Bomjun oxuduğu şeir
Ağ ehrama bürünüb üzü qibləyə sarı
Namaza düzülüblər çanaq antenaları.
Soyuqdan bir-birinə qısılıblar sərçələr,
Papış kimi zivədən asılıblar sərçələr.
Qəfildən yağan yağış çimizdirir şəhəri,
Qəfildən əsən külək qurudur küçələri.
Çinarlar soyunmaqçün qollarını əyirlər,
Şamlar yaş saçlarını küləklə fenləyirlər.
Səmanın şüşəsini cızırlar təyyarələr,
Buludlu meşəsini azırlar təyyarələr.
Qüruba enən günəş ütüləyir damları,
Evlər bir-bir udurlar küçədən adamları.
Mənsə hələ bilmirəm hansı evə udulam,
Hansında xatırlanam, hansında unudulam.
Getməyə bir yerim yox, sığınmağa bir kəsim,
Evim paltarlarımdı, sobam - soyuq nəfəsim.
Dost-tanışım kimsəsiz küçə it-pişikləri,
Yemək üçün ümidim - boş zibil yeşikləri.
Soyuqda qısılıram yerdə yatan itlərə,
Qarnı ac yem oluram birələrə, bitlərə.
Mənim çimməyim ancaq yağışdan-yağışadı,
Nə qədər yaz, yay olsa, üzüm yenə qışadı.
Böcəklər yuva edib saqqalımı, bığımı,
Polislər xatırladır mənə öz varlığımı.
Keçmişimi bilməyən indimə gülür mənim,
Keçmişimdə yaşayan indimdə ölür mənim.
Mənsə xatirələrə ilişib yaşayıram,
Yaşayıram deyəndə, lazımsız ot, çayıram.
Bədənimdə illərin istisi, soyuğu var,
Dişlərimin yerində aclığın oyuğu var.
Uşaqları qorxudan canlı bir müqəvvayam,
Böyüklərçün şəhərin çirkləri axan çayam.
Arzum bir qarın yemək, isti duş, isti otaq,
Bir də ayaqqabılar, paltarlar, təmiz yataq.
Və yatmaq bir neçə gün, yorğunluğu unutmaq,
Unutmaq ağrıları, acıları ovutmaq.
Bir də, məni sevəcək sevdiyim qadın ola,
Bu boş keçən ömrümə başdan ayağa dola.
Heç olmasa bir nəfər məni tez-tez yad edər,
Hər doğum günlərimi məzarım üstə gedər.
Bax, evlər tüstülədir boru siqaretini,
Mənə daş atan qarı sığallayır itini.
Sudan içib köpüblər plastik su çənləri,
Duşlar ağlayacaqlar bu axşam çimənləri.
Bax, küçə fənərləri yuxudan oyanıblar,
Qaranlığı qovmaqçün cərgəyə dayanıblar.
Bax, asfaltı üstünə örtüb torpaq da yatır,
Puçurlara bələnib körpə yarpaq da yatır.
Sabah yenə eyni şey, yenə günəş doğacaq,
Süpürgəçi qadınlar məni söyüb qovacaq.
Yenə başlayacağam yemək axtarışına,
Yenə qatılacağam yaşamaq yarışına.
Bulud heyvanlar
Bax, buludlar necə də heyvanlara oxşayır,
Bax, məsələn, dənizdə bir çüt inək otlayır.
Bax, toyuqlar damların üstündə dənləşirlər,
Kamazların belində mürgüləyirlər şirlər.
Atlar qanadlarını açıb uçurlar göydə,
Marallar maşınlardan hürküb qaçırlar göydə.
Quzular və çəpişlər stadionda oynaşır,
Pişiklər təyyarənin qanadında yalaşır.
Dəvələr qatarlaşıb səmada xizək sürür,
İtlər gah təyyarəyə, gah da quşlara hürür.
Ağır fillər yüpyüngül buludlarla gedirlər,
Ac aslanlar zolaqlı zebraları güdürlər.
Ağ balıqlar masmavi dənizlərdə üzürlər,
Bulud quşlar həqiqi quşlarla bir süzürlər.
Qoçlar helikopterlə toqqaşıb yox olurlar,
Buludlar dağıldıqca qoyunlar çoxalırlar.
İlanlar sürünürlər təyyarəni udmağa,
Günəşdə qızınırlar tısbağayla qurbağa.
Qütb ayısı əriyir günəşin istisinə,
Zürafələr dürtülür buludun tüstüsünə.
Bax, səmada insandan başqa bütün canlı var,
Tanrı öz səmasına qoymaz çıxa insanlar.
Qoymaz mavi səmada beton evlər tikələr,
Qoymaz ağ buludlara qırmızı qan tökələr.
Kafedəki adamın portreti
Rasim üçün
Gözlərilə uzaqlara yol çəkib,
o yolla ünvana çatırdı adam.
Kafe masasını piştaxta edib
vaxtını ucuza satırdı adam.
Yaddaşını şəkil edib cırırdı,
xəyalları şüşə edib qırırdı,
ümidlərdən göydələnlər qururdu -
damından özünü atırdı adam.
Fikir səmasında dolğun olurdu,
fikir meşəsində solğun olurdu,
fikir səhrasında yulğun olurdu,
fikir dənizində batırdı adam.
Fincandakı qəhvəsi də soyumuş,
əynindəki paltarı da uyumuş,
qolu ağac, əli yuva, başı quş -
ovcunun içində yatırdı adam.
Metafora
Yalandan gülümsəyən insan üzüdü
uşaq bağçalarının şəkilli divarları.
Təkliyindən gizlənən insan izidi
böyük şəhərlərin kiçik barları.
Tərk edilmiş qadının səssizliyidi
yıxılmış binaların bomboz xarabalığı.
Tərk edilmiş kişinin "sənsizliyidi"
əşyaların üstünü bürümüş toz qalığı.
Sevincdən ağlayan insanın gözyaşıdı
tərli pəncərələrdən axan su damcıları.
Fikirdən ağırlaşmış insan başıdı
krantların ucundan baxan su damcıları.
Unudulmuş qocanın alnının yazısıdı
hərfləri pozulmuş, solmuş köhnə reklamlar.
Həyatı ağ və qara insanın arzusudu
həyatı rəngli göstərən rəngli böyük ekranlar.
Yorğunluqdan yumulmuş bir cüt gözlərdir
gecələr işıqları yanmayan pəncərələr.
Hələ də deyilməmiş sirli sözlərdir
insan siluetləri görünən mənzərələr.
Qucaqlaşmaq istəyən insan qoludu
bir-birindən küsülü, aralı daş hasarlar.
Bir-birinin həm sağı, həm də soludu
bir-biriylə həm düşmən, həm də qardaş hasarlar.
Xatirələrlə dolu insan üzüdü
arxiv binalarının soyuqqanlı fasadı.
Özündən gizlənən insan izidi
özünü gizlədən insanın adı.
Prelüd
Bu körpə hisslərinin
İlan boğan vaxtıdır.
Qaranlıq gecəsinə
Ulduz doğan vaxtıdır.
Hələ ki, dözməyinə,
Dodağnı büzməyinə,
Çətirsiz gəzməyinə
Yağış yağan vaxtıdır.
Ulduzlar yuxusudur,
Çiçəklər qoxusudur;
Hələ göz yaşı sudur,
Yanağı qan vaxtıdır.
Kədəri kaldı hələ,
Dodağı aldı hələ,
Öpüşü baldı hələ,
Dilinin "can" vaxtıdır.
Hörüklərinin kəsik,
Ağ məmələrinin dik;
Uşaqlığının zinrik,
Gəncliyin dan vaxtıdır.
Donu rəngli xalıdı,
Sözləri davalıdı,
Gözləri havalıdı,
Başın duman vaxtıdır.
Qayğının yox vaxtıdır,
Nazının çox vaxtıdır;
Kirpiyin ox vaxtıdır,
Qaşın kaman vaxtıdır.
Ağ qu quşudu göldə,
Vəhşi qulundu çöldə,
Oddur - tutulmaz əldə,
Axır zaman vaxtıdır.
Requiem for a dream
Nə mənsiz yaşaya bil, nə də ki məni yaşat,
Nəfəsin edib məni ciyərlərində öldür.
Qan olum damarında, kəs venaları boşalt,
Ya da sal ürəyinə, daha dərində öldür.
Ayaq izlərin boyda kiçik qəbir qaz mənə,
Otaq olum, sən isə dəm qazı ol sız mənə.
Nə don biganəlikdən, nə hirsindən qız mənə,
Nə isti, nə soyuqda, məni sərində öldür.
Öldür məni yanaşı şəkillərdən cıraraq,
Məni yadına salan əşyaları qıraraq,
Nifrəti güllə edib ürəyimdən vuraraq
Yatmayıb ağladığın gecələrində öldür.
Nə özün məni gözlə, nə də ki gözlət məni,
Hamıya göstər məni, özündən gizlət məni,
Öldürə bilmirsənsə, qatil tut, izlət məni,
Gəzdiyimiz şəhərin küçələrində öldür.
Vətənin olum, sənsə düşmənlərə sat məni,
Yavaş-yavaş öldürmək istəsən aldat məni,
Bircə dəfə xəyanət edib sonra at məni,
Başqasına ərə get, məni ərində öldür.
Sevməyin başqa yolu
Səni ürəyimdən boşaltsam da bil,
boş otaqlar boşluğun özü ilə doludu.
Daş kimi sussam da min il, milyon il,
boş dodaqlar sevirəm sözü ilə doludu.
Bizimlə başlasın qoy yeni era,
xatirələr bizim eradan əvvəldə qalsın.
Ya birləşək, ya da ki, divide et impera,
qoy ayrılığa dözən eşqdə qələbə çalsın.
Sənə gözlərimi kor etsəm də bil,
bu boş baxışlarım xəyallarınla doludu.
Səndən həmişəlik çıxıb getsəm də bil,
getməyin özü də sevməyin başqa yoludu.
Süpürgəçi qadının dedikləri
Həyat əlehqazın şüşələrindən baxan
vahiməli gözlərdir,
Etirazçıların plakatlarına
yazılan sözlərdir həyat.
Fikirlərimiz həkimlərin
səliqəsiz yazılarında qarışır...
Qalmaq istəyən yaşamır,
qalmaq istəyən yarışır çox uğrunda.
Bilirsiz, evlərin damlarında yaşayan
vəhşi göyərçinlər
çoxdandır gözlərimə dəymir.
Böyük şəhərlərin
geniş meydanlarında səpilən
ucuz buğdalar çəkib apardı onları
insanlar kimi.
Bilirsiz, bəlkə də evlərin
boşluğu qorxutdu göy göyərçinləri...
Həyat dilənçi qızın
palçıqlı əlində tutduğu çörəyin ağlığıdır,
bomjun can sağlığıdır.
Bu şəhərin parklarında
əyinləri cır-cındır,
dişləri qızıldan falçılar gəzir -
ovcu rus dilində oxuyanlar.
Uzaq adam
quş olmaq arzusundan keçib bizə uzağa uçmaq həsrəti
yaxındakı işıqlar gözlərimizi qamaşdırdığı üçün
uzaqdakı işıqlara baxırıq,
evin tavanından asılmış lampa bu qədər yaxınkən
uzaq ulduzlar üçün darıxırıq.
quş olmaq arzusundan keçib bizə uzağa uçmaq həsrəti
milyon il keçsə də uzağın həsrətini çəkəcək insan,
məsələn, qışda yazın həsrətini çəkəcək,
darıxacaq keçmişi üçün.
nə vaxtsa sevdiyi qızın həsrətini çəkəcək,
darıxacaq keçmişi üçün.
yenidən uşaq olmaq istəyəcək,
darıxacaq keçmişi üçün.
yaxınından uzaq olmaq istəyəcək,
darıxacaq keçmişi üçün.
bir dəfə bir qocanın gözlərində uzaq gördüm
uzağın içində uşaq gördüm
uşağın baxışlarında yaxınlarını itirmək qorxusu vardı
qocanın gözyaşları
o qorxunu yuyub apardı...
uzaq - qocanın keçmişi,
uzaq - gəncin həsrəti,
uzaq - uşağın itirmək qorxusudur...
yaşamaq - meyvənin yetirmək qorxusudur.
Yerlə göy arasında
Qısa ömrün səmasında
Uçmağa zamanım yoxdur;
Vətən dediyim torpaqda
Enməyə limanım yoxdur;
Mən bir qəzalı uçağam.
Nə düzənim var, nə dağım;
Nə də bir nişan bayrağım,
Sən idin eniş zolağım,
Sənə də gümanım yoxdur;
Mən bir atılmış uşağam.
Göy üçün quş olammadım,
Yer üçün daş olammadım,
Bədənə baş olmmadım,
Özümə imanım yoxdur;
Özümdən qaçmış qaçağam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!