Allahın yanındayam, Ana
Salam, Ana!
Nigaran qalma məndən,
Allaha əmanət etdiyindən,
Allahın yanındayam...
Üfüq ağappaq,
Günəş süd rəngindədir,
burda...
Şəfəqləri əllərin yerinə
yaramı oxşadıqca sağalmışam.
Evim çiçəklərdən,
Libasım dualardan tikilib.
Yurdun dağlarına
Sancıb gəldiyim
bayraq dalğalandıqca
çiçək evimə rahatlıq gətirir...
Ana, Şəhidlik
Tanrı mükafatıymış,
çoxu sənin payına düşmüş.
Sən öyrətdiyin yol
bura gətirdi məni.
"Cənnət anaların ayağı altda" deyincə,
ayaqlarına əyilib yığdığım öyüdlərdən
mələklər başıma tac qoyublar, indi...
Ana demə, sənə bir gəlin gətirmədim,
Mən zümrüd gözlü,
Qara telli Qarabağı sevdiyimdən,
Könlümdə heç bir qıza yer vermədim.
Leyladan başqa,
Məcnunun kimsəni
Sevə bilmədiyi kimi...
Allahın yanındayam, Ana!
Dualarımın qanadları var burda...
Bir ağız duam yetişincə,
Bir damla qanım tökülən torpaqdan,
çinar boylu,
dəli-dolu, Vətən sevdalı,
min-min oğul göyərəcək.
Allahın yanındayam, Ana!
Vətən üçün döyüş
Tanrıdan buyruqmuş,
Haqq yolunda cihadmış,
Vətən qurban diləyəndə
Demə, Allah ən çox sevdiyini
çağırarmış...
Dostlarım Şuşaya bayrağı,
Adımı anıb sancdığı gün
Adım Vətən olacaq!
Cənnətdən, ağappaq
Üfüqlü məkandan,
Üçrəngli bayraqlı elimə,
sənə yazıram,
Nigaran qalma, Ana!
Allahın yanındayam!
Şəhid məktubu
Naxçıvan şəhidlərini analar
qırmızı xonça bəzəyərək qarşılayıblar.
Sərhəd analarından düşmənə bir də
ölümcül atəş belə açıldı...
Xonça xoş xəbər müjdəsi,
Şükür anam, mən qayıtdım
Ruhum yurdun eşq dastanı,
Mən torpağa qayıtdım.
Sən sərhəd anasısan,
Düşmən ağlar görməsin.
Mən bayraqla qayıtdım ki,
Yurd üstə bayraq yüksəlsin.
Qurşun, güllə yağışında
Duan zəfər çətrim idi,
Hər qarış alınan torpaq,
Ay ana cənnət ətridir.
Sinəmdə açılan güllə,
Məndən zəfər müjdəsidir.
O qıza de, yas tutmasın
Sevgim, eşqim əbədidir.
Xilaskar kimi gələrəm,
O gözəlin yuxusuna
Kədəri yığsın üzündən,
Baxsın dağın duruşuna.
Qoy savaş bitdiyi yerdə
Şum başlasın, ev tikilsin.
Toylar sərhəddə çalınsın,
Düşmənin gözü tökülsün.
İndi sənə çox yaxınam,
Torpağam, çinaram, göyəm
Hər gün duanda haqq səsi,
La İlləllah kəlməsiyəm.
Xonça müjdəli ömrün,
Davamı zəfərdən başlar.
Sərhəd qalasına dönən
Oğuldan yurdu güc alar.
Darıxanda göylərə bax,
Səməndər quşuyam indi
Qanadım yer, göy arası,
Nəğməm Vətən sevgisidir.
Əsgər xanımına
Göz yaşını sil, ay gözəl,
Duyuq düşər ayrılıqlar.
Ala gözlərin yaşını
Göylərə çəkər yağışlar.
Bu payız, döyüş günündə,
Bil, cəbhə də, ev də səngər
Sən yollara ümid səpsən,
Dualardan yol göyərər.
Əli qoynunda durma ki,
Gedənin küsər səndən.
Belə hönkürüb ağlama
Ömrüm düşər əllərimdən.
Otuz ildir səbr üzmüşdü,
Bir də sən üzmə qəlbimi
Gedənin zəfərlə dönər,
Sevinc udar dərdlərini.
Evin qala bilir əsgər,
Ağlama, nigaran qalar.
Payızdı, durnalar köçür,
Səndən xəbər apararlar.
Sil gözün yaşını, bil ki,
Bayraq ucalığı sevgin.
Dur süfrə aç, sevinc payla,
Qayıdır qalib əsgərin.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!