

Dağ başında dumandı,

Deyirdi, mənim balam,

İgitdi, qəhrəmandı.

 

Bilirəm, qəhrəmansan,

İyirmicə yaşında,

Taleyin üzü dönsün,

Yox atan, qardaşın da.

 

Qəti narahat olma,

Doğmaların bil bizi,

Hamımızın doğması,

Hamımızın əzizi.

 

Bircə burda sinəmin,

Yarası tək göynədin,

Atasız böyümüşdün,

Anasız böyümədin!

 

 

 

 

Şəhid

İsmayıl Qəsəbova

 

Zaman səni atıb getdi

Uşaqlığın ortasına.

Sən gözlədin, o gəlmədi,

Nə toyuna, nə yasına.

 

Buna gəlmək demək olmaz,

Hamı gəldi, hamı getdi.

Bircə anan! Sənin üçün,

Ömrünün hər anı getdi.

 

Bircə anan, anan səni,

Hey axtarıb arayırdı.

Əllərinin qabarıyla

Saçlarını darayırdı.

 

Və beləcə illər ötdü,

Sənintək igid böyüdü.

Nə biləydi anan sənin

Evində şəhid böyüdür?

 

Nə biləydi, ona şəhid,

Anası da deyəcəklər.

Məzarında qərənfillər

Lalə kimi bitəcəklər.

 

Nə biləydi, sinəsində,

Bala boyda dərd olacaq?

Nə biləydi, təsəllisi

Uğur ilə Mərd olacaq?

 

Bilirik ki, şəhid ölmür,

Ölməmisən, yaşayırsan.

Sən əbədi ata, yoldaş,

Bala adı daşıyırsan.

 

Daşıyırsan bu vətənin

Hər daşını, torpağını.

Daşıyırsan qələbənin

Şuşa adlı bayrağını.

 

Sən vətənə, bu torpağa

Can deyərək vermisən can.

Sənin ilə fəxr eləyir

Çaylı, Qazax, Azərbaycan!

 

 

 

Şəhid

Elzamin Təhməzova

 

Zəfərin bu taydadır,

Özün o tayda, şəhid.

Balası boyda ata,

Vətəni boyda şəhid.

 

Şəkillərə baxıram,

Təbəssümün ucalır.

Adam sənə baxanda

Baxışından güc alır.

 

İgidliyin çıxıbdır,

Şəkillərinə, şəhid,

Nümunəsən əbədi,

Bu millətin gələcək

Nəsillərinə, şəhid.

 

Sən döyüş meydanına

Öndə gedən komandir.

Sən 400 əsgərini

Xilas edən komandir.

 

Rahat uyu, şəhidin

Məqamı da cənnətdir,

Rahat uyu, balan da

Vətənə əmanətdir.

 

Əmanətdir adın da,

Dillərdə əzbər kimi.

Səninlə fəxr edirik

Hamı bir nəfər kimi.

 

Sən ordunun polkovnik -

Leytenant komandiri,

Sən kəşfiyyat şəhidi,

Kəşfiyyat komandiri.

 

Sən döyüş meydanında

Tufan qoparan oğul.

Şuşaya, Füzuliyə

Bizi aparan oğul.

 

Sağ ol, sənsən düşmənin

Yeddi postunu yenən.

Şəhid əsgərlərinə

Hamıdan salam denən.

 

 

 

Şəhid

Cəmil Məmmədliyə

 

Quruca söz yazıram,

Başqa neynəyim, şəhid?

Sənə laylamı deyim,

Ağımı deyim, şəhid?

 

Nə deyim ki, borcumu

Zərrə qədər ödəyim.

Nə deyim ki, toxtasın,

Bu çırpınan ürəyim?

 

Deyim ki, nə danışa,

Nə də susa bilirəm.

İstəyirsən sən danış,

Qulaq asa bilirəm.

 

Danış müharibədən,

Bilən əsgərsən, axı.

Füzuliyə ilk dəfə

Girən əsgərsən, axı,

 

Bilirəm, danışanda,

Yaran ağrıyır, şəhid.

Danışmasan bilmərəm,

Haran ağrıyır, şəhid!

 

Yəqin yaralarını,

Duyan ağrıyır indi.

Atan ağrıyır indi,

Anan ağrıyır indi.

 

Ağrıyır sənin üçün

Şuşanın qala yeri,

Millətin şəhid yeri,

Vətənin bala yeri.

 

Zəfər yerisən bizə,

Bütün tarix, zamansan.

Bu millətə, bu xalqa

Əbədi qəhrəmansan.

 

 

 

Şəhid

Yasin Məmmədova

 

Ananın qəlbini ovutmaq üçün,

İndi mən nə deyim, necə söz yazım?

Misralar od tutub alışsın gərək,

Elə alov yazım, elə köz yazım.

 

Yazım bu məzarın yiyəsi kimi,

Kəsim bu həsrəti, bir yolluq edim.

Ya sənə çevrilim, sən olum, şəhid,

Ya da ki anana oğulluq edim.

 

Yox, edə bilmərəm, layiq deyiləm,

Bu, sənin məqamın, sənin çağındı.

Qələbə sevinci, bala itgisi,

Bütün düşüncələr darmadağındı.

 

Gör necə danışır, gülür bu şəkil,

Şəhidlər çevrilir vətən sirrinə.

Bu məzar hamının məzarı, çəkil,

Biraz da mən yatım sənin yerinə.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!