XƏYALDI
Solmuş üzün, ey nazlı pərim, de, bu nə haldı?
Çəkdin əlini, sevdiyin öz başına qaldı.
Üzdü səni min tənələr həsrət qucağında,
Bu dərd ilə ağlar saçına lövbəri saldı.
Güldü sənə göz yaşların, axdıqca gözündən,
Gözlər bu kədərlə qəm içində yenə daldı.
Hicrin nə cəfalar ilə pişvazıma çıxsa,
Hər dəm səni vəsf eyləyəcək bil ki, Xəyaldı.
QIRMIZI
Həsrət - qara rəngdədir,
Kədər - boz rəngdə...
Ümid - mavi rəng,
Nə qəribə ahəng?!
Sarı - qəribəlikdir...
Ağ - xoşbəxtlik...
Yaşıl - inamdır,
Qalx bir süfrə aç,
Şam yandır.
Sevginin rəngi - QIRMIZI,
darıxma,
Döyər qapımızı...
Mənim dƏrdim təkcə sənsən...
Sənin çəkdiyin dərd mənəm,
Çək sürü, başına dönüm.
Nə çəkim var, çətin gələm,
Tək sürü, başına dönüm!
Evin yolun itirmişəm,
Yolum haradı bimirəm...
Sağımda itlər ulaşır,
Solum haradı, bilmirəm.
Ürəyimdə "at yarışı",
Yuxum üzümə dirənib.
Varım yoxa çıxıb, vallah,
Yoxum üzümə dirənib.
Sınıq-sökük xatirələr,
İnan, ağladıb anamı.
Ana, sənə qurban olum,
Niyə doğdun bu adamı?!
Mənim dərdim təkcə sənsən?
Çəkərəm, başına dönüm!
İşimin adı nədi ki...
Bekaram, başına dönüm!
Təzə gəlin
Təzə gəlin, dünyanı
Vecinə alma belə.
Götür xəyallarını
Göz yaşınla ilmələ!
Ümidlər sınıq - sınıq,
Yapışdırmaq asanmı?
Taleyə qarşı çıxmaq
Söylə, yeni fasonmu?
Üşüyən vüsalının
Üstünü ört - isinsin.
Qabına xatirə çək,
Duyğuların sevinsin.
Axı sən də bilirsən,
Sevgi qəmlə doğulub.
Bir qəlbdə cücərəndə,
Başqa qəlbdə boğulub.
Sənə bir şeir yazdım,
Tut ucundan göyə çıx!
Yerə girmə sözümdən
Yer qaranlıq, göy açıq!
Susub
Gözümdə bir arzu susur,
Yanıb-alışmaq istəmir...
Dilimdə bir sevgi susur,
Dinib-danışmaq istəmir...
Əlimdə bir salam susur,
Küsüb... barışmaq istəmir...
Ürəyimdə ümid sönür...
Susub! Qarışmaq istəmir.
Qoy ölüm sevinsin
Qoy başını kədərin
Dizləri üstə...
Bir az mərhəmət istə,
bir az sevgi...
Çalış söz vermə ona,
Çalış dərdini açmasın.
De ki, yolunu ölçsün,
Boyunu ölçməsin.
Söylə ki, ürəyin dolu olsa da,
Dünya cibin kimi boşdu!
Çalış kədərləndirmə kədəri...
De ki, sənə elə onunla da xoşdu.
Bir az üzünü güldür...
Gülümsə kədərinə.
Guya ağlaşma qursan,
Nə gələcək əlinə?!
Bir layiqli ölüm istə...
Rastına çıxsa,
Düz-qoş etsin.
Sən sevinə bilmədin,
Qoy ölüm sevinsin!
Amma ucuz olsun!
Alınası çox şeyin var,
Hələ qisas da almalısan.
Satmağa heç nəyin olmasa da...
Heç vaxtın belə!
Neyləyək...
Baxtın belə!
Ümid oğruları
Əsəcək insafsız payız küləyi,
Səni budağımdan qoparacaqdır...
Sürüyüb ardınca ümidlərimi,
Qaranlıq dünyaya aparacaqdır!
Sənə oxşayacaq səndən olanlar,
Qoşulub küləyə, qaçacaq hamı...
Kimsəsiz görənlər, tənha görənlər
Yada salmayacaq bu bəxti kəmi..
İstidə kölgəmə sığınanlarım
Soyuqda qolumu sındıracaqlar...
Donacam, onlarsa qızınmaq üçün,
Məni acımadan yandıracaqlar..
Qocalıb düşəcəm əldən-ayaqdan,
Beləcə bir ömür ötüb keçəcək...
Yeni bir ümidim cücərən kimi,
Ümid oğruları onu biçəcək..
İTİRDİM
Bir qırıq sevinci tapıb,
Qəmi itirdim, itirdim.
Qəmimlə yükü bol olan,
Gəmi itirdim... itirdim.
Bəlkə də bir az zor idi,
Sığmırdım, dünya dar idi,
Yaxşıca dəmi var idi,
Dəmi itirdim, itirdim...
Qəlbimi qıran çox oldu,
Tost deyib, vuran, çox oldu,
Başımı yoran çox oldu,
Cəmi itirdim, itirdim.
Qəm daha yaxşıdı, yaxşı,
Budur dünyanın axışı,
Kimdi ömrümün naxışı,
Kimi itirdim?.. itirdim!
Eşqlə yağır
Bu payız yağan yağış
Sanki bir başqa yağır.
Süzülür göy üzündən
Bir qıza eşqlə yağır.
Qapını, pəncərəni
Döyəcləyir damcılar
Ürək də sözə baxmır -
Ara vermir sancılar.
Yağan sevgidir, nədir,
Yağan kədərdir, nədir?
Gözlərim çəpik çalır,
Ürəyimi titrədir
Buludlar qucaqlaşıb
Nəğmə deyir yağışla.
Kimi sevir buludlar,
Kimi sevir yağışlar?
Bu payız yağan yağış
Sanki bir başqa yağır.
Süzülür göy üzündən
Gör necə eşqlə yağır
Ay qapımı döyən qız
Ayaqlarım yerimir,
Səsə qaça bilmirəm.
Ay qapımı döyən qız,
Qapı aça bilmirəm.
Dayanmadan döyürsən,
Sanırsan ki, karam, kar.
Son gedən bərk bağlayıb,
Vallah odur günahkar.
Bu qapı taxta deyil,
Necəsə sındırasan.
Bu qapı qanan deyil,
Söz ilə qandırasan.
Könül qapısıdı bu,
Açılmaz hər döyənə.
İnan ki, bel bağlamır
Hər sevirəm deyənə.
Ayaqlarım yerimir,
Səsə qaça bilmirəm.
Daha döymə qapımı,
Gəlib, aça bilmirəm.
Xəyal RZA
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!