Yeni il yaxınlaşır. XX əsrin böyük rus şairi İosif Brodskini xatırlayıram. Adəti vardı, hər il Yeni il qabağı bir şeir yazardı. Həmin şeirlər toplu kitab şəklində sonradan çap olunmuşdu. Brodskinin şeirləri yeni təqvim ili ilə bağlı yox, o ərəfəyə təsadüf edən İsanın mövludu ilə bağlı olurdu və bu mənada o, Svetayeva, Pasternak, həmçinin başqa rus şairlərinin ənənəsini davam etdirirdi. Brodskinin xatırlayıb onun özünə müəllim hesab etdiyi digər görkəmli rus şairi Yevgeni Reyni xatırlamaya bilmirəm. İki dəfə ünsiyyətimiz olmuşdu Bakıda. Reynin də Yeni il şeirləri var. Amma daha çox dəyişən təqvim iliylə bağlı. Əslində, mövlud, yəni doğuluş və dəyişmə kökündə eyni şeydir. Odur ki, "Ədəbiyyat qəzeti"nə hər iki şairdən biri "mövlud", biri "təqvim dəyişməsi"nə həsr olunan 2 şeiri təqdim edirəm. Yevgeni Reynlə olan ayaqüstü söhbətimizi də.
"Axmatovanın yetimçələri" adlanan beşlikdə o da vardı. Kitab yarmarkasında Rusiya stendinin qarşısında söhbət etdik onunla. Xanımı, eyni zamanda özü demişkən, "po sovmestitelstvu" şairin ədəbi katibi funksiyasını yerinə yetirən Nadejda Reyn də yanındaydı.
Yevgeni Reyn: - Bilirsən, Səlim, mən Səməd Vurğunu, Rəsul Rzanı və Bəxtiyarı tərcümə eləmişəm.
- Bilirəm.
- Səməd Vurğunu da görmüşəm.
Təəccüblənirəm.
- 46-cı il idi deyəsən, 10 yaşım vardı. Yessentukidə idim anamla. Orda görüşdük. Anam yaxınlaşdı Səməd Vurğuna (Reynin anası Mariya Ziskand alman dili və ədəbiyyatı mütəxəssisi idi).
- Maraqlıdır.
- Sizin Brodskidən tərcümələriniz nə həcmdədir?
Məlumat verirəm.
- Çox yaxşı, - deyir, əlavə edir ki, bu sevindiricidir.
Dinmirəm.
- Sizin ruscanız çox yaxşıdır.
- Yəqin, azərbaycanlı üçün yaxşıdır.
- Yox, yox, yaxşıdır.
- Sağ olun.
Bir-iki dəqiqəlik sükut yaranır.
- 80-lərdən etibarən yaranan yeni rus şeiri haqqında fikrinizi bilmək istəyirəm.
- Var, bir sıra imzalar var (Qandlevskinin, Kibirovun, Şvarsın, Baxıt Kenjeyevin, Rıjiyin və başqalarının adını çəkir).
- Onları oxumuşam (Parşikovun, Draqomoşenko və bir neçə başqasının adını da mən çəkirəm; xüsusən o şəxslərin ki, Brodski poeziyasının güclü təsirindən yayınmağa və qorunmağa çalışırdılar). Amma doğrusunu deyim, onlarda ağılla hissin proporsiyasında ciddi əngəllər görürəm, - deyirəm.
- Haqlısan, Səlim. Sanki krossvord qururlar...
Yevgeni Reyn
Həqiqi Yeni il
Budur qırılıb artıq təqvimin bel sütunu, bizi gözlər qarşıda soyuq qış gün uzunu.
Qəfil düşər şaxtalar, yeni il belə başlar, yeni qayğılar ilə qarışar yenə başlar.
Səbr eləyib dözəsən dekabrı da gərək, toran tutub həyəti, qar yağıb ətək-ətək.
Pəncərədən o yanda qış azğınlıq eləyir, nəbadə bezməyəsən, dəlilik vaxtı deyil.
Bu havada əyin-baş gərək ki, qalın ola, evə dönən addımlar tələsə, yeyin ola.
Tələsəsən evinə, yemək isti, yer ilıq, sənə hər cür dərd-səri unutduran xoş qılıq,
Sükut, həm də qışqırıq-burda hər şey səninki, xoş simalı qadının belə istəyib çünki.
Ehmal-ehmal qapıya yaxınlaşıb durasan, öz-özünə deyəsən: - Darıxma e, bir dayan...
Yox-yox, tezdir hələ ki, bu qış hələ çağadır... Qış ki var mövsümlərin an amansız çağıdır.
- Tezmi bitər? - sorasan pıçıltıyla, - Çətin ki... Qarşıda fevral durur, odur bax, o tindəki.
Əriyir çayda buzlar baxırsan ki, gerçəkdən, qonşun çıxır küçəyə təkcənə bir pencəkdə.
Gərnəşərək deyir ki, yetər, bəsdir, qurtardıq. Bəsdir palto geyindik, bəsdir, qurtardı artıq.
Ciddi hazırlıq gərək indidən, hərçənd ki, bax, şaxta çöldə-bayırda dayanıbdı cağbacağ,
Navalçalar büsbütün qırovludur, buzludur, qış əhəng təpəsitək bəmbərkdir, qürurludur.
Amma bu görüntüdür, az qalıbdır, azca da, sonuncu döngədəsən, zaman adlı bağçada -
Bir də dönsən bitəcək, sən artıq apreldəsən, bunu təsdiq edəcək ürkək-ürkək qardələn.
Artıq çıxmaq vaxtıdır, gəzmək meşə uzunu, günəşə göstərərək solğunlamış üzünü.
Yada düşsün Karfagen, Afina, Roma, Misir, bir də ki, qışa necə düşdün son dəfə əsir
evinin alçaqboylu dörd divarı içində; ömrünüz sabitqədəm yaşanıbdı sizin də.
Qar əriyir qapqara çəkmələrin burnunda və siz də anlayırsız hər şeyi zamanında
- çürüntü qoxusunu, tər otların ətrini; bu apreldə elə bil həm haqlı, həm sərtsiniz.
Sandıqçalar, yeşiklər, şkaflar, siyirmələr - gözdən uzaq ən dalda və ən gizlin o yerlər
bu axşam açılıbdı, bu axşam faş olubdu, sığırçın budaqlara yenə yoldaş olubdu.
Son dəfə arxasında sən öz yazı mizinin, son dəfə qonağısan indi sən öz evinin,
Şirin kökə gətirir bax, son dəfə arvadın, stəkanda bir az kök əks olunur o qadın.
Əksilə tək qalıbdı, artıq tərk edilibdi, təklik dərk edilibdi.
Yum gözünü, addım at, "bura necə gəlmisən?" - anlamadan eləcə sonra da gözünü aç,
Yad kimsəsiz yerlərə necə gəlib çıxmısan, bu yad kəndi-kəsəyi axı necə tapmısan,
nəhəng iyrənc şəhərdə sən necə sağ qalmısan, solmamısan, əksinə çiçək kimi açmısan -
cavablar yoxdusa da, yoxdusa da səbəblər, sadə olub səninçün dəyişmələr, səfərlər.
Ölümlərdən ölümə, dənizlərə can atan, qadın göbəyi üstə qonan cırcıramadan
o cənnət təpəlikdə qıvrılan bədheybətə və beləcə aldanıb bağlanmısan həyata.
Sahil boyu çadırlar ucalan torpaqlara, ucsuz-bucaqsız, nəhəng bambaşqa adalara:
orda rəhbərin qızı, axşamları kino var, orda aylar və illər ağaclarla sayılar.
Bütün meşələr orda sayılıb qurtarıbdı, bütün səmavi həzlər çoxdandır dadılıbdı:
faniliyin buludu, unutqanlıq fəzası, soyunmuş səmaların gözəlliyi, ədası,
ədəbaz günahların ətirli çiskinləri; boşlayın amma bütün bu mənasız şeyləri,
daha yaxşı yerlər var, istəyirəm biləsən: istəyə ram olanda qəlbin günah etmədən,
dadacaq bərəkəti, işığı və neməti; kimsə bilməz nədəndir, kimsə bilməz hikməti.
Otuz üçüncü göydə bir uzunsov kandar var, arxasında qış yeli daim havayla axar
Necə ki axır indi, çovğun sovurur qarı, üçüncü mərtəbənin bax, yanır işıqları.
Bu isə o deməkdi, yenə yaxınlaşır qış, evdəki od-ocağı yenə xanım yandırmış.
Evə, evə, tez, tələs, soba, şorba və yataq. Get evinə qaçaraq.
Burda hər şey yerində yenə də əvvəlkitək, gözləyir səni yenə miz üstə isti yemək.
Ötüşübsə də aylar, ötüşübsə də illər, yenə də iz qoymayıb o ötüşən fəsillər.
Nə qədər ki, görünür ulduzların qatarı, son bir dəfə nəzər sal göy üzünə sən barı:
axır sənin ulduzun solğunca titrəyərək, işıq saçan, bərq vuran, sanki yumru kirpitək,
axır üzüaşağı şaxta kəsmiş havada. O səni tərk etsə də, özünü sıxma əsla.
İki milyon qışdır ki, bu qışlar gəlib gedir, nəbadə bezməyəsən, dəlilik vaxtı deyil.
Budur qırılıb artıq təqvimin bel sütunu, bizi gözlər qarşıda soyuq qış gün uzunu.
İosif Brodski
Mövlud ulduzu
O soyuq zamanlarda və o məkanlarda ki, öyrəşiblər istiyə
soyuqlardan daha çox, düz yollara, nəinki dağa-daşa, əyriyə,
mağarada bir çağa doğuldu ki, qurtarsın, xilas etsin dünyanı;
yel qarı sovururdu, titrədirdi hər yanı, dağı-daşı, səhranı.
Körpənin gözlərində öküzlərin burnundan çıxan sarımtıl buxar,
anasının sinəsi, bir də kahin Melxior, Baltazar ilə Qaspar,
dünyatək böyük idi. O isə nöqtə boyda. Nöqtə idi ulduz da.
Təkəm seyrək buludlar arasından boylanıb diqqətlə, göz qırpmadan
baxırdı mağaraya o başından dünyanın,
zillənmişdi beşikdə uzanan balacaya baxışları Atanın.
Tərcümələr və giriş Səlim Babullaoğlunundur
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!