Tərəfi
Tərəflər tərəfsiz qalsa, dünyanın -
Nə sən tərəfi var, nə mən tərəfi.
Ruha söykənməsə yıxılacaqdır
İnsanın içindən bədən tərəfi.
Ocaq savaşında, köz savaşında,
Əllərin yansa da döz, savaşında.
Şükür, qalib gəlir söz savaşında
Bu gün şeirimizin Vətən tərəfi.
Elnur, həqiqətlər pərdədə qalmaz,
Sözün kütlər üçün bir iti almaz.
Gün görməz, kölgədə kölgə də salmaz
Ağacın mamırlar bitən tərəfi.
Biz
Haqqa haqlı qalxanıq, nahaqqa kəskin qılınc,
Öc almamış durmarıq çıxdıqsa qınımızdan.
Vətən varsa biz varıq, bu inancla yaşarıq,
Yurdu uca tutarıq hər zaman canımızdan.
Qarabağ savaşında hər birimiz bir nida,
O yolda qoymadıq ki, nöqtə eyləsin əda.
Bir ölüb, min dirilən bizlər Vətənə fəda,
Sabahın azadlığı cücərər qanımızdan.
Eşqə təkcə yol keçir qəlb adlı küçəmizdən,
Çətin, Vətəndən özgə bir sevgi keçə bizdən.
Ay eşq nədir anlayar südrəngli gecəmizdən,
Günəş sevgi öyrənər hər səhər danımızdan.
Tanrıya inancımız, bir ümid bəsimizdi,
Elnur, kökünə boylan, gör kimlər əslimizdi?
Bizi ayaqda tutan Vətənə sevgimizdi,
Biz ölərik, dönmərik Od Ər bəy Qanımızdan!
Azərbaycan əsgəri
Vətənə eşqin ilə silahını al ələ,
Keşikçi gözlərinə qəlbində qaz səngəri!
Çıxdığın haqq savaşı
qoy dərs olsun düşmənə,
Zəfər sənindir, sənin, Azərbaycan əsgəri!
Neçə illər Qarabağ qara bağladı başa,
Son pərdə qələbəydi, sonlandı bu tamaşa.
Addım səslərin gəlsə düşmən düşər təlaşa,
Zəfər sənindir, sənin, Azərbaycan əsgəri!
Hər arzun canlı sipər, ümid Vətən daşıdı,
Bu daşlar altda başlar, qəlbdə Vətən daşıdı.
Hər əsgər pak yurdumun ən pak vətəndaşıdı,
Zəfər sənindir, sənin, Azərbaycan əsgəri!
Şax dur, dik tutsun Vətən başını duruşunda,
Şəhid qanı təzədir yurdun hər qarışında.
Bu Vətən savaşında, bu tale vuruşunda
Zəfər sənindir, sənin, Azərbaycan əsgəri!
Bayrağım
Qırmızına baş qoyum,
Yaşılına bükülüm,
Göyünədək ucalım!
Orda Aya əl edim,
Ulduzlara səs salım.
Gündən günlər borc alım.
Səni geyinmək üçün
Səmasını soyunub,
Şuşa, Laçın, Xocalım!
Səmasında dalğalan
Eşq adlı göy dənizin.
Sən ey çoşqun dalğalım!
Qırmızın qanımızdır,
Göyün kimliyimizdir,
Yaşıl Tanrı dualım!
Qırmızına baş qoyum,
Yaşılına bükülüm,
Göyünədək ucalım!
Şəhadət
Eşq yoludu şəhadət,
Bu yol uzundur, uzun.
Kəfəni bayraq olan,
Cismə ölüm uduzur.
İsmi gəzir ürəkdə,
O Vətən bədənlərin.
Kök salır sabahlara
Mənlərdə o mən dərin!
Boyuna boy verməyən,
Bu Vətən məzarların.
Hər qarışı müqəddəs,
Hər daşı bir gülzarım!
Şəhid
Büküldüyün bayraq ən ali kəfən,
Qanın qüsuludur müqəddəsliyin.
Qəbrindən başlayır azadlıq yolu,
Qanınla yazılır Vətən dərsliyi.
Məzarın üstündə ucalan daşın,
Məhəbbət yazılı daş kitabəsi.
Qoynuna sığdığın ana torpağın,
Üstündə dikələn Vətən türbəsi.
Tarixin gələcək səhifəsində,
Ey böyük xalqımın and yeri məzar.
Vətəni yaşadır öz keçmişində,
Altı da, üstü də bu diri məzar.
Qara başdaşında üzü ağ Vətən,
Gülür xoş sabaha, Şəhidim mənim!
Bir kərə yüksəldi sənin qanınla,
Ta enməz Bayrağım, Şəhidim mənim!
Yer altın göyədək ucalda bilən,
Bu məzar taleyin bahar fəslidir.
Sabaha sabahı yaşada bilən,
Bu məzar sabahın Vətən dərsidir!
Aşiqlik
Aşiqlik səhrada susuz quyudan
Su çəkmək kimidi.
Aşiqlik
Eşq əhlinin gözləmək vərdişidi.
Aşiq,
İndi vaxt
Qasırğada üzən gəmini xatırladır sənə.
Ləpələr gedir, qayıtmır ləpədöyənə.
Aşqlik
Yolçusu olmaqdır keçilməz cığırların,
Necə ki, aşiqlər Şuşaya yol açdılar,
Bağrın yara-yara qayalıqların.
Aşiqlik öləcəyini bilə-bilə getməkdi
Aşiqlik müharibəyə sülh elan etməkdi.
Qələbə olandan sonra yazılır sülh.
Bəzən əsmərbənizli doğulur sübh.
Aşiq,
Bu Vətən müharibəsində
Ən gözəl eşq şeiri Vətən mövzusundadır,
Onu da əsgər güllələri yazır.
Aşiq,
Gözlə sonuncu güllə lüləsindən çıxan alovu
Ondadır sənin eşqinin ovu.
Aşiqlik gözləməkdir
Aşiqlik, dözülməyənlərə dözə bilməkdir.
Döz
Eşqin ağacı gec gətirir bəhərini.
Eşqin Günəşi öpəcək dan yerini.
Mütləq qovuşacaq Şuşan sənə,
Qarabağın pəncərələri açılacaq
Təmiz hava axacaq Laçın dəhlizinə.
Orda başrı çatlayır məşuqun da
Aşiqlik budur elə
Yanmadınsa eşq odunda
Kündə olsan da, bişməyəcəksən,
Eşq nədir bilməyəcəksən ölənəcən,
Aşiqlik səfərbərlikdir içindən-çölünəcən.
Azan səslənəcək
Harda azan səslənirsə
Orda muradına çatır yer də, göy də.
Azan çəkən səs
Bir ipdir
Yerdən göyə.
O səsdən tutub qalxa bilərsən
İstədiyin mərtəbəyə.
Vəzifə demirəm ha
Mərtəbə deyirəm.
Azan çağrıdır
Qardaşlığa, sirdaşlığa
Barışa.
Azan çəkiləndə
Səhra ürəklər də
Qərq olur yağışa.
O, nə ərəbin, nə farsın,
O, insanlığın səsidir.
Nə qədər ki, insanlıq var
Azan çəkiləsidir.
Diqqət, diqqət
Diqqət, diqqət!
Növbəti qatar Xankəndinə yola düşür.
Qatarda yol yoldaşınızdır,
Duyğuların sevgi səsi,
Ümidlərin dönüşü.
Biletləri kassadan əldə edin.
O günü görəcəyim gün
Çox uzaqda deyil.
Gözəl qız,
Mənə bir yox, iki bilet, qadan alım!
Çoxdankı arzumu da aparacağam özümlə.
İstəmirəm
Bakıdan Xankəndinədək danlaqda qalım.
Mümkünsə, mənə
İki bilet hazır elə.
Orda
Neçə illik həsrətimlə qol-boyun olacağam.
Bilmək olmaz, bəlkə də,
gedib-qayıtmayacağam.
Kitablardan oxuduğum,
Şəkillərdən gördüyüm bu şəhərə.
Sən bilsən məni necə çəkir arzularım.
Bu arzumu çin elədin,
Sənə özüm boyda
Minnətdaram, Tanrım!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!