Elnarə AKİMOVA
Bizim bir tərəfimiz hər zaman əskik olub. Biz Cənuba, Cənub bizə həsrət qalıb. Hər dəfə o taydan gözü nəmli, nisgil dolu baxışları gördükdə, həmvətənlərimizin ana dili, vətən sevgisi uğrunda mücadiləsinə şahid olduqda vətən sevgisinin bitməzliyi, tükənməzliyinin necə ali hiss olduğunu dərk etmişik. "Ustadımız deyib heçdir, vətənsiz can Azərbaycan!".
Poeziyamızda Təbriz mövzusuna müraciətdən heç usanmadı şairlər. Nə usandılar, nə də qorxdular! Sovetin tüğyan elədiyi vaxtlarda, 1958-ci ildə Rəsul Rza "Ərk qalası" şeirini yazdı, sovet ideologiyasının ən sadiq şairlərindən olan Süleyman Rüstəm mövzu Təbriz olunca əli titrədi, Təbrizlə bağlı ən yanğılı şeirin müəllifi kimi yazdırdı adını ədəbiyyat tarixinə. Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının, Xəlil Rza Ulutürkün "Apardı Sellər Saranı" şeirinin odlu misralarında Təbriz obrazı hər zaman diri qalaraq bilərəkdən güdaza verilən azadlıq nidasının oyanışına xidmət etdi. Poeziyamızda daim gur, çılğın notların başlanğıc məqamlarının söykəndiyi əsas amil oldu Təbriz mövzusu.
Milli müstəqillik qazandığımız 90-cı illərdən sonra da poeziyada Təbriz mövzusuna marağın, müraciətin azalmadığının şahidi oluruq. Bu dövrdə müharibə, şəhidlik, köçkünlük kimi bəlaların, müəyyən sosial problemlərin özü ilə gətirdikləri mövzular Təbrizlə bağlı düşüncələrə ardıcıl köklənməyə imkan verməsə də, hər halda poetik yaddaşın mövzuya həssaslığını qoruduğu bəlli olur. Fikrət Qocanın "Azadlıq şərqisi", Nəriman Həsənzadənin "Qıfılbənd", Sabir Rüstəmxanlının "Təbrizdə bayram axşamı" şeirləri yüzillik yaşı olan bir mövzunun işlənməsi baxımından önəm kəsb edir.
31 dekabr - Dünya Azərbaycanlılarının həmrəyliyi ilə bağlı "Ədəbiyyat qəzeti"nə bütöv Azərbaycanın obrazını verən şeirləri təqdim etmək ideyası doğanda ancaq Təbrizə həsr edilmiş mətnləri xatırladım. Biz birləşməyincə heç vaxt bütöv olmayacağıq. Amma dünyanın dörd bir bucağına səpələnmiş olsaq belə, bir-birimizə uzanan qollarımız, sevgi ilə baxan gözlərimiz, ağrı ilə vuran ürəklərimiz var olduqca, biz elə - vahid, yekparə, bütöv Azərbaycan olacağıq həm də!
Elnarə Akimova
Filologiya elmləri doktoru
Süleyman RÜSTƏM
Təbrizim
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicrində göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan ağlaram, gülsən gülərəm,
Yaşasan yaşaram, ölsən ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Məhəmmədhüseyn
Şəhriyar
Azərbaycan
Könlüm quşu qanad çalmaz
sənsiz bir an, Azərbaycan.
Xoş günlərin getmir müdam
xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm də mən
eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi
qəlbi viran, Azərbaycan.
Bütün dünya bilir -
sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub
mülki-İran, Azərbaycan.
Bisütuni-inqilabda
Şirin-vətən üçün Fərhad
Külüng vurmuş öz başına
zaman-zaman, Azərbaycan.
Vətən eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız deyib
"heçdir vətənsiz can", Azərbaycan.
Qurtarmaqçün zalimlərin əlindən
Rey şümşadını
Öz şümşadın başdan-başa
olub al qan, Azərbaycan.
Ya Rəbb, nədir bir bu qədər
ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır
nə vaxtacan Azərbaycan?!
İgidlərin İran üçün şəhid olub, əvəzində
Dərd almısan, qəm almısan
sən İrandan, Azərbaycan.
Övladların nə vaxtadək
tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə,
oyan, oyan, Azərbaycan!
Bəsdir fəraq odlarından
kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman, Azərbaycan!
Tərcümə edəni: Fikrət Sadıq
Rəsul RZA
Ərk qalası
Təbriz - gözəl şəhər!
Vuruşdular:
son gülləyə;
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
hər şey qırmızı geydi,
daşdan, torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
səsə qədər.
Vuruşdular:
onlardan yeddi dəfə - yetmiş qat
artıq olan,
süngüləri narın daraq dişi kimi
sıx olan düşmənlə.
Yaralılar ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar yandım demədi.
Öpdü qurumuş dodaqları
qan hopmuş torpağı.
Yaralarına basdılar
qan rəngli bayrağı.
Nə düşmən onlardan
bir aman sözü ala bildi,
nə bu ölümü yağı duydu,
nə qala bildi.
Söykənib qala divarına
öldülər ayaq üstə;
çiyin-çiyinə.
Ulduzlar şahid oldu,
bir sırada dayanmış
ölülərin qabağından,
yüz yerə bölünmüş dirilərin
çəkildiyinə.
Öldülər ayaqlarının altında
Vətən torpağı.
Başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə keçdi
ümidləri, arzuları.
Gecə ağır-ağır keçdi
cənazələrin üstündən;
Keçdi getdi yolu səhərə.
Günəş şəfəqdən bir örtük çəkdi
torpağı qoruyub, torpaqda dincələn
cənazələrə.
Bəxtiyar Vahabzadə
Gülüstan poeması
(Bir parça)
İpək yaylığıyla o, asta-asta
Silib eynəyini gözünə taxdı.
əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək.
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınctək.
Öz sivri ucuyla bu lələk qələm
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə...
...Tərəflər sakitdir, qəzəbli deyil,
Məhv olan qoy olsun, onlara nə var.
İmzalar atılır bir-bir, elə bil,
Sevgi məktubuna qol çəkir onlar.
Atıb imzasını hər kəs varağa,
əyləşir sakitcə keçib yerinə.
Eynəkli cənabla, təsbehli ağa,
Qalxıb əl də verir biri-birinə.
Onların birləşən bu əllərilə
Ayrılır ikiyə bir el, bir Vətən.
Axıdıb gözündən yaş gilə-gilə,
Bu dəhşətli hala nə deyir Vətən?
Bir deyən olmadı, durun, ağalar!
Axı, bu ölkənin öz sahibi var.
Siz nə yazırsınız bayaqdan bəri, -
Bəs hanı bu yurdun öz sahibləri?
Bəs hanı həqiqət, bəs hanı qanun?
Qocadır bu yurdun tarixi, yaşı.
Bəs hanı köksünə sərhəd qoyduğun,
Bir vahid ölkənin iki qardaşı?
Görək bu hicrana, bu müsibətə,
Onların sözü nə, qərəzi nədir?
Bu xalq əzəl gündən düşüb zillətə,
Öz doğma yurdunda, yoxsa kölədir?
Necə ayırdınız dırnağı ətdən -
Ürəyi bədəndən, canı cəsəddən?
Axı, kim bu haqqı vermişdir Sizə,
Sizi kim çağırmış Vətənimizə?
Neçə vaxt səngərdə hey ulaşdılar,
Gülüstan kəndində sövdalaşdılar.
Bir ölkə ikiyə
Ayrılsın deyə!..
Göy də guruldamış deyirlər o gün,
Çölləri, düzləri buludlar sarmış.
O göy gurultusu ulu Babəkin
Ruhuymuş,
hönkürüb fəryad qoparmış.
Gülüstan kəndinin gül-çiçəkləri
Bir günün içində soldu-saraldı.
"Gülüstan" bağlandı, o gündən bəri,
Bu kəndin alnında bir ləkə qaldı...
...Cənablar, bir anlıq düşündünüzmü?
Verdiyiniz hökmün ağırlığını?
Bu hökmün dəhşəti əllimi, yüzmü?
Biz necə götürək bu göz dağını?..
Başı kəsiləndə bu məğrur elin
Qəlbin ağrısını hiss etdinizmi -
Qoca Füzulinin, igid Babəkin
Etiraz səsini eşitdinizmi?
Cənablar, bir damcı mürəkkəblə siz
Düsünün, nələrə qol çəkmişsiniz?
Bir damcı mürəkkəb, bir vətəndaşı
Qanına bulayıb ikiyə böldü.
Bir damcı mürəkkəb olub göz yaşı
İllərlə gözlərdən axdı, töküldü.
Min ləkə vurdular şərəfimizə
Verdik, sahibimiz yenə "ver" - dedi.
Lap yaxsı eləyib doğrudan, bizə
Biri "baran" - dedi, biri "xər" - dedi.
Bizi həm yedilər, həm də mindilər,
Amma dalımızca gileyləndilər.
Hökmü gör nə qədər böyükmüş anın
Möhür də basdılar varağa təkrar.
Yox, varağın deyil, Azərbaycanın
Köksünə dağ boyda dağ basdı onlar...
...Qarışıb gözümdə, qarışıb aləm
Dərd-dərdi doğrayır, qəm-qəmdən keçir.
Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölündü yüz, yüz əlli il
Gəraylı, bayatı, muğam, şikəstə.
Dəmir çəpərləri eşqim, diləyim,
Tarixim, ənənəm üstə qoydular.
Yarıya bölündü canım, ürəyim,
Yarıya bölündü Arazda sular.
Taxta dirəkləri qoydular ax, ax!
Qəlbimin, ruhumun, dilimin üstə.
Biz güldük, ağladıq, yenə də ancaq
Bir sazın, bir telin, bir simin üstə.
Ürəkdən ürəyə körpü? Bir dayan!
Dərdimiz dinirsə, bir sazın üstə
Şəhriyar yaralı misralarından
Körpü salmadımı Arazın üstə?!
Bu taydan o taya axışdı seltək
Gözə görünməyən könül telləri.
Bu selin önünü nə çay, nə dirək
Kəsə bilməmişdir yüz ildən bəri.
Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da Azərbaycandır.
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.
Böl, kağız üstündə, böl, gecə-gündüz,
Torpağın üstünə dirəklər də düz,
Gücünü, əzmini tök də meydana,
Qosundan, silahdan sədd çək hər yana.
Torpağı ikiyə bölərsən, ancaq
Çətindir bədəni candan ayırmaq!..
1959
Balaş Azəroğlu
Sənin torpağınam
İlk dəfə şeirimdə adını yazdım,
Dedim, torpağınam, vətən, daşınam.
Ağır günlərində dərdinə dözdüm
Dözdüm, fəxr etdim ki, vətəndaşınam.
Mən sənin yolunda oda atıldım,
O günlər ömrümdə mənalı gündü.
Fədai də oldum, şair də oldum
Gözümə hər yerdə vətən göründü.
Dilimdən düşmədi adın bir gün də
Həsrətin qəlbimdə ümidə döndü.
Çox zaman ürəyim döyünməyəndə,
Köksümün içində vətən döyündü.
İlk sevgim sən oldun bu yer üzündə,
Yəqin, son sevgim də sən olacaqsan.
Bir dünya məna var "vətən" sözündə
Sən babamdan qalan odsan, ocaqsan.
Mən də ilk şeirimdə adını yazdım,
Yazdım: torpağınam, vətən, daşınam.
Nə yaxşı adına oxşayır adım
Nə yaxşı ən sadə vətəndaşınam.
Mədinə Gülgün
Kaş sənlə keçən günlərimi qaytara dövran,
Sənsiz sinəmə gör necə vurmuş yara dövran.
Zənn eylər idim bəxtimizə gün doğacaqdır,
Gör hardan alıb saldı səni bir hara dövran...
Hey yollara baxdıqca gözüm doldu, boşaldı,
Hicran sitəmiylə səni saldı tora dövran,
Əhd etmiş idim munisimiz ilk bahar olsun,
Etdi necə qismət gülümü yadlara dövran.
Eylər ikən hər kəslə müdara soruşun bir:
Təkcə məni neyçün gətiribdir zara dövran?
Gülgün, bilirəm dözməyə var səndə dəyanət,
Vursa yara üstündən əgər min yara dövran!
Xəlil Rza ULUTÜRK
Apardı Sellər Saranı
"Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçdı.
Sürmə gözlü, qələm qaşlı,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.
Gedin deyin Xançobana;
Gəlməsin bu il Muğana.
Muğan batdı nahaq qana.
Apardı sellər Saranı,
Bir uca boylu balanı".
Yox, bunu görməyin Araz çayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı.
Süngülər qəlbləri dəlib keçəndə
Qansız cəlladların qəlbimi yandı?
Bakı bağlarından gəlib keçəndə,
Gördü ağ şanımı, ağzı sulandı.
Qucağı səfalı gözəl bağlarım,
Dişləri göynəyən buz bulaqlarım,
Hər ləpəsi qızıl Arazım, Kürüm,
O ziyad balığım, həşəmim, kürüm,
Çöllər yaraşığı şux ceyranlarım...
Sərin yaylaqlarım, sıx ormanlarım,
Mərəndin, Şəkinin gülü-gülzarı,
Böyük Füzulinin əlyazmaları,
Aran turacları, dağ kəklikləri,
Qəzvinin, Makunun gözəllikləri,
Ürəklər yandıran kamanım, tarım.
Yeraltı, yerüstü Ermitajlarım,
Öküz dərisinə yazdığım yazı,
O Babək qalası, bu Qız qalası,
Hər daşın altında sərvətim, zərim,
Boğçada cehizlik mirvarilərim,
Lap o gümüş camım, zərli fincanım,
Dünyanın behişti Azərbaycanım
İştaha gətirdi qəsbkarları,
Yağlı quyruq gəzən canavarları.
Kəsildi bağlarda bülbülün səsi,
Yad atlar tapdadı, bağı, bostanı.
Yazıldı "Gülüstan müqaviləsi"
Pozuldu yurdumun min gülüstanı.
Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılar sülh qərarını.
Tikanlı məftillə sarıdı onlar
Böyük bir millətin yaralarını.
Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al-qan oldu
O sahildə, bu sahildə.
Ölkə yandı, Vətən yandı,
Qızıl pultək xırdalandı.
Dövlət getdi, var talandı
O sahildə, bu sahildə.
Bir-birindən cüda düşdük,
Diri gözlü oda düşdük.
Biz yadlara neyləmişdik
O sahildə, bu sahildə.
Füzulim bir qəmli neydi,
O birdəmi qara geydi?
Yarasına kimlər dəydi
O sahildə, bu sahildə?
"Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryanım.
Oyadar xəlqi əfqanım"
O sahildə, bu sahildə!
Ürək dustaq, Vətən məhbəs,
Hanı Babək, Cavanşir bəs?
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildə!
Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin bir can olsun
O sahil də, bu sahil də.
1960
Söhrab Tahir
Daha
Dərdi dərd olmuşdur elin də mənə,
Ağladım bir naşı güləndə mənə,
Heç kəs ağlamasın öləndə mənə,
Mən heç vaxt, heç zaman ölmərəm daha.
Azad qardaşım var, onunla xoşam,
Mən gərək sahili sahilə qoşam.
İki bölünməkdən elə qorxmuşam
Çöpü də ikiyə bölmərəm daha.
Dənizlər, dəryalar mənə dayazdır,
Ən dərin bir çay var, o da Arazdır.
Mənə görüş verin, azadlıq azdır
Görüşsəm ayrılıq bilmərəm daha.
Mənim səadətim hardasa itdi,
O asan gəlmişdi, asan da getdi,
Mənə nə etdisə səadət etdi,
Bədbəxt səadətə gülmərəm daha.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!