Düzü, doğrusu da dəlidən betər,
Əlisi betərdi, Vəlidən betər,
Sovurur qanımı zəlidən betər
Gözəlim dünyanın pis adamları...
***
Mövlana, Yunus Əmrə biçarətək
həqiqət mənimçün hava, su, çörək.
Dünya həqiqətlə fırlanır, ürək
mənim bəxt ulduzum doğacaq bir gün.
***
Deyirlər, tərsinə yozular yuxu,
bilmirəm yalandı, ya doğru, Allah!
Bu gecə yuxumda rüşvət görmüşəm, -
mənim sabahımı sən qoru, Allah!
***
Alim bir nadana köks ötürdüsə,
aqillə həpəndin qədri birdisə,
əgər bu yaşamaq, bu ömürdüsə, -
ölüm də, qalım da birdi gözümdə.
***
Gözəlləri yoldan çıxarır bahar -
hər bakirə gözəlin Ay üzündə
bir naməhrəm baxışın izi var.
***
İlahi, nə qədər olsa da acı, -
sağ əlim qələmimə,
ürəyim sağ əlimə,
bu dünya ürəyimə
dar ağacıdı,
dar ağacı...
***
Şəhid məzarlarına
İsa bulağından bir ovuc su at.
Dirilib ayağa qalxmasalar da,
rahat uyuyacaqlar,
qan qardaşlarım, rahat.
***
Gözəlim, dəyməsin sənin xətrinə -
bu iydə ağacı başdaşım olsa,
durub şeir yazardım onun ətrinə.
***
Bu şeiri özgələr
oxusun deyə yazmadım -
bu şeiri gözlərinə oxudum,
gözlərin bir röyadı,
bu röyanı yozmadım...
***
Sabah eyvanımda
qaranquşlar yuva quracaq.
Sabah bahar mənim
qəsdimə duracaq.
Qərib şair neyləsin, -
Ana yurdda alçalar çiçəkləyir...
***
Əzəldən ehtiyac içində yandım,
ehtiyac içimdə odlanır yenə.
Qayğıdan doğulan Sabahım, salam!
Əzablar yaşamaq öyrətdi mənə...
***
İgid döyüşçü qardaşım Namiqə
Bilmirəm
özü bildi, bilmədi...
Bircə damcı qanı qalmamış
yaralı döyüşçü,
o qədər
qansız düşmən qanı "içmişdi" ki,
qansızlıqdan ölmədi.
***
Əli dünyadan üzülüb,
haqqa tapınan oğlan.
Sevdiyin mələkləri
gündə yüz yol öpür şeytan.
Xeyir şərdən, şər xeyirdən doğulur,
hər həqiqət bir yalana hamilə,
hər yalanda bir həqiqət boğulur.
***
Mən çıxıb gedərəm, ulduzlar qalar,
tənhalar, qəriblər, yalqızlar qalar.
Onsuz da qədrimi bilən deyilsən -
dəli könlüm yenə də sızlar qalar.
***
Dövrə vurur qağayılar
içimdəki təlatüm dənizində.
Sahilə çırpılmış bir balıq kimi
dərd çapalayır
soluxmuş bənizimdə.
Son ümid can verir
ürəyimin tənhalığında -
kimsəsiz qürbət hücrəsində.
Bu gün çəkdiyim hər ahın üstündə
puçur-puçur qanlı şeh damlaları,
qəbrimə sızan göz yaşların kimi
işıldayır Ay işığında...
***
Ayşənə
Körpələri yuxusunda güldürən
nədir, görəsən -
şeytandırmı, mələkdirmi,
pəridirmi, fələkdirmi?..
İman yerimdi bu gün
röyada gülümsəyən göyərçin qızımın
Tanrı öpən ağ alnı.
İlahi, əgər sənə gərəksə
halaldı o təbəssümə
bu şeiri yazan şairin
ürəyindən axan qanı...
***
Sabaha ümid yox,
Dünənsə sevmədin...
Bu gün də ötüşsə
əgər beləcə
sevgisiz bir ömrə dözməyib
intihar edəcək
göy üzündə
bədirlənmiş Ay
bu gecə.
***
Miladdan min ömür sonra
yenə əlin çatmayacaq
yenə ünün yetməyəcək
otuz il öncəki ilk görüşə,
otuz il öncəki ilk öpüşə.
Bir sinədə döyünən
iki ürək parçalanar.
Nə yaxşı ki, başın üstə
masmavi Göy üzü var,
nə yaxşı ki, çiçəkləyir
ağacların budağında
ilk öpüş dadı verən
qağayılı sevdalar...
***
Bu qızın ayaqları
sahilə toxunsa,
sevincdən torpağın
ürəyi partlar, dözməz!
Bu qız su pərisi kimi,
dənizin qoynuna atılsa,
alovlanar Qırmızı dəniz, sönməz!
Bu qızı Misirdən götürüb
dünyanın ən ağır xəstəsinə göstər, -
dirilib ayağa qalxar,
ölməz!
***
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
***
Küləklər də sol tərəfindən əsir adamın,
yağışlar da soldan yağır.
Atılan daşa sağ çiynini döndərirsən,
daş da sağdan adlayıb sola dəyir.
Kürəyindəki yükləri sanma kürəyin daşıyır,
sol tərəfin daşıyır o yükləri də,
o sancıları, o ağırlıqları da.
Hara dönsən, sol tərəfindi...
sağından vursalar da,
adam solundan ölür.
***
Başqa şəhərdəyəm...
başqa adamların arasında,
ömür ötürürəm ayrı küçələrdə.
Ayrı sabahlara dururam,
ayrı axşamlarda uyuyuram...
hər şey ayrı...
hər şey başqa.
Başqa havalardayam,
Ay başqa,
Gün başqa,
Mən başqa.
Və bircə sən başqa deyilsən,
elə həmənsən,
gözlərimdə gətirdiyim kimisən.
***
Alnımda Tanrının əli -
sevdaların ən gözəli.
***
Gül budağında quşlar oxuyur,
quşlar səsi ilə xalı toxuyur.
***
Unudulmuş kaktus adam
çiçək açdı bu axşam...
***
Pəncərəm önündə üşüyən ağac,
gəl içəri, ürəyini mənə aç.
***
Allah, ölümdən betərdi -
savaşmadan məğlub olmaq dərdi.
***
Rəssam dostum, Lorkayla
Müşfiqin rəsmini çək.
İkisinin də gözlərində
eyni təbəssüm,
eyni hüzn,
eyni sevda,
ikisinin də köksündə eyni ürək.
İkisinin də şeirində eyni işıq,
ikisinin də çöhrəsində eyni yaraşıq.
İkisinin də sinəsində
eyni güllə yarası...
Bir güllə məsafəsi qədərmiş
İspaniya ilə Azərbaycan arası...
Bir güllə məsafəsi qədərmiş
Pikasso ilə mənim aramdakı məsafə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!