Aydın Əfəndi - ŞEİRLƏR

Həyat

Qanadlarını çırpır

Göyə millənir

Gücü çatdıqca...

Vəhşi ümidlə

Ağlasığmaz

əlçatmaz şeyə toxunmaq üçün

yanmayan şeyə çınqı buraxmaq,

yandırmaq

gücü yetməyəni qaldırmaq

orbitindən qopub

dünyanın başına dolanmaq

ötüb keçmək dünyanı.

... ya da

Naşı bir ovçunun gülləsinə tuş gəlib

qulaq batıran fəryadla

daş kimi yerə düşmək

donub qalmaq əbədi

işıqlar keçənə qədər...
 

KÜTLƏ

Dağın başında durub

Baxırdım

Başı-ayağı

Siri-sifəti bilinməyən kütləyə.

Axı insan yalnız insanların arasında

Gizlənə bilər

Demiş filosoflar.

Yaxınlaşdım, kütlə məni udub apardı,

Qışqırmaq istədim, "mənəm" demək istədim,

Ancaq kütlənin nə vecinə

Qışqırım, ya fəryad edim.

Mən belə bir axıntının

İçində min ildi yaşayıram.

Kütlə öz həyatını yaşamış,

Məni doyurmayan həyatla.

Ancaq günlərin bir günü

Hansısa bayramda

Qara geyinmiş bir adam gördüm,

Kütlədən qopub ayrılan.

- Mənəmmi bu? -

Bir anlıq düşündüm.

* * *

Reallıqla toqquşan həyat

Divara çırpılıb toz olub getdi.

Dibsizliyə, məchulluğa baş vurub,

Bizə ancaq boş otaqda

Qogenin rəsmini asmaq qaldı.

Məndən ancaq bu qaldı, -

Taiti adasından "Qara donuzlar",

Pol Qogenin ləzzətlə seyr etdiyi mənzərə,

Burda o, cüzamdan ölüb, bilirsiz.

Minlərlə toz dənəsinin yığışdığı

rəsmin aşağısından

pişik keçir heyrət içində: sahibi hanı bəs?

Sahib artıq çoxdan yoxdu

Və o düşünür ki,

Sahib qayıdarsa,

Hər şey tərsinə fırlanıb yerini alacaq

Həyatsa

əvvəlkki mənasına dolacaq.

Ancaq sahib gəlmir ki gəlmir -

Divarlar allahsızcasına udublar onu,

İzi-tozu qalmayıb.

Rəsmsə asılıb ordan hələ də,

Canına minlərlə tozu yığaraq,

Pişiyə rahatlıq vermədən,

Çaşıb qalmış

Keyimiş...

 

ZAMAN İÇİNDƏ TƏK

Zaman bizi caynaqlarında saxlayır

Ümidsizliklə çıxılmazlıq arasında.

Son çöpünə qədər viranə qalmış

                                   yurd kimiyik,

Şəhərin buz bağlamış ucqarlarında gəzərik.

Qorxu içində yıxılmışıq

Başımız qan içində.

Təkəm mən, divanə kimi tək

Boşluğun içində, unudulmuş...

Məni çağırsan, "Tək", deyə çağır,

                                   - çünki mən

Dağılıb viranə qalmış şəhər kimi

                        yiyəsiz itlərlə doluyam,

Yorulmadan hürən,

İyrənc həyatlarına yas tutub ağlayan.

Deyirlər, məhəbbətlə ümidsizlik

Arasında qalmaq zamanın işidir.

Kimsə özünü Qız qalasından atır,

Kimsə kirli paneldən,

Kimsə, - yatıb bir də oyanmır

Yorğan-döşəyində, ya da reanimasiyada.

Onlar bir daha günəşi görmürlər,

Sübhün səsini eşitmirlər -

əbədi yuxuya dalıb.

Deyirlər hər şeyi zaman edir,

Bizim zəhlə tökən zaman

əzab çəkmədən, sakitcə,

ümidsiz və əbəs,

əclafcasına, tutqun, tərs.

Deyirlər zaman

Qanla ümidsizlik arasında udqunur.

Aşmır, keçmir, qurtarmır,

Adımı çək, tək deyə

çağır məni, mən təkəm...

* * *

İnsan həyatının dəyəri nə?

Arzularımız bəs,

Qorxular, iztirablar, görüşlər, şübhələr...

Gec, ya tez, hamı itaət edəcək -

Barış istəyəcək,

O sərhədsiz və ölçüsüzdür,

Həm də şəriksiz...

Səma kimi, kosmos kimi

Dünyanın tavanındakı ulduzlar kimi.

Necə gedək, hara gedək ki,

Ürəyimiz də

məna və xoşbəxtlik yuva qursun,

başqa heç harda tapmaq olmasın onu.

Sənin qırılmış ürəyinin dəyəri nə?

Qana bələnmiş cisminə

Vurulan yaralar necə,

Necə ölçməli dəyərini onların?

Dəhşət və qarabasmalardan tutulmuş

gözlərin dəyəri nə olacaq görəsən?

İlahi, gəl bu şeylərin hər birinə

                                   qiymət qoy və

İtirdiyimiz vaxtın dəyərini ödə,

            əks halda cəhənnəm gözləyir bizi,

Məşum cəhənnəm, orada bizi

Üçbaşlı Kerber səbirsizliklə gözləyir

Orda sizi dişləyib, ətinizi kəsib

əbədi olaraq tavada qovuracaq

Onda indiki kimi gülə və

                        sevinə bilməyəcəksiniz.

Bəli, Tanrım, bu Sizi də gözləyir... 

* * *

Harda ötüm, harda oxuyum,

Haçan, hansı məqamda,

Bu işgəncələr bizə necə dözsün,

Damarımı necə kəsim ki,

Döşəməyə sıçramasın

Bir damcı da...

Hansı döngədə ev tapım, yaşayım,

Nə arzulayım, necə bir zənciri çeynəyim ki,

əlimdə olanı itirməyim,

əlimdən salmayım...

Nə vaxt yatım, harda yatım ki,

Həyata güvəncim qırılmasın,

Səsimi itirməyim,

İntiqam düyünü açılıb çürüsün.

İstəmədiyin, bilmədiyin şeyi

Verməyəsən, götürməyəsən...

Yenə də... itirməyəsən...

Gecikmisən, amma çata bilməzsən artıq,

Çünki qatarın gedib - yoxdu daha

Bu cansıxıcı həyatı hara qoyum, bilmirəm

Belə xiffət, həsrətlə

Axı mən səninlə yaşayıram,

Səni sevirəm,

Səni öldürsəm,

Özümü də öldürrəm.

Rus dilindən tərcümə:
Cavanşir Yusifli


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!