Şeirlər - Şövkət Zərin Horovlu

Qanlı Yanvar

 

Min doqquz yüz doxsan, iyirmi Yanvar,

İl qədər ağırdır hər ötən saat.

Millət meydandadı, bir təlatüm var,

Üz-üzə dayanıb ölümlə, həyat.

 

Bakı yırğalanır bir dərya kimi,

Sanki məcrasından çıxaraq bu gün.

İçində kükrəyən qəzəbi, kini

Zülmün sarayını yıxacaq bu gün.

 

Azadlıq meydanı alıb qoynuna

Azadlıq yolunda and içənləri.

Gəlib alqışlayır neçə qız, ana

Sinəsin süngüyə söykəyənləri.

 

Sıxılmış yumruqlar havanı yarır,

Baxanda duyulur əzəmət, vüqar.

Bir insan dənizi hey dalğalanır,

İmperya içində bir vahimə var.

 

Birləşib, yumruğa dönüb bir millət,

Canlı sipər çəkib ölümə, qana.

Azğın imperiya, xain hökumət

Min bir hiylə qurub Azərbaycana.

 

Deyirlər ki, qoşun Bakıya gəlir,

Gəzir xalq arası belə bir xəbər.

Hər yandan "qana-qan" səsi yüksəlir,

Daha da sıxlaşır duran cərgələr.

 

Azadlıq, ədalət qışqırır onlar,

Haqqın dərgahına açılır əllər.

Həyatda hansı bir güclü qüvvə var

Torpağa bəslənən məhəbbət qədər?

 

Əgər olmasaydı yurd məhəbbəti,

Ölümə getməzdi Babək bir zaman.

Əgər olmasaydı vətən həsrəti

Şamtək əriməzdi Füzuli babam.

 

Gör necə oğullar bu məhəbbətlə

Düşdü doğma yurddan diyarbadiyar.

Ömrü yaşamazdı qəmlə, möhnətlə,

Şair Əhməd Cavad, ustad Şəhriyar.

 

Tarix təkrarlanır, deyildir yalan

Bir tarix yaşadıq bir Şənbə günü.

Şəhidlər köksündən tökülən bu qan,

Dağıtdı bu gecə zülmün evini.

 

Durublar, gözlərdə qəzəb, kin, nifrət,

Elin qeyrətini qoruyan ərlər.

Heç kəs inanmır ki, edə xəyanət

Mənsəbə, şöhrətə boyun əyənlər.

 

"Ordu, öz ordumuz düşünür" gənclər,

Ona çörək verib Odlar yurdumuz.

Xalqın arasında hey söyləyirlər -

"Özümüzü kəsməz, öz qılıncımız".

 

İgidlər veriblər kürək-kürəyə,

Şaxta da doğrayıb, qılınctək kəsir,

Hər yandan "Azadlıq, Qarabağ!" - deyə,

Böyük bir izdiham ora tələsir.

 

Silahsız bir millət köməksiz qalıb,

Bəs harda gizlənib "Xalqım" - deyənlər?

Milli qeyrətini kimlərə satıb

Yüksək kürsülərdən nitq söyləyənlər?

 

Xalq üçün özünü oda yaxanlar

Qorxunu o gecə başından atdı.

Tanklarla üzbəüz hərbə çıxanlar

Əl-ələ tutuşub cəbhə yaratdı.

 

Müdhiş hücum əmri verir, nəhayət,

Böyük imperiyanın o qatilləri.

Ətrafı bürüyür qatı bir zülmət,

İçində gizlədir qanlı əlləri.

 

Tanklar guruldayır, toplar od saçır,

Yağıştək ələnir göydən güllələr.

Bakı qan içində səhəri açır,

Dünyanı mat qoyur xalqdakı hünər.

 

Sanki təbiət də tökür qanlı yaş,

Açılan səhərin gözü də qandı.

Əhali içində vahimə, təlaş,

Allah, bu nə qırğın, necə talandı?

 

Küçələr, səkilər cəsədlə dolub,

Baxırsan, birini tanımaq olmur.

Qar üstə bir gəncin kəsilmiş qolu -

Muzdlu qatillərə meydan oxuyur.

 

Məktəbli çantası bulaşıb qana,

Axı bu körpənin günahı nədir?

Torpaq da bu dərdin ağırlığına -

Tab gətirə bilmir, hey inildəyir.

 

Əynində ağ xalat bir cavan oğlan,

Sürünə-sürünə köməyə gəlir.

İnsan cəlladından təlimat alan,

Həkimi də qana qəltan eyləyir.

 

Açdığı atəşdən özü diksinir,

Görən, oyandımı yatmış vicdanı?

Şəhid zirvəsinə qalxıb, yüksəlir

Bu gəncin torpağa axdıqca qanı.

 

Xalqın qəzəbindən qorxan qatillər

Harasa, nə isə yaman tələsir.

Günahsız qanına bulaşan əllər

Cinayətin izin yumaq istəyir.

 

Bir xalqın nifrətin, ya istəyini,

Manqurdlar anlayıb, duya bilərmi?

Bu qanlı ordunun cinayətini

Dəryalar bağlansa yuya bilərmi?

 

İnsanın insana etdiyi zülmü

Görəndə göylərdə günəş də söndü.

Mənim millətimin əzmi, dözümü

O gün bir pillə də artıb, böyüdü.

 

Bir çox sınaqlardan çıxdıq həyatda,

Bu cəsarət, hünər canımızdadı.

Belə dar ayaqda, çətin saatda

Dönüb vətən olmaq qanımızdadı.

 

Yeni bir inam var, xalqın səsində,

Vulkantək püskürür Odlar ölkəsi.

Bu gün oğulların hər kəlməsindən

Ucalır xalqımın tunc iradəsi.

 

Tarix təkrarlanır, deyildir yalan,

Bir tarix yaşadıq bu Şənbə günü.

Şəhidlər köksündən tökülən bu qan

Dağıtdı bu gecə zülmün evini.

 

10.II.1992

 

 

Yurda çatıram

 

Fransanın Strasburq şəhərində

20 Yanvar şəhidləri yad edildi.

Mən də iştirak elədim 

 

Kürəyimdə ağır şələ

Əynimdə odlu köynək -

Asta-asta, gah da yeyin, yüyrək

Yol gedirəm.

Nə şələdən, nə köynəkdən

Baş aça bilirəm.

Kim tutub bu şələni,

Kim tikib bu köynəyi?

Bu şələ dərddən tutulub,

Bu köynək oddan tikilib,

İlmələri bərk çəkilib,

Yanıram Kərəm kimi, aça bilmirəm,

Nə qoyub qaça bilmirəm.

Dədə-babam kimi elə hey göynəyirəm,

Amma, başladığım yolu

Yenə gedirəm...

Yerə atsam bu şələni kim götürəcək?

Kim yiyə duracaq, bilmirəm.

Yenə alıram öz kürəyimə,

Sarılıram odlu köynəyimə:

"Ay şələ tutan,

Ay köynək tikən" deyə-deyə,

Ayağımda dəmir çarıq,

Əlimdə dəmir əsa,

Özüm kimi, özü-özündən

Qorlanan torpağı

Dözümdə donan torpağı

Döyə-döyə, yoruluram,

Yük altında yatıram,

Yuxuda yurda çatıram.

 

Fransa, Strasburq


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!