"Məni haqq divanında sözümdən asacaqlar..." - Şeirlər - Vaqif BƏHMƏNLİ

 

   Üç ciddi hekayə

 

  1. Allah hamını sevir

 

İbrahim hələ də Rəbbin önündə dururdu. İbrahim yaxın gəlib dedi:

- Doğrudanmı, Sən salehi də günahkarla birgə məhv edəcəksən? Əgər bu şəhərdə 50 nəfər saleh adam olsa, Sən yenə də oranı məhv edəcəksən? Sən bunu etməzsən. Bütün aləmin hakimi belə ədalətsizlik eləməz.

Rəbb dedi:

- Əgər Sodom şəhərində 50 saleh adam varsa, onların xatirinə bütün bu yerə rəhm edəcəyəm. İbrahim dedi:        

- Qoy Rəbb qəzəblənməsin ki, mən son dəfə danışacağam. Orada on nəfər saleh adam tapılsa necə?

Rəbb dedi:

- On nəfərin də xatirinə oranı məhv etmərəm...

 

Hamı Allahı sevir,  Allah sevir hamını;

bu mübarək sevgidi, guya, bizi yaşadan!

Sevirsənsə hamını, Allah, devir hamını,

Lütfündən yarımasın, hər başıboş, hər nadan!

 

Tanrı necə sevər ki, əli qana batanı,

Əlibaltalı cəllad Tanrıdan xoşlanarmı?

Yaradanın hökmündən bəzən adam utanır,

amma yenə Tanrının ətəyini başlamır!

 

Qoynunda bəsləyibdi bəlkə Allah ilanı? -

Südüm, qanım təmizdi, sorğuya çatar ərkim.

Ağzını, nadürüstü, xəyanəti, yalanı,

İblis işləklərini Allah necə sevər ki?

 

Günahkar... tövbələrlə təmiz çıxır aradan,

hətta cəlladlar çatır cənnət xumarlığına.

Dolub-daşan varlığı boşluqlardan yaradan

nədən göz yumur içi boşların varlığına?

 

Xəbərimiz olmayıb, qolları qandallayıb

xilqəti kölə edən şahı sevirmiş Allah!

Sevinirmiş görəndə gözlərdən qan damlayıb;

şenliyi-şənliyi yox, ahı sevirmiş Allah!

 

Allah izniylə alçaq - zərzibaya bürünür;

Allah qulmu? İşindən qəpik də çatmır ona...

Nə alqış çatır ona, nə də qarğış, görünür,

qudurğanın atdığı təpik də çatmır ona!

 

Ayağı buz bağlayan, başı tonqal kişinin

gücü yoxmu əzməyə dəyyusu, qurumsağı?

Niyə azar çıxardır, yoxsa sevir bu işi? -

Sonra dərman buyurur spirti, sarımsağı!

 

Nə məqsədlə xəlq edir torpaq yolu, daş yolu,

uçruma çəkir yoxsa yaradan baş qatmaqla?

Şeytan kirayə tutub - ətəyimiz daş dolu;

Şeytanı yaşadırıq Şeytana daş atmaqla!

 

Əməlinə baxanda göydən əlim üzülür -

Dünya haram bazardı, möhtəkir hər tindədi...

Bu işlərin sonunu yaxşı görmürəm, düzü,

Nə qədər ki, tərəzi Allahın əlindədi!

 

2020

 

 

Gözmuncuğu

 

Qardaş, bir gün gördüm başım hərlənir,

yeridiyim yerdə daşa dəyirəm.

Olanım canımdı, təkəm, birəm, bir -

bəs nədən bəd gözə qoşa deyirəm?

 

Üstümə şığıyır namərdin daşı,

qardaş, hansı cəza gözləyir məni?

Gördüm ki, aşıram dəqiqəbaşı

anladım yüzdə-yüz... göz dəyir mənə!

 

Bəs necə qaytarım ağır nəzəri?

Möminlər buyurdu,  getdim bazara.

Altında yaqutu, üstündə zəri

gözmüncuğu aldım... düşdüm azara!

 

Gah tutdum işığa, gah cibə soxdum,

bilmədim tilsimi haramdan asım.

Yaramdan qiymətli sərvətim yoxdu,

muncuğu bəs necə yaramdan asım?

 

Nəyimə yarayar bu muncuq, bu daş? -

Daş canım, daş dəysə, alışqandı çox!

Bəlkə gözlərimə göz dəyir, qardaş,

Bəlkə əllərimə?.. Çalışqandı çox!

 

Tarla kürəyimə bostan əkiblər,

Qalıbmı sıradan çıxmayan əzam?

Dizimə göz dəyməz, çoxdan büküblər,

Telimə heç dəyməz - qırx ildi dazam!

 

Nəfsim gizli qala,  gözüm-könlüm tox,

kimsə iştahama "döz" deyə bilməz.

Mənim ürəyimi görən kimsə yox,

O, gözə görünməz, dərindədi çox

gözə dəyməyənə göz dəyə bilməz!

 

Bədnəzər bağıma bəlkə yol açıb,

bəlkə nar səmtinə cin basıb başmaq?

Səndən şübhəliyəm, əncir ağacım,

Axı sənə dedim hasardan aşma,

Çox qalxma yuxarı, qonşular baxır!

 

Çıxır bədnəzərdən ox dalınca ox,

yayınır hədəfdən köksümdəki zər.

Deputat qızım yox, bankir oğlum yox,

Hansı qanadımı əysin bədnəzər,

kimim var, kimimə dəysin bədnəzər?

 

Canım gözdən uzaq... sehrli tumda

Tanrı nəzərinə bürünür yenə.

Göz görən məsamə yoxdu ruhumda -

Qalxıb qan təzyiqim görünür, yenə.

 

2020

 

 

Ev telefonum

 

Evimin içində ev telefonum...

büzüşüb xəstətək,

                        küncdə can verir.

Zəif tələbədir, bilinmir sonu,

sonuncu möhlətlə imtahan verir!

 

Evimin içində ev telefonum...

gözləri - arısı qırılmış pətək,

Qutusu - boş qazan qapağı kimi,

nənəmin toz basmış yun yumağıtək,

babamın boş qalmış papağı kimi...

 

Toppuzlu dəstəyi daz başa yumruq,

dünənin yenilən dizidi bəlkə?

Rəqəmli yuvalar örtülü, yumuq -

dostların kor olmuş gözüdü bəlkə?

 

Səpərdi bir zaman cingilti tumu,

açardı qovğanın çətin yolunu.

Sallanıb boynundan qara qutunun -

dəstəyi gipslənmiş  əlil qoludu...

 

Bilir ki, yaramır indi heç nəyə,

Doğruya, yalana nömrəsi keçmir.

Daha çıxışı yox fövqəladəyə,

Təcili yardıma zəngi yetişmir.

 

Üstündə yurd salıb köçəri quşlar,

İşğal telefonum tarixə qaldı.

Nə həmən Ağdam var, nə Füzuli var,

telefonçu qızlar qırx ildi laldı.

 

Nəhsdi üstündəki hər rəqəm, yazı -

əvvəl puça çıxır, sanki son susur...

Bir zaman zəng çalıb sevdiyim qızı

eşqə çağırdığım telefon susur!

 

Dururdum mil kimi, səs gəlsə haçan

qulaq şəkləyirdim sirdaşım kimi.

O ölür Sibirdə əqrəblər sancan,

kolyaskaya məhkum qardaşım kimi.

 

Şüşədə çırpınır dev telefonum -

Kor quyu dibində sərsəri mənəm.

Atamdı, anamdı ev telefonum -

ölüblər, yetişmir səsləri mənə!

 

Könül tellərini tutubsa paxır,

simlərə calanan bir vətən yoxsa,

Tel mənim nəyimə gərəkdi axı

o başda dəstəyə əl atan yoxsa?

 

Nə zaman qaldırdım, ötdü bülbültək,

deyiləndən artıq demədi heç vaxt.

Yapışdım dəstəkdən, ram oldu qultək

havayı konturlar yemədi heç vaxt.

 

Evimin içində ev telefonum -

astagəldi bir az, vardı eyiblər...

nə var qınamağa əski çaparı?

Ona qoşqu qoşub dinləməyiblər;

sirləri özüylə gora aparır!

 

Zaman bir şahiddi, qeydi hər cüngdə

Əcəli yetişən gerçəkdən ölür.

Qoca telefonum can çəkir küncdə,

mobil telefonum gülməkdən ölür!

 

2020

 

 

Üç rübai

 

1

 

Tanrı zərrəni çəkir, tərəzisi, daşı var,

Bu xalq qəhrəman xalqdı, tarixlə savaşı var.

Babamın söz karvanı səhra qədər qədimdi,

Nənəm deyən nağılın neçə min il yaşı var.

 

2

 

Fələk çarxına dayaq yurda qurban başı var,

Damarda ata qanı, gözdə ana yaşı var.

Ortaqdı Bilqamısa, Avestaya, Orhuna,

Oğuzu, Osmanlısı, qanlı Qızılbaşı var!

 

3

 

Amma nədən bu qədər kələday var, naşı var? -

Onların bu vətəndə nə azarı, işi var?

Bədəndən boş başları çalmağa qılınc gərək,

Şairdə qılınc hanı, yonuq karandaşı var...

 

2019

 

 

On yeddi "Koronavirus" nəğməsi

 

Bəşəriyyət keçmişindən

gülə-gülə ayrılır...

 

Qadının nəğməsi:

Qurşanıb quymağa, yaxmaya kişi;

kökəlib, olub lap tox-maya kişi...

Bitə "pandemiya",  ondan qorxuram,

evdən ömr-billah çıxmaya kişi.

 

Kişinin nəğməsi:

Yol tapar; fəndgiri sanma bir uşaq,

övrət, nə çox sıxıl, nə də ki, ağla.

Başına örpək sal, ağzına yaşmaq,

arada sosial məsafə saxla.

 

Nişanlı qızın nəğməsi:

Boş sözdü ləngidir "virus" toyu da -

Oğlan tərəfindən "tələ" görünür.

Ötdü yaz, ötdü yay... payız boyu da

evdə qalacağam... belə görünür!

 

Oliqarx oğlunun nəğməsi:

Dalımca məxsusi bir reys göndər,

Yaddaşım pozulub şərab, tüstüdən...

Ata, mən Londonda nə vaxta qədər

qəhvə içəcəyəm kürü üstündən?

 

Nəvənin nəğməsi:

Virusu bəhanə uydurub bizə,

spirtdəmi çimim, deyirsən, gir çim?!

Niyə aparmırsan məni dənizə

Baba, görüm Xəzər gözünə girsin!

 

Şairin nəğməsi:

Bu epos dünyanı tapmaca qanır;

"Pandemdi" - qələmi şığıyan oxdu.

Sərbəstdi - nə əruz, nə heca qanır,

qardaş, bu virusa qafiyə yoxdu.

 

Alimin nəğməsi:

Yoxdur müdafiə... rəqib çəkir qəşş -

bir küncə atılmış hamam tasıyam.

Masamda öskürür qızdırmalı kəşf,

çünki evdən çıxmır dissertasiyam.

 

Möminin nəğməsi:

Molla təsbeh tutur, keşiş şamını -

sappasağ mərhumu namus öldürür.

Allah öldürürdü əzəl hamını,

indi də "Koronavirus" öldürür.

 

Alkaşın nəğməsi:

Mən deyən oldumu, a başdan zökəm,

İndi get arağın çök boğazına.

Əlini spirtlə sürtələ möhkəm,

yerdə qalanını tök boğazına!

 

Dustağın nəğməsi:

Barmaqlıq üst-üstə, sim calaq-calaq -

Bəy dönməz, çürüyər düşsə bura xan!

"Evdə qal", - deyirsiz, razıyıq qalaq,

Amma, kimdi bizi evə buraxan?

 

Rəssamın nəğməsi:

Kovidə uyardı görən hansı rəng -

fonu səma olsun, ya çəmən... yerdə?

Fırçası sınaydı fələyin gərək

ölüm ətri verən gül çəkən yerdə!

 

Rüşvətxorun nəğməsi:

Pul da sahmanlamır andır nəhs ili,

Quş boğaz uzadır, qalıb dən yerdə.

Gəlirin, daşbaşın kökü kəsilir,

Virus mutasiya eləyən yerdə.

 

Yaltaq nəğməsi:

Korona, nəbadə, onu əymə sən,

Çəkmə yalamaqla salamatdı o.

Taclılar önündə, özün bilirsən

dünya yaranandan ikiqatdı o!

 

Sabunun nəğməsi:

Əyrilər sabunla sağalan deyil,

virus çürüdübsə, gər, iliyini.

Mən əlin çirkini aparsam da, bil,

düzəldə bilmərəm əyriliyini!

 

Maskanın nəğməsi:

Xəstə var pul tapmır maska almağa -

Nuhdan maskalıdı xortdan, xoxanlar.

İndi də ikiqat qorunur, qağa,

maskanın üstündən maska taxanlar.

 

Müəllimin nəğməsi:

Bu nə hal, a şagird, taxtasan, taxta,

nəfəsi yoluxmuş təki alırsan,

Biliyin sıfırdı "Korona" haqda,

keç otur yerində, "iki" alırsan!

 

Həkimin nəğməsi:

Canımı verərəm, məndən can istə,

neynim Yaradanın fərmanı yoxsa?

Əlim xalatımdan uzundu, xəstə,

dərdə çarə olmur, dərmanı yoxsa!

 

2020

 

 

Beş sevgi nağılı

 

İki gözəl, tək qoca

Yolumda parlayır gördüm iki ləl,

yol nədi,  tutmur  heç, Yer ikisini.

Yaxamı didəndə içimdəki əl,

anladım quluyam hər ikisinin.

 

Sərfədi fələyin, de, hansı türü? -

neçə günah varsa dövran süpürür...

Şair, dadı daddan seçməkdən ötrü

əl at,  gilənarın dər ikisini.

 

Bevaxt sevdalardı hər zaman diri,

Ayrı nəyə yarar həsrətin piri?

Qismətim olmasa bu cütün biri,

görüm vursun azar, çər ikisini!

 

Yazın çarası gül, qış əlacı nə? -

Payız ruzi verməz çölün acına...

Baxıb gülüşəndə bəyaz saçıma

Baxdım ki, bürüyür qar ikisini!

 

Cüt gözəl, tək qoca... işi çətində,

nöqtəcə yalan yox hekayətində...

Mən yerə quyulandım xəcalətimdən,

beyqəfil apardı,  tər ikisini!

 

2020

 

 

Gələndə yar adı

 

Yarın adı gəlcək titrəyir dizim,

Apara bilmirəm yükü... görürəm,

lap dibdə tiyanın qaralır dibi,

o mənfur körpünü, tükü görürəm...

 

Gələndə yar adı qulaqlarıma,

göylərdən kimsə daş tökür görürəm.

Çökürəm dibimin buzlaqlarına,

bürüyür başımı bürkü görürəm.

 

Yar adı gələndə pörtür sifətim,

gen yolu tıncıxan səki görürəm.

Haqqı anlamağa çatmır qüdrətim,

Tilsimdi, cadudu... nə ki, görürəm.

 

Unudub Allahı, unudub xalqı

ortağı olmayan TƏKİ görürəm.

Yarın yaxasına baxanda, qalxır

sinəmdə Himalay diki görürəm.

 

Sevgi aləmində dibdən naşıyam;

sanki heç görmürəm, sanki görürəm.

Yalnız sərxoş vaxtda yarla qoşayam,

Çünki o vaxt biri iki görürəm.

 

2020

 

 

Qorxulu nağıl

 

Sənə nə olandı ki, məni qəhr etmək ilə? -

Xumar gözün xəlvətdə dola bir az, dolmaya.

Adın çıxıb qılıncla, köhlən səyritmək ilə,

boynumu vursan, üzün sola bir az, solmaya...

 

Axar-baxar ömrümü çəkmə başa mey kimi -

camın dibində xıltı qala bir az, qalmaya.

Qamışlıqlar səslənə şər vədəsi ney kimi,

Qarğuluqlar saçını yola bir az, yolmaya.

 

Dərdin sinəmdə divdi, önümdə dibsiz quyu,

Göydə itlər hürüşür...

                        qibləm sağmı, solmu ya?

Hicrinlə uyuyanı oyatmaz qəm tütəyi -

İsrafil onu qapıb çala bir az, çalmaya.

 

Nəyə gərəkdi vüsal? Söyüd barsız yaşayır:

irmaqlar qadasını ala bir az, almaya.

Su doldurub xəlbirə, aşiq arsız yaşayır -

Tanrı təpəsinə daş sala bir az, salmaya?!

 

2020

 

 

Qarabasma

 

Sinəmdən ox kimi çıxan ahımın

mənzili haradı... bildi, deyəsən.

Böyrümdən beqəfil ötən o ahu

xəlvətcə üzümə güldü, deyəsən?!

 

Qoy gülsün... neçə ki, nəçiyəm, bilmir,

dik başa sevdalar çən əkib, bilmir,

Min ilin bülbülü nə çəkib... bilmir,

qönçədən qızaran güldü, deyəsən?!

 

Qürbət nağılının eynidi ardı -

onu yol, məni də xəyal apardı...

Deyəsən, əlində dəsmal da vardı,

gözümün yaşını sildi, deyəsən?..

 

2019

 

 

Köhnə foto

 

Qırx ilin fotosu...  küncündə ləkə...

Nələr xatırlatmır şəkilin mənə?

Pir olmuş ayrılıq hal tutub bəlkə,

yaxası iynəylə tikili mənəm?!

 

Cızılıb gözümə hər bir naxışın,

səma sakitliyin, şimşək çaxışın.

Didik fotoda da oxdu baxışın,

qəddi kaman kimi bükülü mənəm!

 

Qoca nağılçıyam, üç almasan sən,

Nağıl çoxdan bitib... düşmürsən göydən...

Şəkildən baxırsan heç olmasa sən,

gözləri ovcuna tökülü mənəm!

 

Tale - dibsiz dərya, çöpədi güman,

Kükrəyən dalğalar vermədi aman...

Şəkildə gizlənmiş qatildi zaman,

müdhiş cinayətin vəkili mənəm!

 

Bu solğun şəkildə... gülün tər vaxtı

zühr edib Vaqifin dərbədər vaxtı.

Uçunan əlimdə foto... Şər vaxtı

varlığı çarmıxa çəkili... mənəm!

 

2020

 

 

Şeir adanın üç ovqatı

 

Şükranlıq

 

Allaha min şükür, anadan oldum -

qönçəm gül bağlayır...

                        indi yaxşıyam.

Şükür ki, dərinə can atan oldum;

köküm budaqlayır...

                        indi yaxşıyam.

 

İkiqat xeyrimə işləyir saat,

hər kəsə buyrulmur bu sayaq büsat!

Süfrəyə gəlirəm, dik qalxır arvad,

mənə yer saxlayır...

                        indi yaxşıyam!

 

Sərvaxt qoruqçuyam hər vaxt postuma -

övladlar cəm olub ocaq tüstümə,

nəvəm, "baba" deyib cumur üstümə,

çatıb qucaqlayır...

                        indi yaxşıyam.

 

Başdan dağılsa da saçım çən kimi,

qəlbim dərd çəksə də suçəkən kimi,

Sinəm dəlmə-deşik aşsüzən kimi...

içim qaysaqlayır...

                        indi yaxşıyam.

 

Uddum ümidləri, arzular yedim,

qaynar işıq içdim, soyuq qar yedim,

irtməklər dağıtdım, quzular yedim,

dişlərim laxlayır...

                        indi yaxşıyam.

 

Boşuna getmədim yolları yorub;

önümdə lütfükar bir qürub durub.

Üstəlik, günahım cana od vurub

sinəmi dağlayır...

                        indi yaxşıyam!

 

Qədər rəva bildi; çək işi bir-bir,

qeyb oldu dövrəmdən nakişi bir-bir,

üzüldü sapların tikişi bir-bir;

yaram üz bağlayır...

                        indi yaxşıyam!

 

Ana, saçlarımı dara, gedirəm,

hardan gəlmişdimsə, ora gedirəm!

Oğlumun çiynində gora gedirəm,

qızlarım ağlayır...

                        indi yaxşıyam!

 

2020

 

Qocalar məclisi

 

Dostlar başa çəkdi tut arağını -

damar genişləndi, ürək işlədi.

Böldülər bərabər nehrə yağını,

pendir kara gəldi, çörək işlədi.

 

Yaşları var idi, nə çox, nə azdı -

onlara qoca da demək olmazdı...

Beş-on dəqiqəyə canları qızdı,

beli şax saxlayan dirək işlədi.

 

Dişsiz şair meyli ağ ətə saldı,

dedi: -  Bu, ət deyil, xaliscə baldı!

Duxu  çatmayanlar xəlvətə saldı -

rumkaya su süzdü kələk işlədib.

 

Dəmləndi qocalar,

                        qopub gileydən

biri, keçmişləri qandırdı neylə.

Biri dedi, uçub pəriylə göydə,

qapıda-bacada mələk işlədib!!!

 

Ləpəyə əl qatdı həvəsi olan,

Cəmi bir ərəbdi... dəvəsi ölən!

Nəticə istədi nəvəsi olan -

arzu çiçəklədi, dilək işlədi.

 

Aləmdi qocalar olanda əlbir,

Onların halına yaxşı bax, gəl bir!..

Tamam unudublar fırlanıb xəlbir,

dövranı bunlar yox, ələk işlədir.

 

O ki var dedilər, nə söz qaldı ki,

süfrə xatiratla elə doldu ki...

Məclisin sonunda məlum oldu ki,

əsas yığışmaqdı, yemək... heç nədi!

 

2020

 

 

Şeir adam

 

Doğum yerim Vərəqdi,

Layladı ilkim mənim.

Ağ nəyimə gərəkdi,

Ağıya bükün məni.

 

Rübai şərxoş mayam,

Bayatı bələyimdi.

Hər Misram oxdur yaya,

Müxəmməs biləyimdi.

 

Təcnis azanda məndən,

Qıfılbəndlə açıram.

Qoşma bezəndə məndən

Gəraylıtək naçaram!

 

Can dirildir Şikəstəm,

dürrə dönür sarı qum.

Mən adidə Sərbəstəm,

Tanrı, alidə məhkum!

 

Kəlmələr xəzanımdı;

xal atıb üstündə qəm.

Divani - azanımdı,

Qəzəl - uca minarəm.

 

Ədalət var, görünür,

göyərir Söz puçurum.

Günəş göydə sürünür,

mən torpaqda uçuram!

 

Heç vaxt sönməz canımda

sözdən yanan ocaqlar.

Düşünürəm bu anda -

məni haqq divanında

sözümdən asacaqlar!..

 

2018


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!