Dəniz fənəri olsaydım - Volfqanq Borxert

İtirilmiş nəslin nümayəndəsi olan Borxert (1921-1947) - alman şair, yazıçı, dramaturqdur. İyirmi yaşında orduya çağırılıb, Qərb cəbhəsində vuruşub. Müharibənin bütün ağrı-acısını yaşayıb. Yaralanıb, iki dəfə həbs edilib, difteriyaya tutulub. 1945-ci ildə ordudan tərxis olanda artıq ölümcül xəstələnib. Ölənə qədər aclıqla mübarizə apara-apara dayanmadan yazıb. 1947-ci ildə Bazel şəhərindəki xəstəxanada ölüb. Ölümünün səhəri günü Hamburqda ən məşhur əsərinin - "Qapı dalında" pyesinin premyerası baş tutub.

Sağlığında çap olunan yeganə kitabından - "Gecə, fənər və ulduzlar" kitabından bir neçə şeiri təqdim edirik.

 

 

Fənər olmaq

 

Dəniz fənəri olsaydım

gecələr, ya da fırtına vaxtı

işıq salardım balıqlara,

gəmilərə və qayıqlara -

çox heyif ki, mən özüm

batmaq üzrə olan gəmiyəm!

Fənər olmaq arzusu

 

Mən öləndə

heç olmasa

fənər olsam

qapında dayansam

qaranlıq gecəni

aydınlaşdırsam.

 

Və ya limanda

gəmilər yatanda

qızlar gülüşəndə

yatmasam;

dar, çirkli bir kanalda

tənha bir adama göz vursam.

 

Dar küçədə

assalar məni -

qırmızı dəmir fənər

bir meyxana qabağında

düşüncə içində

mahnıların ritmində

yellənsəm.

 

Ya da bir uşağın

ətrafındakı yalnızlığı hiss edib qorxanda

yandırdığı fənər olsam;

bayırda, şüşələrdə isə

fırtına səsi,

kabuslar, cinlər, damdabacalar.

 

Hə, heç olmasa

öləndə

fənər olsam

tənha gecələrdə

dünya yuxuya gedəndə

göydəki Ayla

söhbət etsəm.

 

Gecə nəğməsi

 

Nə üçün, ah, nə üçün

Günəş batır axşamlar?

Yat, gözəlim, gözəl yuxular gör;

Bu, yəqin, qaranlıq gecəyə görədir:

Günəş çıxıb gedir.

Nə üçün, ah, nə üçün

Belə kimsəsiz görünür şəhərimiz?

Yat, gözəlim, gözəl yuxular gör;

Bu, yəqin, qaranlıq gecəyə görədir:

O da yatmaq istəyir.

 

Nə üçün, ah, nə üçün

Fənər belə yanır?

Yat, gözəlim, gözəl yuxular gör;

Bu, yəqin, qaranlıq gecəyə görədir:

Belə gur işıq saçır.

Nə üçün, ah, nə üçün

Bəziləri əl-ələ tutub gəzir?

Yat, gözəlim, gözəl yuxular gör;

Bu, yəqin, qaranlıq gecəyə görədir:

Onlar əl-ələ gəzir.

 

Nə üçün, ah, nə üçün

Ürəyimiz belə balacadır?

Yat, gözəlim, gözəl yuxular gör;

Bu, yəqin, qaranlıq gecəyə görədir:

Biz belə tənhayıq.

 

Əfsanə

 

Hər axşam qəmli-qəmli gözləyir o qız

Yalnızdır o, xoşbəxtlik arzusundadı.

Yuva qurub gözlərində kədər

Sevgilisinin yolunu gözləyir.

 

Küləkli, qaranlıq gecələrdən birində

Qız özünü sehrlədi - fənərə döndü.

Xoşbəxtdir indi fənərin altında

Səni sevirəm - deyən adamlar.

 

Volfqanq Borxert

Tərcümə etdi: Həmid PİRİYEV


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!