Qazanmışıq sən şəhid olduğun o torpağı, Dalğalanır Şuşada Azərbaycan bayrağı - Şeirlər - Elşad BARAT

 

 

Şəhid

Xalid Hassana

 

Salam, könüllü əsgər,

Könüllü şəhid, salam.

Bu şeiri sən danış,

Mən susuram, mən lalam.

 

Danış, görüm necədi

Şəhidliyin zirvəsi?

Haqqın axan çayları,

Cənnətinin meyvəsi?

 

Necədi anan üçün

Yuxu olmaq, səs olmaq?

Necədi vətən üçün

Ölüb, müqəddəs olmaq?

 

Özün de, doğmalara

Uzaqdan baxmaq necə?

Səkkiz aylıq qızından

Sarı darıxmaq necə?

 

Necə olur ananı,

Ağlayanda izləmək?

O yatanda başının

Üzərində gözləmək?

 

Özün danış, özün de,

Vaxt ötür, gecə keçir?

Şəhidlər arasında

Qələbə necə keçir?

 

Dayan, hara gedirsən?

...Yaxşı yol, gülə-gülə.

Hamıya salam denən,

Hamını təbrik elə.

 

 

     Şəhid

     Nurlan Ağakişiyevə

 

Elə baxma şəkildən,

Dayanır zaman, şəhid.

Təbəssümü yandıran,

Baxışı donan şəhid.

 

Deyim sənə, biləsən,

Laçında dayanmışıq,

Müharibə bitibdi,

Qələbə qazanmışıq.

 

Qazanmışıq sən şəhid

Olduğun o torpağı,

Dalğalanır Şuşada

Azərbaycan bayrağı.

 

Elə baxma şəkildən,

Gülüşü itən şəhid,

Atası qazi şəhid,

Anası vətən şəhid.

 

Sən qələbə sevinci,

Həm də göz yaşı oldun,

Zəfər şəhidlərinin

Kiçik qardaşı oldun.

 

Sənə söz verirəm mən:

 

Bu şəklini böyüdüb,

Həmişə saxlayacam.

Elə baxma şəkildən,

Bu saat ağlayacam.

 

 

 

Şəhid

Arəstə Baxışovaya

 

Laylanı vətən çalır,

Yat, yuxusu daş qadın!

Saçları müharibə,

Gözləri savaş qadın!

 

Savaşın ortasında

İgidliyin mübarək,

Həkimliyin mübarək,

Şəhidliyin mübarək!

 

Sən yaralı əsgərin

Ağrısın duyan həkim.

Savaşda igidlərə,

Şəfa paylayan həkim.

 

Həkimliyin yetmədi?!

Sən ər kimi savaşdın,

Ana kimi vuruşdun,

Əsgər kimi savaşdın.

 

Kim yazıb bu savaşı,

Ömrünün ağ yerinə?

Sənə güllə atdılar

Çiçək atmaq yerinə.

 

Yoxdumu indi səni,

Arayan, şəhid qadın.

Saçlarını mərmilər

Darayan şəhid qadın.

 

Eybi yox, yaraların,

İzləri də itəcək.

Almadığın çiçəklər

Məzarında bitəcək.

 

Bitəcəksə savaşlar,

Bu dünyaya bir də gəl.

Taleyini bağışla,

Bu dünyaya bir də gəl.

 

Bir də gəl, anam qadın!

Bir də gəl, qardaş qadın!

Saçları müharibə,

Gözləri savaş qadın!

 

 

 

Şəhid

Yüksəl Əlizadəyə

 

İlk dəfə bir şəhidlə

Yuxularda görüşdüm,

Yadımda qalmayıbdı

Necə, harda görüşdüm.

 

Gül ətirli havada,

Hər yan ağappaq idi.

Mənim gördüyüm şəhid

Ölməmişdi, sağ idi.

 

Bəzənmişdi elə bil,

Elə bil bəy çıxırdı.

Şirin təbəssüm ilə

Gözlərimə baxırdı.

 

Sual vermək istədim,

İstədim ki, danışım.

İstədim ki, kefini,

Əhvalını soruşum.

 

Sanki dilim tutuldu,

Sanki məni duyurdu,

Sanki fikirlərimi

Öncədən oxuyurdu.

 

Dedi ki: "Anama de,

Mənə yas saxlamasın,

Özünü incitməsin,

Bu qədər ağlamasın".

 

"Ağlamasın, gözünü

Silə bilmirəm, axı.

İstəsəm də yanına

Gələ bilmirəm, axı".

 

Bu ki real görüşdü,

Möcüzəsi yox idi,

Nəsə demək istədi,

Sanki açıb deməyə

İcazəsi yox idi.

 

Bu necə bir yuxudu?

Görməmişəm beləsin,

Bircə onu dedi ki,

Gedib "anama denən

Mənimlə fəxr eləsin!".

 

 

 

Şəhid

Beyrək Feyzullayevə

 

Havası cənnət hava,

Yeri gül-çiçək şəhid.

Özü Oğuz elindən,

Adı da Beyrək şəhid!

 

O öz igidliyini

Vətəndən, yurddan alıb,

Sanki xeyir-duanı

Dədəm Qorquddan alıb.

 

Alıbdı Qazan xanın

Gücünü şimşək kimi.

Köynəyini göndərib

O, Bamsı Beyrək kimi.

 

Onun köynəyindəki

Qanı şəhid qanıdı.

Onu igidliyiylə

Bütün vətən tanıdı.

 

Tanıdıq bu torpağın

Dərdinə tən balasın.

Kasıb komadan çıxan,

Varlı vətən balasın.

 

Acısı özü boyda,

Özü öldüyü boyda,

Bir qızın barmağında

Nişan üzüyü boyda.

 

Özü boyda yara var

Yoxluğunun içində.

Elə bil hamı gedir

Tabutunun içində.

 

Qələbə tabutu da

Vətənlə dolan şəhid.

Qəfildən arzuları

Xatirə olan şəhid.

 

Daha narahat olma,

Düzələr yavaş-yavaş.

Havalar soyuq keçir,

Özünü qoru, qardaş!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!