Tapılmayan sərxoş
Necə olduğumu sorma,
məni bayırlarda yağış götürüb
və bu şəhərdən pasportunu itirmiş bir yabancıtək
tələsirəm getməyə.
Necə olduğumu sorma,
sanki içimdə ölümə gedir birisi,
məndə bir nisgil,
məndə bir ölən var, qırxı çıxmayır!
Necə olduğumu sorma,
məndə bir fərari yaşayır...
Gahdan gecələr beynimdəki dağlarda-daşlarda
atışır,
tutuşur,
gahdan yuxudan oyadır məni,
siqar istir!
Necə olduğumu sorma,
dəniz üzərində içki qutusu!
Mənə, ey tapılmayan sərxoş,
mənə, ey tapılmayan dostum,
bardağından bir qurtum,
siqarından bir nəfəs saxla.
Gecə cənabları
Gecə cənablarını saymadığım saatlardı,
xiyabanda qatillərimi axtarıram!
Kasıblar can verir
və dövlətlilər arxayın intiharda!
Bu çeynə-tüpür həyatı
gecə cənablarına ithaf edəcəyəm,
qatillərimi xəfələyəcəyəm
və dədə yandıracağam səsimlə.
əkilmə, kəlmə, əkilmə!
Təşrifin olsun,
gecə cənabları özümüzdəndir!
Göz-gözü görmür,
çəndir...
Xiyabanda qatillərimi axtarıram!
Yelena
Uzaqda silah səsləri, üstəlik, ildırım
üç bıçaq fırlanırdı saatlarımızda.
Yağmur axşam camlarını cingildədirkən
ayrılmaq vaxtıydı, bəlkə çağrılırdıq...
Alnından öpdüm, alnından,
yatay yelkənidi dodağın və mən,
Sevginin Kolumbu olanmamışdım!
Dalğalandır dodaqlarımı, bayrağındı, dedin!..
Uzaqda silah səsləri, üstəlik, ildırım
dalğalandı dodaqlar, dalbadal dalğalandı dodağlar
və yeldə son kəz çağırdıq bir-birimizi
və yeldə son kəz çağırdım - Yelena!
Yaxında silah səsləri, üstümüzdə ildırım,
bilirdin, anda verdiyim adları yel itirəcək.
bilirdin, əldə siqaret satacaq Xristofor Kolumb,
bilirdin, odsuz çərşənbələrdə çirik donacaq.
sən amma öpdün və dalğalandı bayrağımız,
sən amma yaşatdın dodaqlarındakı yelkənləri,
sən amma çərşənbəni baxışlarında qabartdın,
özündənmiş sənin bayrağın, üstəlik,
Yelena!
Dodaqlarında qızıl meydan durur!
Məchul heca
Səndən sonra kef kifsədi,
Şərablar peşaba getdi,
Üzümlüklər üzümə durdu.
Dəlilsiz darıxıram,
Kim olduğunu bilmirəm,
Səni ad günündə unuduram.
Sən tərs bir yaşam unudulduğunda varsan,
Ey məchul hər nəyim,
Keşkə sussaydım və heç bir kəlməyə ağız açmasaydım,
Sən bir damla göz yaşında tanrılarımı boğdun
Mənsə axşamları aynalara daradım
Bəlkə də heç bir şey olmamış kimi gözlərimizi sildik.
Keşkə sevməsəydim, sanki bir qatilin anasıyam.
Məni lənətlərə yolçu edən,
Məni qurşun kimi yolçu edən
Heç bir zada çarpmadan
Qurşuntək məni yolçu edən sən idin.
Ey olmadığını gizlətməyən,
Dolandır məni başına, dolandır.
Aşiq yorulmaz dairədi,
Mən səssizlik həndəsəsi oxudum,
Mən boşluqlar memarıyam
Şəkillərə şok verən bir feleş.
Darısqallıqlarda sənə yer saxlayan
Mən peşmanlıq professoruyam.
Hava heç də isti deyil,
Səninlə heç islanmadığımız yağışları tərləyirəm,
O gözlərindəki boylu boya hər yana dağılır.
Başım fırlanır,
Hər zad dairədi,
Gələcək də xatirədi!
İşğalçıya
Qəzəbsiz vururam səni, qəzəbsiz!
Çünki sevinc üçün mübarizə aparıram,
kəlmədən başqa heç silahı sevmirəm
və sözlərin də yarasını bağlayıram.
Bu savaş,
bu ölüm məndən deyil.
Sən Ölümlə hər yerdə "selfi" çəkirsən!
Və məzarlıqlarda özünü göstərirsən,
sən cinayət şounun sonuncu pərdəsisən.
Bu savaş,
bu ölüm məndən dəyil,
Qarabağdan çəkil!
Oktyabr 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!