Şuşaya təyinat - Zabil PƏRVİZ

Nolaydı, bir ömür gec doğulaydım,

Yanaydım yaşaya-yaşaya, Allah!..

Təzə bitirəydim ali məktəbi,

Təyinat alaydım Şuşaya, Allah!..

 

Odunla qızınan bir dağ məktəbi,

Qəlbimin odunu verərdim ona.

Gedib dərs deyərdim yalın at minən

Bir dəstə dəlisov türk yavrusuna.

 

Doğrayıb tökərdim kədəri, qəmi,

Qənim kəsilərdim amana, aha.

Şeir toplayardım Cıdır düzündən,

Təqdim eləyərdim Molla Pənaha.

 

Minnətçi düşməzdim Qara keşişə,

Əsilsiz Əsliyə uymazdım heç vaxt.

Bir dəfə çöllərdə Məcnun olmuşam,

Bu dəfə dağlarda olardım Fərhad.

 

Adlayıb quş kimi Qırxpilləkəndən,

Daşlarından öpən nəsim olardım.

Sellərə birinci qucaq açmağa

Sonuncu pilləkən özüm olardım.

 

Xan qızı bulağı açıb deyərdi

Hansı xandan gəlir onun xan soyu.

Hansı xəzinədən süzülüb gəlir

Büllur bulaqların brilyant suyu.

 

Düşmənin bağrını qana döndərən

Bağrıqan dağından atla keçərdim.

Qırxqız yaylağında düşüb tilsimə

Qırx qızdan birini sevib seçərdim.

 

Ən uca zirvəyə qonardı könlüm,

Gedib qartallara qardaş olardım.

İsa bulağından bircə piyalə

Doldurub, içməmiş sərxoş olardım.

 

Qızıl qönçələrin dan söküləndə

Qızıl kirpiyində yaşa dönərdim.

Daşaltı çayına daş atmaq nədir,

Durub sahilində daşa dönərdim.

 

Sitayiş edərdim xarıbülbülə,

Tarixə düşərdi bu təzə ayin.

Tolstoysayağı dəli olardım,

Durub yaradardım tərtəzə bir din.

 

Xarıbülbülpərəst!..

                        Müqəddəs şəhər!..

Mənim azad Şuşam!.. Daha nə dərdim,

Başımda Cabbarın "Mənsuriyyə"si

Qalxıb alov-alov ləpələnərdim.

 

Nolaydı, bir ömür gec doğulaydım,

Yanaydım yaşaya-yaşaya, Allah!..

Təzə bitirəydim ali məktəbi,

Təyinat alaydım Şuşaya, Allah!..

 

 

Sehrli çıraq

 

Nəğmə ona deyərəm ki,

Məni uzaqdan çağıra.

Dodaqdan qəlbə girməmiş

Qəlbi dodaqdan çağıra.

Tutub ruhun biləyindən,

Deyə keçmə belə gündən.

Qönçəni öz bələyindən,

Gülü budaqdan çağıra.

 

Könül nələr umar ondan,

Ayılmaram xumarından.

Suyu daşın damarından,

Odu ocaqdan çağıra.

 

Bu od "Gülüstani-İrəm",

Bir girmişəm, bir də girəm.

Ürək soldadır, bilirəm,

Çaşdırıb sağdan çağıra.

 

Səsini zildən eləyə,

Yolçunu yoldan eləyə,

Məcnunu çöldən eləyə,

Fərhadı dağdan çağıra.

 

Eşqinə batım, bayılım,

Nə yatım, nə də ayılım.

İşvəni nazdan ayırıb,

Teli buxaqdan çağıra.

 

Düşəm könüllü tilsimə,

Deyə bilməyəm heç kimə:

- Göz yaşı düşüb bəxtimə...

Yaşı yanaqdan çağıra.

 

Bu bəxtin keçəm üstündən,

Bu oddan içəm üstündən,

Pərvanəni şəm üstündən

Bülbülü bağdan çağıra.

 

Bu sevdaya bir də dönsəm,

Deyə, aşiq, yenə sənsən?

Sən də köhnə Ələddinsən,

Sehri çıraqdan çağıran...

 

Harda qurursa məclisi,

Əlindədir piyaləsi, -

Axtarıb Zabil Pərvizi

Kefdən-damaqdan çağıra!..

 

 

Sel

 

Bu sel göydən gələn seldir,

Göyləri adlayıb gəlir.

Göylə gedən fələklərin

Dizini qatlayıb gəlir.

 

Çox naşılar istədi ki,

Kəsə bunun qabağını, -

İndi hamısı axtarır

Öz başını, papağını...

 

Ləpələri itilənib

Zirvələrdə qılınc kimi.

Çox qayanı oynadıbdır

Yatağından balınc kimi.

 

Lovğalanan kötükləri

Kökündən yıxıb, düzləyib,

Yer mənimdir deyənləri

Yerin təkində gizləyib.

Bu axının qabağında

Sən də bir saman çöpüsən.

Köçərisən, keçərisən,

Ötəri zaman çöpüsən.

 

Günü günə sata-sata

Elə bilirsən kefdəsən.

Aç gözünü, Zabil Pərviz,

Uduzmusan, hədəfdəsən.

 

Bu sel əzəl dağdan gəlir,

Gedir əbəd yaylağına.

İstəyirsən sağ qalasan,

Dolaşma əl-ayağına.

 

İstəyirsən bəri başdan

"Əlfatəhə"n oxunmasın,

Çaşanlardan ibrət götür,

İz qoy, sənə toxunmasın.

 

Bu sel dirilik suyudur,

Bircə qurtum içsən əgər,

Ölməzlərin kölgəsində

Bəlkə sənə də yer düşər...

 

 

Yazılmamış nəğmə

 

Yay günü yandırar məni bir ocaq,

Qış günü dondurar bir sazaq məni, -

İlahi, bəs məni kim oxuyacaq,

Kim qələm götürüb yazacaq məni?

 

Qoşulub sərsəri, dəli yellərə

Çöllərə düşürəm hər gün, hər axşam.

Kim açıb deyəcək bu könüllərə

Məni yazmayıblar, səssiz qalmışam?

 

Gecə ulduzlara qoşuluram mən,

Gündüz çiçəklərə... Görmürlər məni.

Nə vaxt tapılacaq məni dindirən,

Niyə könüllərə hörmürlər məni?

 

Mən də bəstələnmək istərəm, Allah,

Belə bir bəxt ilə barışım niyə?

Lap elə yabanı çöl çiçəyiyəm,

Kollara-koslara qarışım niyə?

 

Məni pıçıldayır ləpədöyənlər,

Qulaq asanım yox, eşidənim yox.

İlahidən dolu bir piyaləyəm,

Saqisinə şükür!.. Nuş edənim yox.

Bütün fəsilləri görüb gəlmişəm,

Könlünü könlümə verən olmayıb.

Açılan güllərin, solan güllərin

Gözünün yaşıyam, görən olmayıb.

 

Baharda həsrətlə gözləmişəm mən

Köçəri quşların gəlmələrini.

Qış günü bəxtəvər çöl qazlarının

Üşümək bilməyən nəğmələrini.

 

Nolaydı, bir yaşıl qələm əlində

Mən də bir nəğməyə, sözə dönəydim.

Bir ipək tellinin, qələm qaşlının

Qönçə dodağında ləpələnəydim...

 

Mənim də yazanım olaydı, Allah,

Eşidələr məni, bilələr varam.

Bütün könüllərə onun adını

Qızılla yazaram, zərlə yazaram.

 

Duymadı, yazmadı naşılar məni,

Zəri zərgərə ver... Gedək, əzizim, -

Hələ o qapını payız döyməyib,

Döyək qapısını Zabil Pərvizin...

 

 

Bülbüllər oxuyar...

 

Bülbüllər oxuyar Kür sahilində,

Bülbüllər oxuyar gecə sübhəcən.

Xuraman ləpələr, xumar ləpələr

Nəğmə yağışından keçər sübhəcən.

 

Nəğmələr işıqlı, nəğmələr sərin,

Dünyadan bixəbər, bəxtəvər kimi.

Bülbüllər oxuyar

                        qız söyüdlərin

Zülfünə bağlanan könüllər kimi.

 

Bülbüllər oxuyar Kür sahilində,

Yaşıl tellərini sayar söyüdlər.

Gümüş nəğmələrin gümüş selində

Gümüş qamətini yuyar söyüdlər.

 

Saxlayıb bir anlıq səyahətini

Dolanar başına divanə yellər.

Çinarlar heyrətdən çəkər içini,

Sərvlər göz yumub başını yellər...

 

Ulduzlar titrəyər yeddinci qatda,

Göylər yana-yana baxar görərsən.

Bu gümüş tilsimə dözməyib hətta

Bir ulduz əriyər, axar görərsən.

 

Bülbüllər oxuyar Kür sahilində,

Düşər qayalara əks-sədası.

Səsinə səs verər ləpədöyənlər,

Danışar, səsində bülbül ədası.

 

Qopar dodağından sehrli səslər,

Bu yurdun torpağı, daşı oxuyar.

Ömründə oxuya bilməyənlər də

Oxuyar, bir azca naşı oxuyar.

 

Oxuyar hardasa yeraltı çaylar,

Hələ sel olmayan sellər oxuyar.

Qönçə dodaqlılar uyusalar da,

Qönçələr bətnində güllər oxuyar.

 

Susub dinləyərəm...

                        Görərəm birdən

Qızıl səs qarışdı gümüş nəğməyə, -

Mənim ürəyimdir o səsi gələn:

- Bülbüllər oxuyar Kür sahilində,

Bülbüllər oxuyar gecə sübhəcən...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!