Salam olsun
Çayır, çeşmə, meşə, dağ,
Arana salam olsun!
Təbriz, Dərbənd, Qarabağ,
Yarana salam olsun!
Çağır oğul-qızını,
Haydan alsın xıncını.
Qolu haqq qılıncını
Vurana salam olsun!
Qoşulsun yellərinə,
Bir olan dillərinə.
Üzü türk ellərinə
Durana salam olsun!
Qatma, Eşqi sevgilə,
Haqq sevgisi seçilər.
"Tovrat"a, həm "İncil"ə,
"Quran"a salam olsun!
Baxmasınlar kəc ilə,
Mərdlik olmaz mərc ilə..
Qaranlığı vəcd ilə
Yarana salam olsun!
İçindəki nurunan,
Qəlbindəki qorunan,
O uzaqdan görünən,
Turana salam olsun!
Şəhid general Polad Həşimovun xatirəsinə
Ürəyim bir sim üstə inləyir pərdə-pərdə,
Yanıram alov-alov gözlərim baxa-baxa.
İllərdi ki, dözürəm sinəmdəki bu dərdə,
Neçə-neçə zülümlə qalaraq əlbəyaxa...
Dağlayır qəlbimizi hər gün axıdılan qan,
Durub gendən baxırıq bu acı həqiqətə.
Nədən göz yaşımıza acımır belə, zaman,
Oğullar qurban gedir hələ də xəyanətə.
Yolu işıq olanın ömrü bir şam kimidir,
Xain, nankor, satqına hər yerdə lənət olar.
Şəhid də ölərmi heç, - bu bir yer çəkimidir,
Bayrağa bükülənin məkanı cənnət olar.
Düşündürsə də məni bu meydanlar dərindən,
Sözüm yoxdu deməyə, dayanmışam nitqi lal...
Bilirəm, hardan gəlir kökü xəyanətlərin,
O gün də qurban getdi qüdrətli bir general.
O, köç etdi sevdiyi torpağın qucağına,
Ayaq saxla, salam ver, ey yolçu, bu yerlərə.
Harda olsa baş endir şəhidin ocağına,
De, Turandan salam var, ölüb, ölməyənlərə!
Eşq olsun o kəslərə - bir amal birləşdirən,
Torpaq üçün, vətənçün fəda olan hər cana!
Eşq olsun Polad kimi oğullar yetişdirən,
Hələ yetişdirəcək doğma Azərbaycana!
Böyük Türk sərkərdəsi Hulusi Akara ithaf
Əzəldən günəş - bayraq, səma bizə göy çadır,
Zaman özü şahiddir türkün od nəfəsinə.
Diri Şəhid ruhları qan yaddaşı oyadır,
Tarixin nizə səsi dəyir raket səsinə.
Qarşımızı alammaz daha heç bir maneə,
Qaranlıqdan işıqlı səhərlərə səfər var.
Bizə işləyir artıq hər qiymətli saniyə,
Gözləyirik tezliklə qələbə var, zəfər var.
Mərddir hər bir əsgərim,
mərddir hər bir qardaşım.
Türkün son əməli də ilk verdiyi söz olur.
Sevincimdən sel olub boğur məni göz yaşım,
İki qardaş birləşib, bir yumruqda biz olur.
Sağalacaq zamanla torpağın şırımları.
Bundan belə yurdumda yad ocağı alışmaz,
Səbirlə, təmkin ilə keçib aşırımları,
Haqqa üz tutanlarıq, - haqla nahaqq qarışmaz.
Qəlbim də qələmimtək güləcəkdir, əminəm,
Daha qandan silkinib gül açıb göyərəcək.
Bir Türk qəhrəmanını qoy gətirim nümunə -
Hər dövlətə Hulusi Akartək paşa gərək.
***
İlahi, bahar ömürlər
Vaxtsız solmasın, solmasın.
Qorxu, təlaş gözümüzə
Belə dolmasın, dolmasın.
Boş qalmasın bir qucaq da,
Sönməsin heç bir ocaq da,
Dünya, bu dayanacaqda
Yolçun olmasın, olmasın.
Düşməsin mərd namərd dizə,
Gəlməsin yaxşı pis gözə.
Mələklər ağlayıb bizə,
Şeytan gülməsin, gülməsin.
Pislərdən heyif almadan,
Yaxşılar qalib olmadan,
Nahaqqı yola salmadan
Haqlı ölməsin, ölməsin.
Rahat uyu, şəhidim
Bu dünyanın dərdləri, sanki bizə görədir,
Birindən qurtulmamış başqasını törədir.
Sülhdən dəm vuranların cəllad çıxır çoxusu,
Bütün qəsbkarların ağzında qan qoxusu...
Qara itlər qorunur, ağ atlar izlənirkən,
Qartalları vururlar, bayquşlar gizlənirkən...
Yurdun aşiqlərini seçib dən-dən vurdular,
Gözlərindən qorxanlar
ürəyindən vurdular.
Rahat uyu, şəhidim...
Yollara həsrət - həsrət dikiləndə gözlərim,
dünyanın boğazından keçməyəndə sözlərim,
Cəbhədə don tuturdu sənin ayaq izlərin...
Qış gəlirdi dağlara...
Qarabağda sazaqdı,
Səninsə gözlərindən günəşli bir yaz axdı...
Artıq nəfəsin həyat ritmindən çox uzaqdı...
Uzağa dikilmişdi o anda nəzərlərin...
Gözə vətən dəyirdi...
Qəlbin odu sönmədən ruhun gülümsəyirdi...
Rahat uyu, şəhidim...
Savaşın davam edir,
Bayrağına, himninə neçə dostun əyildi...
Gözünü itirən var,
qolu yoxdur kiminsə...
...Ruhum bu son yaradan ölüncə qan itirsə...
Sən də ordan gülümsə..
Rahat uyu, şəhidim...
Bu zəfərin mübarəkdir, ey vətən
Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!
Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!
Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin "qəlbişüşənin",
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!
Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
...Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!
Qürurluydu bu Qarabağ səfəri...
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin şanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!
Xarıbülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!
***
Başım Yanardağ kimi -
alov-alov,
köz-köz...
Ürəyim çıxıq-çıxıq,
bölük-bölük, -
qismətdə
söz, söz...
Əllərimdə Qobustan qayalarındakı
nağara səsləri... -
dilimdə
döz, döz...
Gözlərimi yumub toxunuram xəyalına,
şəhidim...
dindi, siyasətdi,
sıradan söhbətdi...
Səsim Allaha çatmır,
hardayıq
biz, biz...
Azərbaycan əsgərinə
Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.
Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.
Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın - zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.
Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
Mən şəhidəm
Bir otağa girincə
bütün otaq mən oldum,
bir küçəyə çıxınca
min küçəni doldurdum.
hər yer dönüb mən oldum,
hər baxan göz mən oldum,
özüm görünməz oldum...
Mən şəhidəm...
Eşidərsən səsimi,
hər yerə ün atmışam...
mən səni düşünmüşəm,
özümü unutmuşam.
Əlini aç Allaha...
əlin Haqdan üzülməz.
İşığı sevən kəslər
məni sevməyə bilməz.
Mən şəhidəm...
Hamı gəlib gedəcək,
mənsə öz yerimdəyəm.
Sən əllində, yüzündə,
mən iyirmi birimdəyəm.
Sən hardasa edibsən
ömrünü vallah, həba,
mənə daim olacaq
Türk elindən mərhaba!
Mən şəhidəm...
Rənglər günəşlə çıxır,
rənglər günəşlə batır...
rənglər günəşlə olur,
rənglər günəşsiz ölür...
mən vətənçün ölürəm,
Vətən mənimlə olur...
Mən şəhidəm...
Adilə NƏZƏR
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!