***
Bir səhər müharibəyə açıldı gözüm,
Gördüm, hər tərəfi
bürümüş vətən qoxusu.
Bir səhər müharibəyə açıldı gözüm,
Sən demə, qarışıb gecənin yuxusu,
Sən demə, qarışıb Gəncənin yuxusu.
Oyanıb otuz illik həsrətdən
Qocaman Murovdağ.
İlahi, möhtəşəmliyə bir bax!
Silkələnib, töküb üstündən yad izləri,
Şuşaya doğru səsləyir bizləri!
Səsləyir qədim abidələr -
Şuşa qalası,
Azıx mağarası,
Cıdır düzü.
Qaldığı yerdən boy atır
Xanın səsi, Vaqifin sözü.
Bir səhər müharibəyə açıldı gözüm,
Əmr verilib: - irəli!
Üzülüb düşmənin
özgə ətəyindən əli.
Amma, lakin, ancaq,
dəyişməyib xisləti.
Atəşkəs istəyir müvəqqəti,
Aman diləyir,
girib heyvan cildinə çaqqallar,
Quzu kimi mələyir...
Döyüş meydanında dizini yerə atdı yağı,
Atəşə tutdu sivilləri, qız-gəlini, uşağı...
Məsum uşaqların ahı tutsun düşməni,
Xəbərlərə baxıb o ki, var ağlamışam,
İçimdə bu əclaflığa qarşı
Bir ömürlük qisas hissi saxlamışam!
Daha sülh ola bilməz,
Axar sular durula bilməz!
Cənab Ali Baş Komandan,
Hörmətli zat ailləri,
Zəfər xəbərlərin xalqın ürəyinə su səpir,
Hərf-hərf, söz-söz, sətir-sətir.
Təşnə könüllərə məlhəmdi
Bütün çıxışların!
Rusiyadan, Fransadan eşidilir
Erməninin yalvarışları!
Bir səhər müharibəyə açıldı gözüm,
Bütün vücudumu bürüdü bu nida:
Qarabağ Azərbaycandır!
Günəş Ərgünəşdən doğdu bu yurda,
Əmr dəyişməyib: "İrəli!".
Qisas vaxtıdır,
Qana qan, cana candır!
Kəndbəkənd, oba-oba nəfəs alır,
Geri qayıdır torpaqlar
qarış-qarış, addım-addım...
Mənə zəfər verin,
Qələbə verin,
Azadlıq verin,
Bütün ağrılarımı-acılarımı unudum!
Ulu Babam, Dədəm Qorqud,
vaxt həmin vaxtdır,
An həmin andır -
Qarabağ Azərbaycandır!
***
Şuşa - məğrur şəhər,
Dağların üzərində dirsəklənib
səsləyir bizi.
Yubanma, atam-qardaşım,
Min illik tarix gözləyir bizi.
Qüdrətli Şuşa,
Al qoynuna sevdiklərini,
Səni sevənləri.
Həsrəti vüsal dadan şəhər,
Otuz illik yoxluğuyla
bizi aldadan şəhər.
Çıx gizləndiyin buludlardan,
Mənə bir səhər bağışla
dumandan, yağışdan, qardan.
Unut köksündə
yara kimi qaysaq bağlamış
mənfur düşmənləri,
Acı keçmişləri, olmuşları, dünənləri.
Sabahları aydınlat nəfəsinlə,
Ən ecazkar səsinlə.
Məğrur Şuşa,
Azad qal həmişə,
Zəfər çal həmişə.
Sənə qəfəs yaraşmır,
Allahla dağların arasında
Səsə bənzəyirsən,
Sözə bənzəyirsən.
İçində qatı açılmamış
möcüzə bəsləyirsən.
Sən tariximin
ən gözəl bəzəyisən.
Məğrur Şuşa-
Hüsnün bir tamaşa.
Ayağının altı cənnət,
Başının üstündə Allah var.
Yenidən cücərir
Sənə olan arzular.
***
Dur, yığış, ruhum, canım,
Dur yığış - bu vətənin
taxtına - tacına gedək.
Vətənin bu başından
O biri ucuna gedək.
Gedək yovşan dərməyə,
Çiçək yığmağa gedək.
Günəşin tellərini
Uca-uca dağlara sərməyə,
Yağış kimi yağmağa gedək.
təbiətin gül üzünü görməyə,
Şimşək kimi çaxmağa gedək.
Gedək çələng hörməyə,
Həkəri kimi axmağa gedək.
Həsrətin bu dalanından
Bir eşqin küncünə gedək.
Əl-ələ versin yallı,
Sıx köksünə yolu,
Bir elin sevincinə gedək.
Dur yığış, canım-gözüm,
Həyatın içinə gedək,
Əl sallasın sal qayalar,
Nur süzülən bal qayalar,
Dağ ətirli Laçına gedək.
Qoşul qayıdış köçünə...
gedək!
***
Vətən müharibəsinin şəhidi
Hüseynli Əkbər Azər oğlunun
əziz xatirəsinə
Oğul düşmən çəpəridi dedilər,
Çəpər oldu son döyüşdə Əkbərim!
Sinəsində qızılgülə döndü qan,
Sipər oldu son döyüşdə Əkbərim!
Çiçəklərə həyat verdi qanıyla,
Ucaldı öz şöhrətiylə, şanıyla.
Alınmaz bir qala oldu canıyla,
Şəhər oldu son döyüşdə Əkbərim!
Azadlığa, hürrə çatdı şəhidim,
Rahat oldu, rahat yatdı şəhidim.
Gecələri aydınlatdı şəhidim,
Səhər oldu son döyüşdə Əkbərim!
Murovdağın ürəyini dağladı,
Özü boyda xatirələr saxladı.
Bir gözümüz güldü, biri ağladı,
Qəhər oldu son döyüşdə Əkbərim!
Yağılara kədər, qüssə, dərd igid,
Pambıq ürək, vətənə tən, sərt igid.
Yaraqlandı, yasaqlandı, mərd igid,
Təpər oldu son döyüşdə Əkbərim!
İlahidi, şəhadəti yazandı,
Yolu haqdan şəhidliyə uzandı...
Qələbəni qanı ilə qazandı,
Zəfər oldu son döyüşdə Əkbərim!
Ürəyimiz buz bağladı o qardan,
Bir də bizə soraq gəlməz bahardan.
Qarabağa qucaq açdı Alardan,
Səngər oldu son döyüşdə Əkbərim!
Bir yol var...
Bir yol var, adı həsrətdi,
Bakıdan Laçına qədər.
Boylanır gedən köçündən,
Qayıdan köçünə qədər.
Şəhərə sığmaz ki oba,
Sığmaz qələm-kitaba.
Göynəyir e kəndli baba,
Əkindən biçinə qədər.
Ruhu əsirdi hər sözün -
Tamı kəsrdi hər sözün.
Ömrü kəsildi hər sözün,
Qolundan qıçına qədər.
Xəbər gəlmədi o dağdan,
Soruşdum səsdən, soraqdan.
Yollar ağardı dırnaqdan,
Tökülən saçına qədər.
Ömür oxunur ovcumdan,
Əl salladım öz köçümdən.
Allah, göynədim içimdən,
Burnumun ucuna qədər.
Söz özü bir cür əzadı,
Uzadı işlər, uzadı...
Bu dünya evi cəzadı,
Toxundan acına qədər.
Söz deyil, bir ovuc küldü,
Söndü, başıma töküldü.
Bu şairi söz-söz öldür,
Savabdan suçuna qədər.
Həsrətdi - özümə kimi,
Məndən ta sözümə kimi.
Oğlumdan qızıma kimi,
Gözümün içinə qədər.
***
Səndən nigaranam,
Ayaqlarını isti saxla,
Əynini qalın eylə, əsgərim!
Qoy isitsin səni
öz ağuşunda ana kimi
Vətən torpağından səngərim.
Darıxırsan, bilirəm,
doğmaların yadına düşəndə,
Bil ki, buralarda
Hər kəs öz işində-gücündə,
Rahat ol!
Sən özündən muğayat ol
bu şərəfli peşəndə!
Başını qoru,
Tarixini, yaddaşını qoru!
Övladını, qardaşını qoru!
Düşmən hiyləsi aldatmasın səni,
Namərd gülləsi udmasın səni.
Ayıqsan! Ayıq ol!
Adına layiq ol!
Mənim qeyrətli əsgərim,
Səni sağ-salamat istərəm!
Təbiət şıltaqlıq edir oralarda, bilirəm,
Ayaqlarını isti saxla,
Əynini qalın geyin.
Sənin adınla bağlıdır
qalibiyyətim, zəfərim.
Qürurdan boğuluram,
Hər gün yeni zəfər xəbərlərinə
açılır sabahlar,
Yenidən doğuluram.
Ürəyim sənin yanında,
Hər kəs azadlıq xəbərinə tətikdə...
Səbrlər daralır
Gecələr uzun çəkdikcə.
Götür günəşi,
Qaldır Şuşanın ən hündür yerinə.
Dağıt qara buludları,
Nur gəlsin
Laçının, Kəlbəcərin gözlərinə!
Əlini ver Xankəndiyə, Xocalıya,
Çək onları olduğun o ucalığa!
Zəngilanın, Cəbrayılın təbəssümü,
Füzulinin təcəssümü
Tarixlərə sən yazdığın səhifədir.
Bir zamanlar uduzduğun səhifədir.
İndi gücə güc qatmısan,
Bütöv, şanlı,
Ulu, azad
Azərbaycan yaratmısan!
Ata əsgər, oğul əsgər,
Sağ ol, əsgər!
Sağ ol, əsgər!
***
Son qoyuldu otuz illik həsrətə,
Yaşamadığı torpaqlardan
Qovdu igidlərimiz düşməni
İti qovan kimi.
Bizik, dedilər, bu yerlərin hakimi.
Silib atdılar iyrənc adları
kəndlərin üzərindən.
Endi mənfurun bayrağı,
Qurtuldu qəfəsdən
Həkəri,
Xudafərin,
Murov dağı...
Güzəştə getmək olmaz,
Allah vurub yağını.
Qaçıb oturdu alçaqlar
Böyük imperiya qucağına.
Amma bizə fərq etməz,
Hər gün irəli addımladı igidlər
Bu itlərin sahibinin acığına.
Özünü məsum göstərən
tülkülər, çaqqallar,
Hardandı sizdə bu qədər
hərbi texnika?
Ahaaa...
Tapdım, "evrika".
Əslində siz oyuncaqsız, fiqursuz,
Ləyaqətsiz, şərəfsiz və qürursuz...
Beyinsiz və şüursuz
bədbəxt oğrular,
Düşünmədinizmi dünən batan günəş
Bu gün doğular?
Düşünmədinizmi bugünün
sabahı da var?
Qorxaqlar, yaltaqlar.
Sizin əməllərinizin bir adı var:
Rəsmən intihar!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!