Yeriyir
Dağları qalxana dönüb,
Başındakı çən yeriyir.
Yağı düşmənin üstünə
Yeriyir Vətən, yeriyir.
Əməlləri möcüzəli,
Dağ vüqarlı, dağ cüssəli,
Səsi Koroğlu nərəli
Gör, neçə Rövşən yeriyir.
Sıyrılıb, çıxıb qınından,
Alov püskürür qanından,
Türk oğlu həyəcanından
Yerə-göyə tən, yeriyir!
İgidlər Şuşada ağac əkirlər
Nə gözəl mənzərədi. Dünən canı-qanı bahasına torpağı azad edən oğullar, Şuşada ağac əkirlər. Hayların torpağa dəymiş pisliyini təmizləmək üçün.
Pozulur torpağın qəm naxışları,
Buludlar göyləri söküb tökürlər.
Dünən yağılara ölüm əkənlər,
İndi də Şuşada ağac əkirlər.
Təbiət adamı elə çəkir ki,
Elə bil oyanıb ruhu dağların.
Balasına həsrət analar kimi,
Çəkilib gözündən yuxu dağların.
Meşələr getməyib qış yuxusuna,
Bir yaz sevinci var baxışlarında.
Elə bil yaşamaq ümidi artıb,
Mərmi parçalamış ağacların da.
Gedir yavaş-yavaş həsrətin dağı,
İgidlər dağlardan qovub yağını,
İlahi, köksünə basıbdı Şuşa,
Qoşa dalğalanan türk bayrağını.
Çoxdan qatarına əl eləmirdik,
Qalmışdı yaddaşın son baharında,
Yəqin ki, gələn yaz dönüşü başlar,
Şuşa tərəflərə durnaların da.
Gəlib ruhumuzu yağmalamışdı,
Nəğmə beşiyimə yiyə çıxanlar.
Yığıb həndəvərə, əli qanları,
Məkrdən, ədadan göyə çıxanlar.
Tanıdıq dünyanı, yaxşı tanıdıq,
Yaddan ümidimiz üzülməlidi.
Vətən torpağına uzanan əllər,
Elə yerindəcə kəsilməlidi.
İndi hər zərrəsi, basılmaz qala,
Uğrunda nə qədər igid, ər gedib.
Bu millət son dəfə gəlib özünə,
Sonuncu döyüşə səfərbər gedib.
Dünən qan varıydı, qada varıydı,
İndi havalanan ümid səsidi.
İgidlər Şuşada ağac əkirlər,
Hər ağac bir şəhid xatirəsidi.
Əsgərə məktub
Sənin hər zəfər anın,
Millətin dik duruşu...
Bayrağın ucalığı,
Vətənin qurtuluşu, -
Salam, igidim, salam.
Səngərlərdə soyuqdu,
Dağda qar havası var.
Səni ora kökləyən,
Bir millət savaşı var,
Bir Vətən davası var.
Susduq əsrlər boyu,
Susduq - Vətən kiçildi.
Babək dara çəkildi,
Xətaidən keçildi...
Biz heç qan istəmədik,
Qanlarımız içildi...
Gecələr Ay işığı,
Düşüncənə səkməsin.
Bir gözəlin həsrəti,
İçinə qəm əkməsin.
Öndə namərd yağı var,
Vur, tətiyi çəkməsin.
Hünərim, gücüm, tabım -
Qalam igidim, salam.
Dünya həmin dünyadı,
Xəyanəti ortada.
Sənə, mənə tuşlanan,
Kin-nifrəti ortada.
Bu Vətənə tuşlanan
Pis niyyəti ortada...
Kökün qeyrət timsalı,
Kökün üstə dik dayan.
Düşməndi dörd yanımız,
Həmişə çevik dayan.
Tanrı qeyrət yükünü
Hər yetənə yükləməz.
Gücümüz çatmayanı,
Sənə, mənə yükləməz.
Bu ad ki, üstündə var,
Bu sənə düşən haqdı.
Bu Vətən bütövlüyə,
Sənlə yol alacaqdır.
Salam, igidim, salam,
Şuşam, Ərkim, Əlincəm, -
Qalam igidim, salam.
Əsgər məktubu
Salam, ana, necəsən?
Mən yaxşıyam, burdayam.
Vətən harda istəyib -
Ön sırada - ordayam.
Dağlar kimi kəsmişik,
Namərdlərin önünü.
İtirib bu soysuzlar,
Yöndəmini, yönünü.
Qarabağda payızdı,
Hər yer günəş rəngində.
Torpaq həsrət içində,
Göylər atəş rəngində.
Bilirsən, nə yaxşıdı,
Buraların havası.
Həm təbiət gözəldi,
Həm də Vətən davası.
Bilirəm, mən gedəli,
Bir az qayğınız artıb.
Heç fikir eləməyin,
İçinizə dərd atıb.
Ovqatı durudumu,
Kənddəki uşaqların?
Ağrınızı çiləyin,
Üstünə ocaqların.
O seçdiyin qız ki var,
Qoy, bir azca gözləsin.
Hər gün bir xoş xəbərlə,
Həsrətini üzləsin
Ana, hər şey yaxşıdı,
Sən istəyən kimiyəm.
Bu Vətən savaşında
Elə Vətən kimiyəm.
Nadir Azayoğluna
Azayoğlu, gözlərindən öpürəm,
Bəlkə gedək, bir çay içək Laçında.
Yolu-izi təmizləyir, igidlər,
Yaşamağa bir az köçək Laçında.
Unudarıq, ağrısını illərin,
Buludlara yenə dəyər əllərin,
Qoxusuna baş qoyarıq, güllərin,
Hər yamacı çiçək-çiçək Laçında.
Sığınarıq vüqarına dağların,
Baş əyərik ilqarına dağların,
Söz qoşarıq baharına dağların,
Duyğuları gözəl-göyçək Laçında.
Düzdü, hərdən xiffətinə varırıq,
Könlümüzü nifrət ilə sarırıq,
Əbəs yerə sinəmizi yarırıq,
Qalan deyil sarı böcək Laçında.
Bu payız
Bu payız ləngidi yağan yağışlar,
Ümidlər yollara əkildi deyə.
Bu payız səmadan ulduz axmadı,
Şəhidlər göylərə çəkildi deyə.
Bu payız torpağın rəngi dəyişdi,
Çimdi son çiçəklər şəhid qanında.
Bu payız göylərə tən oldu millət
Vətənin sonuncu imtahanında.
Elə ürəyimiz səksəkədəydi,
Nə qədər yaşayar ürək, can belə,
Hər gün xəyalımız gəzib gəlirdi,
Kəlbəcərdən belə, Şuşadan belə.
Çoxumuz çıxmırdıq adam içinə,
Sükut bürümüşdü el arasını,
Elə dolanırdıq ölü ruh kimi,
Ağlayan yoxuydu ruhun yasını.
Bu payız dəyişdi ruhun ovqatı,
Tanrının əlinə yetdi əlimiz,
Bəlkə də min illər oxunacaqdır,
Bizim son işimiz, son əməlimiz.
Yağının bağrını elə yardı ki,
Cahanı titrətdi qurd ağızlılar.
Hilallı bayrağı göylərə çəkən,
Vətən sevdalılar, yurd ağızlılar.
Bu payız milyonlar bir yumruq oldu,
Bu savaş hamının qeyrət işiydi.
Bu payız lallığa uymuş dənizin,
Dünyaya dalğalı nümayişiydi.
Fəqət, bu davalar hələ bitməyib.
Hamı bir könüldə gərək can olsun.
Bu gün igidlərin yazdığı tarix,
Zəfərli sabaha ərmağan olsun.
Çoxu elə bilir...
Çoxu elə bilir asandı dava,
Çoxu elə bilir qan ucuzlaşıb.
Hərənin dilindən bir avaz gəlir,
Hünər ucuzlaşıb, can ucuzlaşıb.
Orda hər döyüşün min qadası var,
Yollardan həsrəti dərir oğullar.
Vətənin bağrına dəyməsin deyə,
Köksünü gülləyə verir oğullar.
Burda oturmuşuq isti odada,
Könlümüz oxşayır qızıl payızı.
Orda rahatlığın adı xəyalda,
Qayalar əsgərin daş çarpayısı.
Elə bir şər ilə üz-üzəyik ki,
Hər yanda oxşarı, havadarı var.
Hərdən üstümüzə sərib qoruyur,
Yaxşı ki, Tanrının qanadları var.
Gör neçə illərlə çəkdik həsrəti,
Hara əl uzatdıq əlimiz yandı.
Birinə dost dedik, birinə dindaş,
Kaş ki, deməyəydik, dilimiz yandı.
Biri tülkü deyir, digəri dovşan,
Düz deyin, düşmənin öz ünvanı var.
Hər daşın altında neçə "niyyət"i,
Hər daşın altında neçə "can"ı var.
Düşmənin böyüyü, kiçiyi olmaz,
Qəsdinə durubsa, yağı yağıdı.
Yüz illər hər kəsə inanmağımız,
Bu gün bu millətin sinə dağıdı.
Gərək unutmayaq, gərək susmayaq,
Bu millət sevərək haqdan var olub.
Dünyada nə qədər güc mərkəzi var,
Hamısı qan üstə bərqərar olub.
Asan görünməsin, savaş kimsəyə,
Hər qarış torpaqda qanımız bitib.
Çoxu elə bilir asandı dava,
Elə bil çoxunun yaddaşı itib.
Elbariz MƏMMƏDLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!