Gül
Nənəm xalçaya gül əkib,
Xalçada - güllərin ləki...
Tək
Qapını küləkdi döyən,
Çöldə qalıb - təkdi, deyən?!
Yarış
- Ay baba, tez gəlsənə!
- Bundan da tez gəlim, hə?!
- Nə gəlmisən, a kişi?!
- Səksən il azdı bəyəm?!
Mən...
Mən daha çığırmıram,
Ürküdər səsim sərçəni.
Dən götürüb uçan yerdə,
Dimdiyi saxlamaz dəni!
Qış havası
Külək ulayır it kimi,
Şimşək çaxır kibrit kimi.
Qar
Qar yağıb, tək qalıbdır
Evimizin damında... -
Yazığı gəlir adamın da.
Ay pişik
- Ay pişik,
Miyoldama,
Çəkilib yana dursan!
Ay it,
Mırıldama, keç,
Pişiyi qorxudarsan!
Quş
Nəzrinin əlinə
Arı qonmuşdu,
Çığırdı:
- Baxın ey,
Nə gözəl quşdu!
Soyuq
Qar iyi gəlir havadan,
Ağaclar küsüşüb durub.
- Qar... qar... - qarıldayır qarğa,
Sərçələr büzüşüb durub.
Qartopu
Allah qartopu oynayır,
Bizi yaxına qoymayır.
Qış
Ay qar, daha yağdın,
Yağdın... üzün ağdı.
Hərdən
Hərdən külək oluram,
Əsim, -
Yarpaq sevinsin.
Hərdən yağış oluram,
Yağım, -
Torpaq sevinsin.
Toy olanda
- Adamlar uşaq olur, baba?
- Olur da sözdü?!
- Necə?
- Toy olanda, -
Mahnı çalınanda.
Allah
Babam "Allah" sözünü
İki bölüb,
Sətirdən sətrə keçirəndə,
Tutdum əlindən:
- Neylədiyindi, kişi,
Demirdin Allah təkdi!?
Bu Günəş
Zeynəbi yuxusundan
Durğuzanda hər səhər,
Qardaşından soruşur:
- Bu Günəş nə tez çıxır,
Doyunca yatmır, qaqaş?
Gecə yağan qar
Gecə, qapqara gecə,
Qara cücədən qara.
Mənim yazığım gəlir
Gecələr yağan qara.
Yağır, ağappaq yağır,
Yağır, şappaşaq yağır,
Yağır, tək qalır fağır,
Görünmür adamlara.
Küləklə qohumdu
babam
- Ay babalı, küləklə sən
Yaxın qohumsan, deyəsən?!
- Hansı küləklə, ay bala?!
- Lap elə Xəzriylə deyək!
- Bakılı deyilik məgər?!
- Mən də bilirdim elədi.
- Nədən bilirdin, ay bala?!
- Tez-tez əsib-coşmağından?!
Nə yaxşı...
- Nə yaxşı darağın var,
Ay babalı, sat mənə?!
- Başıma lağ eləmə!
- Gəl qaçışa çıxaq biz,
Ay babalı, çat mənə!
- Yaşıma lağ eləmə.
- Uzaqlara baxanda
Gözünü nə qıyırsan?!
- Baxışıma lağ eləmə.
Vedrə və Ayı
Vedrə yırtıldı getdi,
Atdılar pəncərədən.
Bunu görüb bir Ayı
Çıxıb gəldi dərədən.
İndi kefdi, gün batıb,
İşlər bütün xarabdı -
Hava qaralan kimi
Tappatap-tap-tarapdı.
Yavan çörək...
Balam kababı xoşlayır, -
Atasını kabab bilir.
Plovu xoşlayır balam, -
Anasını plov bilir.
Hərdən-birdən görürsən ki,
Kababdan, plovdan küsüb,
Özünü atır üstümə:
- İncimişəm day onlardan!
- Hə-ə-ə... bala,
Ayda, ildə, bir
Yavan çörək də pis deyil!
Allahdan soruş...
- Namaz qılırsan, baba?
- Allahu Əkbər!..
- Məni də öyrət...
- Allahu Əkbər!..
- Bu kişiyə nə olub,
Cavab vermir mənə heç?!
- Baban Allahla danışır,
Mane olma,
Belə keç!
- Allahla danışır babam?!
Ay nənə, de,
Soruşsun -
Niyə Abdul babamı
Cavan öldürüb Allah?!
Aldıq Şuşanı...
Biz aldıq Şuşanı da,
Ağrımızı unutduq.
Silahları baş-başa
Çatıb,
Bir dəstə tutduq.
Bah!
Müğənnimiz də var,
Döyüşən şirdi ki, bu!
Tapıldı tarçalan da,
Topçu Bəşirdi ki, bu!
Sağda, solda arabir
Mərmi düşüb partlayır.
Düşmənin ürəyidi,
Həmləmizdən çatlayır.
Orda tank nərildəyir,
Bu yanda tar bəmdədi.
Üçrəngli bayraq altda
Hərə bir aləmdədi.
Ey bu günü görməyən -
Günəşi batan əsgər!
Toyu yarımçıq qalıb,
Ey şəhid yatan əsgər!
Qurtulduq,
Gözün aydın,
Yağının yadlığından!
Vətən dinclik qazandı
Sənin rahatlığından!
Əkin-dirrik bilməyən
Torpağa toxum düşər,
Ot basmış yollarımız
El-obayla görüşər!
Qol çırmayıb başlayaq,
Vaxtdı,
Toy-düyünə biz!
Azərbaycan,
Nəfəs dər,
Day çıxdıq ağ günə biz!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!