Frederik Şopenin
"Noktürnlər"ini dinlərkən...
Ağac qollarını açıb səmaya
Quşları geri səsləyir, qoynundakı yuvaya!
***
Hava sakitdirsə,
demək, ayrılıq havasıdır.
Bu dəfə külək ağacları tərk edib!
***
Şəhərlər
ağacların həbsxanasıdır!
***
Oyuncaqlarıyla böyüyən uşaqlar
Xəbərsizdir
oyuncaqlarıyla ölən uşaqlardan...
***
Bax, Marqo,
yanımızdan əlidolu keçən zamandır!
***
Ağaclar Tanrının nidasıdır!
***
Səni, əbədiyyən unutmaq istedadını daşıyıram özümlə,
O istedad ki, heç vaxt kəşf olunmayacaq!
***
Ağacların yaddaşına köçmək istəyərdim,
əbədi yaşamaq üçün!
***
Yaxşı şeirlər fatihə kimi
hər dəfə ayrı-ayrı insanların xatirəsinə oxunur!
***
Küçə telefonlarında
iyirmicə qəpiyə
doğmalıq satılır!
***
Bir meşəlik kitab yazan adam
bircə dəfə yad etmədi
ağacları...
***
Vitrindəki qırmızı lentlər
və
parkda yemlənməyi gözləyən göyərçinlər üçün çox
darıxıram, Marqo.
Yəni, qızım üçün!
***
Həyatın mündəricatı olmur
Ki baxıb, xoşbəxt günlərin səhifəsini açasan birbaşa!
***
"Əlvida" sözü
dünyanın bütün dillərində eyni cür oxunur,
kədərlə!
***
Əslində, insanlar getmirlər, Marqo!
Bizim getdi sandıqlarımız
heç vaxt gəlməyənlərdir.
***
Nə çox istərdim, çəhrayı səbətli velosipedim olsun
mənim də
uşaqlığımın ən şirin xatirələrini daşıdığım
sonra,
sonra
heç nə gəlmir ağlıma...
həə, hə,
bir də
Yasəmən ağaclarıyla dolu bir küçə
bütün sevdiklərimlə yaşadığım.
***
Bu dünyada hər ayrılıq bir günahın cəzasıdır, Marqo;
Və ya bu dünyada hər günahın cəzası ayrılıqdır, Marqo;
Bu dünyanın (!) cəzası ayrılıqdır, Marqo...
Amma bütün ağrılara və ayrılıqlara rəğmən,
nə gözəldir yaşamaq! İnsan olmaq!
Musiqi bəstələmək, musiqi dinləmək,
çiçəkləri sevmək, buludlara gülümsəmək,
qollarını səmaya qaldırıb günəşi qucaqlamaq,
yeni insanları, yeni yerləri kəşf etməyin arzusunda olmaq,
birinci və sonuncu olmadığını, olmayacağını bilmək,
bu duyğunun verdiyi dincliyi hüceyrələrinə qədər
hiss etmək!!!
Nə gözəldir dağıntılar altında qaldığın vaxtları xatırlayıb
gülümsəmək,
"keçəcək" kəlməsinin sadəcə bir söz deyil,
həm də sehrli bir iksir olduğunu dərk etmək,
bütün keçənləri sevgiylə salamlamaq!
Nə gözəldir canlıların da dilinin olduğunu öyrənmək,
quşların uçaraq, güllərin açaraq danışdığını görmək,
nə gözəldir yaşamağı bacaran dostların olması.
Üstəlik, o dostların sadəcə insanlarla məhdudlaşmaması!
Bəzən susqun bir göl, hər səhər pəncərənə
qonan sərçələr, mövcud olmasa da xatirələrində
yaşayan tut ağacı ilə dost ola bilmək, nə gözəldir!
Nə gözəldir sadəcə adından, ünvanından ibarət olmadığını,
bir quş, bir bitki və ya havada uçan lələk kimi kainatın
kiçik bir parçası, dayanmadan dövr edən enerjinin
zərrəsi olduğunu anlamaq!
Nə gözəldir üzünə toxunmaq,
dərindən nəfəs ala bilmək, ən çətin işlə məşğul olarkən
dilinin altında sevdiyin musiqini zümzümə etmək,
nə gözəldir gözləmək, darıxmaq,
beləcə, hər şeyin yalnız bizim üçün yaradılmadığını bilmək,
müdaxilə etmədən, sorğulamadan, qınamadan,
bəzi şeyləri sadəcə sevməklə kifayətlənmək,
Nə gözəldir "nə gözəldir" cümləsini qura bilmək!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!