Şəhidim
Yoluna su səpim, göz yaşı sıxım?
Çəkməndə torpaq var, torpaq, bir sıxım...
Ver, əsgər çəkməni köksümə sıxım,
Çəkməsində çiçək bitən şəhidim.
Ayağın yerdədir, yolun göylədi,
Göydən ulduz uçdu, yaram göynədi.
Xəbərin oldumu o qız neylədi -
Dönüb üfüqlərdə itən şəhidim?
İgid Poladımla hər an qoşasan,
Sən elə Ağdamsan, elə Şuşasan.
Can fəda etdin ki, vətən yaşasın,
Bayrağa bürünüb ötən şəhidim.
Torpağa qan səpdin, torpaq oyandı,
Qanın çiçəklədi, bu necə qandı?
Yazdın ki, Qarabağ Azərbaycandı!
Sən elə vətənsən, vətən, şəhidim!
Vətən
Günəş ölkəsisən, od ölkəsisən,
Türkün nəfəsisən, Turan səsisən,
Mənim gözlərimdə yer kürəsisən,
Sən elə sərhədsiz, bütünsən, vətən.
Adın Azərbaycan, biz bir candayıq,
Nə fərqi, uzaqda, ya yaxındayıq,
İnancımız birdir: təmiz qandayıq,
Bircə qibləmiz var, o, sənsən, vətən.
Sevgin şipşirindir, sevgin bal dadır,
Hələ həsrətim var, gözüm yoldadır...
Torpaq bir başqadır, ürək başqadır,
Köçüb ürəklərdə bitənsən, vətən.
Gülüm, gülüstanım, baharım, yazım
Adını üçrəngli bayrağa yazım.
Başqa söz nə lazım, tərif nə lazım,
Sən elə vətənsən, vətənsən, vətən!
Yeni ilin şeiri
Dünya qartopu atdı,
Topu var, qarı yoxdu.
Köhnəlmiş heybəsindən
Təptəzə bir il çıxdı.
Onsuz da bütün yollar,
Gedir vağzala sarı.
Dayanmadan fit verir,
Köhnə ilin qatarı.
Yolkanın ətrafında,
Dövrə vurur uşaqlar,
Dövrə vurub qayıdır,
Qayıdır, geri nə var...
Uşaq kimi sevinir,
Yaxşı gətirib işi,
Yuxuda günəş görür,
Mandarin satan kişi.
Bəlkə, bizə doğmadır,
Bəlkə də, yad günüdür.
Gəlin bir süfrə açaq,
Dünyanın ad günüdür.
Neçə ürək köklənib,
Əqrəblərin səsinə.
Bəlkə, bir bilet ola,
Xoşbəxtlər ölkəsinə?..
Ömür
Heç mən də
bir adam deyiləm.
Deyəsən,
səhv sürdüm bu ömrü
yollarım qarışdı.
Bəlkə, başqasının ömrüdü,
Bəlkə də naşıdı...
Dünya gəl-get dünyası.
Hərə çiynində heybə
Bir ömür daşıdı.
Heç mən də
bir adam deyiləm.
Tərsin balası tərsəm.
Görəsən, quruyarmı
bu ömrü yuyub sərsəm?..
Şəhərim
Çəkdi bizi özünə,
Arıtək, bal şəhərim.
Gözləri mavi dəniz,
Könlü vağzal şəhərim.
Qoynunda Qız qalası,
Şirvanşahlar sonası,
Çoxdur qonaq-qarası,
Qucağı zal şəhərim.
Tarixi qədimdədi,
Bəxtinə neft çilədi.
Adı Badu Kubədi,
Küləyi bol şəhərim.
İçərişəhəri var,
Özüylə səfəri var,
Nə yaxşı Xəzəri var,
Yolu qumsal şəhərim.
Binaları göy dəlir,
Yenə fikri göydədir.
Bilinmir qəsdi nədir?
Olub bihal şəhərim.
Dünya gedən qatarsa,
Yollarda izim qalsa,
Bir gün gedəcək olsam,
Vağzalı çal, şəhərim!
İllüstrasiya: Pəri Miniatür
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!